Video



Maraqlı

Müsahibə

Gündəm

Reportaj

Müxtəlif

Fevral 2018
BE ÇA Ç CA C Ş B
« Yan    
 1234
567891011
12131415161718
19202122232425
262728  

XƏBƏR LENTİ

22 Fevral 2018
21 Fevral 2018

24 May 2016 - 07:11

Hər 100 manatın təqribən 35 manatı ərzağa xərclənirTƏHLİL

“Əhalinin gəlirlərinin 80 faizi son istehlaka yönəlir”

Azərbaycan əhalisi gəlirlərinin təqribən 80 faizini son istehlak xərclərinə yönəldir. Təəssüf ki, böhran başladığı son iki ildə bu statistika yüksək templə artır.

İstehlak xərcləri nədir?

Son istehlak xərcləri qısa müddət ərzində gündəlik təlabatda istifadə olunan ərzaq və qeyri-ərzaq mallarına, kommunal xidmətə yönələn xərclərdir. Uzunmüddətli istehlak xərcləri isə avtomobil, istirahət, kirayə və sair xərclər hesab olunur.

İstehlak büdcəsində isə ailə və şəxsin gündəlik gəlir və xərcləri hesablanaraq, onların mütənasibliyi müqayisə olunur. Dövlət isə bu mütənasibliyi uyğunlaşdıraraq minimum istehlak səbətini formalaşdırır. Dünya praktikasına görə, əhali gəlirinin nə qədər çox hissəsini son istehlak xərclərinə yönəldirsə, deməli həmin ölkədə yoxsulluq bir o qədər çoxdur. Yoxsulluq səviyyəsi yüksəkdirsə, deməli işsizlik səviyyəsi də bir o qədər yüksəkdir.

Azərbaycanda isə sözügedən mütənasiblikdə paradokslar mövcuddur. Belə ki, İqtisadiyyat Nazirliyinin 1 yanvar 2016-ci il məlumatına görə yoxsulluq səviyyəsi 4.9 faizə düşüb.  Lakin Dövlət Statistika Komitəsinin hesabatına görə, elə həmin tarixdə əhalinin gəlirlərinin 72.1 faizi son istehlaka yönəlib. Əgər gündəlik təlabat mallarına yönələn xərclər artıbsa, o zaman yoxsulluq səviyyəsi necə aşağı düşüb?

Müqayisə üçün aşağıdakı şəkilə baxaq:

statist“Statkom”un bu rəqəmləri bəs edir ki, ölkədəki real vəziyyəti dəyərləndirək. Göründüyü kimi, 2013-2014-cü illərin ilk rübündə əhalinin gəlirləri əhəmiyyətli dərəcədə artır,  gündəlik tələbat mallarına çəkilən xərclər isə stabil qalıb. Amma 2014-cü ilin ortalarından etibarən neftin ucuzlaşması bu tempi müəyyən qədər səngidib, istehlak xərcləri isə nəzərə çarpacaq qədər artıb, yığıma yönəlmiş vəsaitlər də azalıb. Hətta son ikidə yığıma yönələn vəsaitlərin 2.6 dəfə azaldığının şahidi oluruq. Ekpsertlərin fikrincə bunun başlıca səbəbi 2015-ci ildə manatın devalvasiyaya uğraması oldu. Belə ki, qiymətlərin bahalaşması xərcləri daha da artırıb, əmanətlərə və kapital yığımına yönəlmiş vəsaitlərin kəskin şəkildə aşağı düşməsinə gətirib çıxarıb. Bu isə yoxsulluq səviyyəsinin artmasının bariz nümunəsidir.

Onu da nəzərə almaq lazımdır ki, əhalinin qazancının strukturunda  2016-ci ilin birinci rübündə vergilər, sosial sığorta xərcləri 9.7 faiz, kreditlər üzrə faiz ödəmələri 2.3 faiz təşkil edir.

İstehlak xərclərinin tərkibini araşdıranda isə məlum olur ki, gəlirlərin böyük hissəsi məhz ərzağa yönəldilir. “Statkom”un təqdim etdiyi istehlak xərclərinin sturkturunu təhlil etdikdə, qazancın 30-50 faiz arasını məhz ərzaq xərcləri tutduğunu görərik. Təbii ki, qeyri-rəsmi olaraq bu rəqəm daha daha yüksəkdir.  Ekspertlərin hesablamalarına görə hər 100 manatın təqribən 35 manatı yanız ərzağa xərclənir.

