
“İsrailin Qəzza zolağına qarşı təcavüzünün davam etməsi bütün bölgəni nəzarətdən çıxaracaq”.
Gununsesi.info xəbər verir ki, bunu Fələstinin HƏMAS hərəkatının Siyasi Bürosunun sədri İsmayıl Haniyə deyib.
O, ərəb və İslam ölkələrini silah və vəsaitlə hərəkata dəstək verməyə çağırıb.
“Qəzzada müqavimət davam edir. Mən ərəb və İslam xalqlarını bu müqaviməti pul və silahla dəstəkləməyə çağırıram”, – deyə Haniyə videomüraciətində bildirib.
HƏMAS lideri vurğulayıb ki, “Həmas da daxil olmaqla Fələstin ərazisində fəaliyyət göstərən bütün müqavimət hərəkatları milli azadlıq hərəkatlarıdır və məqsədi xalqlarının və torpaqlarının azad edilməsidir”.
Oktyabrın 7-də səhər saatlarında HƏMAS-ın hərbi qanadı İzzəddin əl-Qəssam briqadaları İsrailə qarşı “Əl-Əqsa” tufanı əməliyyatının başladığını elan edib. Qəzza zolağından İsrailə doğru minlərlə raket atılıb, silahlı qruplar İsrail yaşayış məntəqələrinə daxil olub.
HƏMAS bildirib ki, əməliyyat işğal altındakı Şərqi Qüdsdə Əl-Əqsa məscidinə hücuma və İsrailin fələstinlilərə qarşı artan zorakılığına cavabdır.
Buna cavab olaraq İsrail ordusu Qəzza zolağında HƏMAS-a qarşı onlarla döyüş təyyarəsindən istifadə edərək “Dəmir qılınclar” əməliyyatına başladığını elan edib.
İsrail-Fələstin münaqişəsinin gərginləşdiyi vaxtdan indiyədək 1400-dən çox israilli həlak olub.
Gununsesi.info