“Həmsədrlərin son bəyanatı bilavasitə işğalçı Ermənistanın maraqlarına uğyundur” - SEVİNC FƏTƏLİYEVA

  • By admin
  • 25 May 2017 11:19

sevinc1

Son zamanlar Ermənistanın təxribatı nəticəsində Qarabağ cəbhəsində yaranmış gərginlik kritik həddə çatıb. Beynəlxalq ekspertlər belə, cəbhə xəttində hər an müharibənin alovlanmasını istisna etmirlər. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçilik missiyasını həyata keçirən ATƏT-in Minsk Qrupu həmsədrləri son hadisələrə isə adekvat reaksiya vermədilər. Həmsədrlər ermənilərin ciddi təxribatını pisləyib, İrəvanı belə təxribatlardan əl çəkib, danışırlar masasına oturmağı tələb etmək əvəzinə, işğala məruz qalan tərəfi günahkar çıxaran bir bəyanat yaydı. Bu bəyanat isə vəziyyəti daha da gərginləşdirib.

Digər tərəfdən isə həmsədr ölkələrdən olan Rusiya son dövrlərdə Azərbaycana qarşı təzyiqi davam edir. Rusiyadakı qüvvələr iki ölkə arasındakı münasibətləri gərginləşdirmək üçün müxtəlif pressinq siyasətindən istifadə edir. Məhz bunun nəticəsi olaraq Rusiyadakı Ümümrusiya Azərbaycanlıları Konqresinin fəaliyyəti Ali Məhkəmənin qərarı ilə ləğv edilib.

Bu məsələlərə aydınlıq gətirmək məqsədi ilə Gununsesi.info Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyevaya müraciət edib. Millət vəkili Sevinc Fətəliyevanın Gununsesi.info-ya müsahibəsini təqdim edirik.

Sevinc xanım, bildiyimiz kimi bu günlərdə ATƏT-in Minsk Qrupunun həmsədrləri atəşkəslə əlaqədar bəyanat verdilər. Bu bəyanat demək olar ki, işğalçı tərəfin mövqeyinə uyğundur. Bununla bağlı nə deyə bilərsiniz?

– Əlbəttə ki, Azərbaycan ictimaiyyəti tərəfindən həmsədrlərin bəyanatı ciddi etirazla qarşılanır. Bunun üçün də ciddi əsaslar var. Çünki torpaqları işğal olunan, əhalisinin bir hissəsinin məcburi köçkün vəziyyətinə düşən tərəf Azərbaycandır. Məhz Ermənistan dövləti hərbi təcavüz yolu ilə torpaqlarımızı işğal edib və bu gün işğal olunmuş ərazilərimizdə silahlı birləşmələrini yerləşdirib.

Münaqişənin sülh yolu ilə həllində vasitəçilik edən Minsk Qrupunun həmsədrləri isə öz fəaliyyətlərində bu faktı nəzərə almalıdır. Amma təəssüf ki, onlar sadəcə bəyanatlar verməklə kifayətlənir, işğalçı ilə işğala məruz qalan tərəfləri bərabərləşdirir. Bu isə qətiyyən doğru deyil. Onların son bəyanatı isə bilavasitə işğalçı Ermənistanın maraqlarına uğyundur.

Təəssüf ki, dünyadakı ikili standartlar Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə münasibətdə də özünü açıq şəkildə göstərir. Belə ki, dünya dövlətləri və nüfuzlu təşkilatlar bu məsələyə beynəlxalq hüquq normaları çərçivəsində deyil, ikili standartlarla yanaşırlar. Bir sıra regionlarda baş verən separatizm qınaq obyektinə çevrilsə də, Ermənistanın təcavüzkar siyasətinə ciddi reaksiya verilmir. Bu isə Azərbaycana qarşı tətbiq edilən ikili standartların əyani nümunəsidir. Təbii ki, işğalçı Ermənistan bütün bunlardan «ruhlanaraq» münaqişənin həllini uzatmaq üçün müxtəlif bəhanələrlə əl atır.