İqtisadçı ekspert Qalib Toğrulun sözlərinə görə, istehlak xərcləri əhalinin ərzağa, qeyri-ərzağa, xidmətə sərf elədiyi xərclərdir. Bu xərclər həm uzunmüddətli, həm də qısamüddətli istifadə üçün nəzərdə tutula bilər: “Dövlət Statistika Komitəsi əhalinin gəlir və xərclərini ev təsərrüfatları arasında keçirdiyi sorğular əsasında hesablayır. Komitənin istifadə etdiyi metodologiyaya görə, istehlak xərcləri ev təsərrüfatlarının ərzaq məhsullarının, qeyri-ərzaq mallarının və alkoqollu içkilərin satın alınmasına, habelə xidmətlərin ödənilməsinə sərf etdikləri pul xərcləridir. Vergilər, rüsumlar, ödənclər, borcların qaytarılması, alimentlər, qohumlara yardımlar, cərimələr, kreditlərin ödənilməsi, üzvlük haqları və istehlak, yığımla bağlı digər xərclər, habelə ev təsərrüfatının istehsal fəaliyyəti ilə bağlı bütün xərclər (toxum, mal-qara, xammal və s. alınması) istehlak xərclərinə daxil edilmir”.

Onun fikrincə, əhalinin həyat keyfiyyətini qiymətləndirmək üçün mütləq istehlak xərclərinin strukturuna  baxmaq lazımdır. Azərbaycan əhalisi xərclərinin neçə faizini ərzağa, qeyri-ərzağa, ictimai iaşəyə – restoran və kafelərə, otellərə, mədəni ehtiyaclarının ödənilməsinə (kinoya, teatra) və istirahətə xərcləyir?

Q.Toğrul bildirir ki, inkişaf etmiş ölkələrdə xərclərin strukturunda ərzaq xərclərinin payı, adətən, 11-12 faizdən yüksək olmur: “Konkret desək, əhali illik gəlirlərinin ABŞ-da 6,8 faizini, İrlandiyada 7,1 faizini, Sinqapurda 8,1 faizini, Böyük Britaniyada 8,9 faizini, Kanadada 9,1 faizini, Almaniya, Hollandiya və Danimarkada 11,4 faizini, İsveçrədə 11,6 faizini, Finlandiyada isə 12,1 faizini ərzağa xərcləyir.

Əhalinin xərcləri gəlirləri ilə, gəlirlərin səviyyəsi isə həyatın keyfiyyəti ilə birbaşa bağlıdır. Məsələ burasındadır ki, gəliri az olanlar onun əksər hissəsini ərzağa xərcləsələr də, son nəticədə  keyfiyyətsiz ərzaqla qidalanırlar. Əhalinin gəlirləri yüksək olan ölkələrdə ərzağa xərclənən məbləğ daha yüksək olur. Sadə şəkildə desək, gəliri çox olan daha keyifiyyətli və deməli, bahalı ərzaq məhsulları istehlak edir. Ancaq məbləğ yüksək olsa da, faiz ifadəsində, ümumi xərclərdə payı bizdəkindən qat-qat aşağı olur.

Bizim istehlak xərclərinin içərisində ən yüksək paya malik olan ərzaq xərcləridir. Azərbaycanda bir ailənin ərzaq xərcləri orta hesabla 50-60 faiz arasındadır”.

Ekspertə görə, Azərbaycanın göstəricisi yoxsulluq göstəricisidir: “Qəbul edilmiş beynəlxalq normalara görə, gəlirlərinin yarısından çoxunu ərzağa xərcləyən ailə yoxsul, aztəminatlı ailə hesab edilir. Yaşayış minimumu ölkəmizdə yoxsulluq həddi hesab olunur. Bu göstərici və əhalinin gəlirləri əsasında real hesablama aparsaq, bu gün ölkəmizdə yoxsulluq göstəricisi rəsmi elan olunmuş 5%-dən ən azı 5 dəfə çoxdur. Ona görə də, yaşayış minimumu göstəricinə baxmazdan əvvəl əhalinin gəlirlərinin artırlması istiqamətində kompleks tədbirlər həyata keçirilməlidir”.