Həmkarları Sərxan Kamallını belə xatırlayır - Həyatda elə insanlar var ki, illərlə görməsən də sözü-söhbəti qulağından getmir

  • By admin
  • 17 İyun 2024 13:52

Azərbaycan jurnalistikası daha bir gənc simasını – Sərxan Kamallını itirdi.

ANS televiziyası dönəmindən tanıdığımız  gənc həmkarımız   iki gün əvvəl düşdüyü komadan çıxa bilmədi.

Peşəkar jurnalist olması ilə bərabər insani keyfiyyətləri Sərxana böyük hörmət qazandırmışdı.

Məhz bu səbəbədəndir ki, bugün sosial şəbəkələrdə hamı onun itkisindən yazır.

Gununsesi.info Sərxan Kamallının ölümü ilə bağlı həmkarlarının sosial şəbəkədə yazdığı qeydlərini təqdim edir:

 

Vüqar Hüseynov:

Natiqin bizə qazandırdığı, həyatın amansızca üstündən xətt çəkdiyi Sərxan, heyf səndən. Gecə saat 2-də Elnurla danışıb, xoş xəbər eşitmək istəyirdim. “Komadan çıxması möcüzə olar” desə də, ikimiz də nəyəsə ümidli idik elə bil… Möcüzə olmadı…
Jurnalistika sənət deyil, ömür çürütməkdir. Bu sənətdən tək qazandığımız dostlardır, onları da bir-bir itiririk.
 Dilimə gətirmək istəmədiyimi Fərid Azəri yazıb. Natiqi torpağa tapşıranda deyəsən, Elşad çəkmişdi bu fotonu.
Fotodakılardan Sirac, Emil, Sərxan artıq yoxdur. Biri də yox kimidir…. Allah hamısına rəhmət eləsin, ruhları şad olsun!
 Sərxan APA TV-dən sayca beşinci itkimizdir. Hamısı da eyni yaşda köçür, dünyadan… 40, 41, 42… Dünən Turalın vəfatının ildönümü idi, bu gün Sərxanı torpağa tapşıracağıq.
Ruhun şad olsun, Sərxan, bəlkə o dünyada bir az dinclik tapasan.
ƏFSANƏ MEHDİYEVA:
Həyatda elə insanlar var ki, illərlə görməsən də sözü-söhbəti qulağından getmir. Mehribanlığı, saflığı onu sənin üçün həmişə əziz edir. Sərxan, sən də həmişə bizim üçün belə olmusan, belə də qalacaqsan! Biz hamılıqla səni gözəl xatırlayacağıq. Bu gün də ürəyimiz sənin üçün yandı…
Getdiyin yer CƏNNƏT olsun!
JALƏ HƏSƏNLİ:

İctimai TVdə qazandığım ən yaxşı dostlardan biri də Sarkhan Kamalli oldu. Qapıdan içəri girən kimi gülərüzlə, mehribanlıqla “Qaqan gəldi” deyirdi.

Çox savadlı, qayğıkeş, abırlı adam idi Sərxan. Daim çalışırdı, tələsirdi. Ev almaq üçün, övladlarını daha yaxşı gələcəklə təmin etmək üçün tələsirdi. Növbədən çıxıb saytda işləməyə gedirdi, oradan çıxıb başqa bir sayta məqalə verirdi.

Hər yer üçün, hər şey üçün çox çalışırdı, bir sağlamlığı üçün çalışmırdı…

Yüksək təzyiqlə, gözləri qıpqırmızı gəzirdi. Ay Sərxan, bir az istirahət elə deyəndə də “borcları bağlamaq lazımdır, heç nə olmaz, harada qırılar, qırılar” deyib gülürdü.

Qırıldı, Sərxan… Özü də  41 yaşında qırıldı… O qədər yaşamağa layiq idin ki… O qədər yaxşı insan idin ki… Dünən xəstəxananın qapısına ümidlə baxırdım ki, bir gün oradan salamat çıxacaqsan və deyəcəksən ki, qaqan gəldi, qaqan ölməyib ki…

Çox təəssüf edirəm, mənim böyük qardaşım.

Məkanın cənnət olsun!

AFƏT TELMANQIZI:

 

ANS-in uşaqlarına nə oldu? Niyə yarı yol, yarı mənzil olduq?

Bu artıq neçənci?

Ədəb-ərkanlı, sakit təbiətli qardaşımız Sərxan möcüzə gözlədik, amma olmadı.

Nur içində yat əziz qardaşımız.

LƏMAN ƏLƏŞRƏFQIZI:

 

Sərxan Kamallını dualarımız xilas etmədi. Alın yazısı deyə bir şey varmış. Sərxanın da alın yazısı 41 yaşında insult səbəbindən bu dünyanı tərk etməkmiş. Sərxanın “İç xəbər”in otağına gəldiyi gün yadımdadır. “Qız kimi həyalı” ifadəsi elə bil onun boyuna biçilmişdi.Asta danışan, danışarkən təbəssümü üzünü tərk etməyən Sərxan dünyanı da beləcə sakit tərk etdi.
Atası rəhmətə gedəndə Yevlaxda evlərində olmuşduq.Anasına başsağlığı vermişdik. Bu dəfə Sərxanın dəfninə gedə bilməyəcəm.Ciyəri yanan anasının, gənc yaşında dul qalan həyat yoldaşının, üç balasının gözünə baxmaq əziyyətindən məni Rusiyada olmağım xilas elədi.
“İç xəbər”in uşaqları mənə öz doğma balalarım kimi olub. Çünki, əksəriyyətinin təqdimatını məndən istəyiblər. Amil Hacıyev, Rəşad Abbasov, Anar nəcəfli, Kamran Mahmudov, Sərxan Kamallı və s.
Hər birinin əlindən tutmuşam. Gah əsəbləşmişik, gah gülmüşük, nəticədə ortaya məhsul qoymuşuq. Həm də qıvraq bir komanda. O komandanın uşaqları sonralar da ayrı-ayrı televiziyalarda öz sözünü deyiblər. Amma mənim gözümdə onlar həmişə iç xəbərçilərdir.
Natiq Qədimovun  açdığı cığırla indi də Sərxan getdi…
Çox məyusam, çox kədərliyəm.
Həm də bir-birimizi ANS-dən sonra itirib-axtarmadığımız üçün, dərd-səri ilə maraqlanmadığımız üçün.
Tanrı dağında görüşənə qədər, Sərxan
Hazırladı:
Günay Mahirqızı
Gununsesi.info