Heç kim Qarabağ ermənilərinin bu qədər böyük miqyasda və sürətlə Azərbaycanı tərk edəcəyini gözləmirdi. İndi hökumət re-inteqrasiya planını açıqlasa da, yenidən inteqrasiya olunmağa əhali qalmayıb.
Bir yandan 30 illik Qarabağ münaqişəsi vasitəsilə irredentist millətçiliyin nə qədər təhlükəli olduğuna əyani şahid oluruq, digər yandan da qazanılmış hərbi-siyasi üstünlüyün ölkəmizdə irredentist millətçilyi həvsləndirdiyini müşahidə edirik.
30 il əvvəl Kremldəki qərarvericilər dağıdıcı millətçiliklərə şərait yaratmaqla qurucu millətçi ideyaları məhv etdilər. Modern/milli dövlət quruculuğu Qafqazda unuduldu.
Azərbaycan millətçiliyi ötən 30 ildə Əhməd Ağaoğlu və Tobçubaşov mirasından dolma, şəkərbura və muğamat millətçiliyi səviyyəsinə endi.
Ermənilər isə 1915-20-ci illərin faciəsini unutmaq üçün kiçik bir torpağı zəbt etməklə təsəlli tapdılar. İndi ortada milyonlarca zərərçəkən və gələcək vəd etməyən millətçiliklər qalıb.
Hər iki xalqın millətçiləri üçün acınacaqlı dövr başlayır…
Anar Məmmədli
GUNUNSESİ.İNFO