“Həmin videolarla bağlı faktlar beynəlxalq təşkilatların diqqətinə çatdırılıb”

Ombudsman Aparatı Ermənistanın Azərbaycana qarşı müharibə cinayətləri barədə bəyanat yayıb.

“Qafqazinfo” qurumun Mətbuat xidmətinə istinadən xəbər verir ki, bəyanatda Ermənistan silahlı qüvvələrinin davamlı olaraq beynəlxalq hüquq, beynəlxalq humanitar hüquq normalarının, o cümlədən müharibə qurbanlarının müdafiəsi haqqında 1949-cü il tarixli Cenevrə Konvensiyalarının tələblərini kobud şəkildə pozduğu bildirilib.

HTML tutorial

Qeyd edilib ki, Ermənistan ordusu azərbaycanlı mülki şəxslərə, hərbi qulluqçulara, xüsusilə də yaralılara və həlak olmuş şəxslərə qarşı işgəncə və insanlıq əleyhinə əməllərlə müşahidə olunan müharibə cinayətləri törətmiş, bu kimi cinayətləri hələ də törətməkdə davam etməkdədir:

“Son günlər sosial şəbəkələrdə yayılmış videolarda erməni hərbçiləri tərəfindən həlak olmuş azərbaycanlı hərbçilərə münasibətdə törədilən qeyri-insani əməllər deyilənləri bir daha sübut edir.

Birinci və İkinci Qarabağ müharibələri zamanı erməni hərbi qulluqçular tərəfindən azərbaycanlı hərbi əsirlərin yaxın məsafədən başlarına, ürək nahiyələrinə atəş açmaqla qəddarcasına qətlə yetirilməsi, hərbçilərinin cəsədlərinin qarət olunması, hissələrə doğranması, insanlığa sığmayan hərəkətlərə yol verilməklə  işgəncə və təhqirə məruz qalması ilə bağlı çoxsaylı faktları təsdiq edən xeyli sayda video mövcuddur.

Vətən müharibəsi dövründə bir sıra sosial şəbəkədə hərbi qulluqçularımıza qarşı törədilmiş müharibə cinayətlərini əks etdirən həmin videolarla bağlı faktlar Ombudsman tərəfindən toplanaraq müraciət, bəyanat və hesabatlar formasında beynəlxalq təşkilatların diqqətinə çatdırılıb və bu proses müntəzəm şəkildə davam etdirilməkdədir.

Azərbaycana qarşı əsassız ərazi iddiaları irəli sürməklə bərabər irqi, etnik, dini zəmində kəskin nifrət siyasəti həyata keçirən Ermənistan ölkəmizə qarşı müharibə cinayətlərinin qarşısını almaq və əvvəllər törədilmiş cinayətlərə görə təqsirkar şəxslərin məsuliyyətə cəlb edilməsi istiqamətində əməli tədbirlər görmək əvəzinə, xalqlar arasında qarşıdurmaya səbəb olan təxribatlara yol verməklə regionda təhlükəsizliyə və sülhyaratma prosesinə maneə yaradır.

Təəssüflər olsun ki, Azərbaycandan fərqli olaraq Ermənistan  tərəfi bu kimi faktlarla bağlı heç bir araşdırma aparmır və bununla da üzərinə düşən beynəlxalq öhdəlikləri yerinə yetirmir.

Bu faktları BMT, Avropa İttifaqı, Avropa Şurası və onların qurumlarının, digər səlahiyyətli beynəlxalq və regional təşkilatların diqqətinə bir daha çatdıraraq, Ermənistanın Azərbaycana qarşı törədiyi sülh və insanlıq əleyhinə cinayətləri törətmiş şəxslərin məsuliyyətə cəlb olunması ilə bağlı hüquq müstəvisində təcili tədbirlər görməyə çağırırıq”.

Gununsesi.info