Amma Azərbaycan dövləti münaqişənin həlli ilə bağlı prinsipial mövqe ortaya qoyub. Bu mövqe ondan ibarətdir ki, işğal olunmuş torpaqlarımız azad edilməli, Azərbaycanın ərazi bütövlüyü təmin olunmalı və məcburi köçkünlər öz yurdlarına qayıtmalıdırlar. Bu hədəflərə çatmaq üçün də dövlətimiz hücum diplomatiyası həyata keçirir. Eyni zamanda, Azərbaycan güclü orduya malikdir. Qürurla deyə bilərik ki, güclü ordumuz cəbhədə düşmənin təxribatlarının qarşısını layiqincə alır. Prezident İlham Əliyev bildirib ki, bu gün bizim ordumuz təmas xəttində vəziyyətə tam şəkildə nəzarət edir. Dövlət başçısı bir daha vurğulayıb ki, azərbaycanlılar tarixi torpaqlarına qayıdacaqlar.

– Son zamanlar cəbhə xəttində baş verən gərginlik Ermənistanın təxribatçı fəaliyyətini davam etdirdiyini, beynəlxalq hüquq normalarına məhəl qoymadığını bir daha nümayiş etdirir. Hazırki vəziyyəti necə dəyərləndirirsiniz? 

– Həmsədrlər münaqişənin həlli ilə bağlı obyektiv münasibət ortaya qoymalıdırlar. Problem beynəlxalq hüquq normaları çərçivəsində həll olunmalıdır. Görünən odur ki, cəbhə xəttində son zamanlar yaranmış gərginlik həmsədrləri narahat edir. Həmsədrlər də yaxşı bilirlər ki, münaqişənin həll olunmamsının əsas  səbəbi Azərbaycan torpaqlarını Ermənistan tərəfindən işğal olunmasıdır. Ona görə də, onlar ilk növbədə erməni tərəfinə torpaqlarımızın azad olunması və dinc insanların öz yurdlarına qayıtmalarının təmin olunması haqda çağırışlar etməlidir. Amma ümumiləşmiş bəyanatlar səsləndirməklə, atəşkəsin bərpa olunması çağırışları etməklə münaqişə həll olunmayacaq. Əgər işğalçı erməni hərbi birləşmələri torpaqlarımızdan çıxarılarsa, onda atəşkəsin pozulmasına da ehtiyac qalmayacaq.

Çox təəssüflər olsun ki, həmsədrlər heç vaxt bəyanatlarında bu məqamı səsləndirmirlər. Son bəyanatlarında da bu reallıq təsdiqini tapdı ki, onların  Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində tutduğu mövqe ikili standartların bariz nümunəsi olmaqla yanaşı, ədalətsiz və riyakar yanaşmadır. Ümumiyyətlə, dünya ictimaiyyətinə yaxşı bəllidir ki, Azərbaycan ərazisinin 20 faizini işğal altında saxlayan, digər dövlətlərə də qarşı ərazi iddialarını davam etdirən Ermənistan beynəlxalq ictimaiyyətin loyal münasibəti və cəzasızlıq mühitindən istifadə edərək beynəlxalq hüquq normalarını heçə sayır.

Ermənistan BMT Təhlükəsizlik Şurasının müvafiq 4 qətnaməsi başda olmaqla nüfuzlu beynəlxalq qurumların qərar və qətnamələrini icra etmir. İşğalçı ölkə, həmçinin ATƏT-in Minsk Qrupunun həmsədrlərinin bəyanatında əks olunmuş status-kvonun saxlanmasının yolverilməzliyi, hərbi əməliyyatlardan çəkinilməsi və münaqişənin sülh yolu ilə həlli təkliflərinə də məhəl qoymur. Beynəlxalq ictimaiyyət Ermənistana qarşı adekvat tədbirlər görməlidir. Çünki beynəlxalq hüquq normaları tam əsas verir ki, Ermənistana sanksiyalar tətbiq edilsin, işğalçı ölkə işğal edilmiş əraziləri boşaltmağa vadar olunsun. Bütün bunlara baxmayaraq, beynəlxalq ictimaiyyət hələ də öz loyallığı ilə Ermənistanın təxribatçı, aqressiv fəaliyyətinə stimul verir. Əslində, beynəlxalq hüququn mühüm keşikçiləri sayılan beynəlxalq təşkilatların, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin həlli ilə məşğul olan ATƏT-in Minsk Qrupunun ərazi bütövlüyü prinsipinə zidd olaraq Azərbaycan torpaqlarında yerləşən və bölgədə gərginliyə səbəb olan Ermənistan silahlı qüvvələrinin ərazidən çıxarılmasını tələb etməməsi onlara heç də başucalığı gətirməyən ikili yanaşmanın aydın təzahürüdür.

