“Ədalətli həmsədr kimi Dağlıq Qarabağ münaqişəsinin ədalətli və davamlı həllinə gətirib çıxaracaq dinamika yaratmaq ümidi ilə fəal çalışacağam”.
Gununsesi.info xəbər verir ki, bunu Ermənistan mətbuatına müsahibəsində ATƏT-in Minsk qrupunun Fransadan olan həmsədri Stefan Viskonti deyib.
“Qafqaz regionu ilə çoxdan tanışam. Ermənistan, Azərbaycan və Gürcüstana ilk səfərimi 1999-cu ildə – tələbə olarkən səyahətə çıxdığım zaman etmişəm. Regionun zəngin və qeyri-sabit tarixini araşdırmışam və burada yaşayan bütün xalqlara qarşı heyranlıq və yaxınlıq hiss edirəm”, – deyə həmsədr deyib. O əlavə edib ki, 1997-2002-ci illərdə Fransanın baş naziri Lionel Jospenin beynəlxalq məsələlər üzrə müşaviri olan zaman ATƏT-in Minsk qrupunun işi ilə təmasda olub.
S.Viskonti eyni zamanda ATƏT-in Minsk qrupunun həmsədrlərinin regiona səfərinin dəqiq tarixinin hələ bilinmədiyini vurğulayıb: “Çox güman, həmsədrlər tərəflərlə məsləhətləşmələr aparmaq üçün yazda regiona səfər edəcək”.
Gununsesi.info