– Bu prosesdə Rusiyanın mövqeyini necə şərh edərdiniz?

– Ümumiyyətlə, Azərbaycanın xarici siyasət kursunun əsas məsələsi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ölkəmizin ərazi bütövlüyü əsasında həll edilməsidir. Əlbəttə, Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsinin tərəfdarıdır. Rusiya da münaqişənin həllində vasitəçilik edən ATƏT-in Minsk Qrupunun həmsədrlərindən biridir. Azərbaycan və Rusiya qonşu dövlətlərdir və ölkələrimiz arasında strateji tərəfdaşlıq münasibətləri mövcuddur. Rusiya münaqişənin həlli ilə əlaqədar bir sıra təşəbbüslərlə çıxış edib və bu ölkənin təşəbbüsü ilə dəfələrlə tərəflər arasında görüşlər keçirilib.

Bununla yanaşı Rusiyanın işğalçı dövlətin ərazisində hərbi bazası mövcuddur və Ermənistana silahlar satır. Bu gün Ermənistan Rusiyadan aldığı silahların bir hissəsini işğal olunmuş ərazilərimizdə yerləşdirir. Bu fakt isə vasitəçilik missiyası ilə uyğun gələn hal deyil. Əgər Rusiya həqiqətən də münaqişənin ədalətli həllinin tərəfdarıdırsa, işğalçı Ermənistana təsir göstərməlidir. Əgər belə olarsa, münaqişə tezliklə həl oluna bilər. Çünki Ermənistanın bir çox məsələlərdə Rusiyadan asılı olduğu bütün dünyaya məlumdur.

– Yeri gəlmişkən, Rusiyada fəaliyyət göstərən Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) qeydiyyatı bu ölkənin Ali Məhkəməsinin qərarı ilə ləğv edilib. Bu məsələyə münasibətiniz necədir?

– Təbii ki, bütün Azərbaycan ictimaiyyəti tərəfindən bu qərar ciddi narahatlıqla qarşılanıb. Çünki Rusiyada milyonlarla soydaşımız yaşayır  və ÜAK-ın bu soydaşlarımız birləşdirən böyük bir təşkilatdır. Bilirsiniz ki, bu məsələ bir müddətdir ki, cəmiyyətimizdə müzakirə olunur və həmin qərarın ədalətsiz olduğu birmənalı şəkildə qeyd olunur.

Şübhəsiz ki, belə bir qərarın qəbul olunması müəyyən dairələrin yüksək səviyyədə olan Azərbaycan-Rusiya münasibətlərinə kölgə salmaqdır. Burada erməni lobbisinin də fəaliyyəti xüsusi qeyd olunmalıdır.   Bu qərar iki ölkə arasında strateji tərəfdaşlıq münasibətlərinin ruhuna, xalqlarımızın çoxəsrlik dostluq əlaqələrinin mahiyyətinə tamamilə ziddir. Azərbaycan və Rusiya arasında faydalı əməkdaşlıq əlaqələrinin sürətlə inkişaf etdiyi, xalqlarımızın və dövlətlərimizin qarşılıqlı dəstəyə daha çox ehtiyacı olduğu bir dövrdə qəbul olunmuş bu qərar ölkələrimiz arasında uzun illər ərzində formalaşmış etimada kölgə sala bilər.

Amma bu, son deyil. Bildiyimə görə, hazırda bu qərarla əlaqədar  Ümumrusiya Azərbaycan Konqresi Rusiya qanunvericiliyinə uyğun qaydada müvafiq məhkəmə instansiyalarına müraciət edərək ədalətin bərpa olunmasına çalışacaq. Ümid edirəm ki, ÜAK-ın ləğvi ilə bağlı məhkəmə qərarına qanunvericiliyə uyğun şəkildə yenidən baxılması, tam obyektiv, ədalətli, ölkələrimizin və xalqlarımızın maraqlarına xidmət edən hüquqi nəticənin əldə olunması istiqamətində bütün zəruri addımlar atılacaq. Azərbaycan tərəfi də bütün imkanlardan istifadə edərək ədalətli qərarın qəbul olunmasına çalışır.

Mürtəza Bünyadlı

Gununsesi.info