Bu gün Bakıda “Dayanıqlı İnkişaf Məqsədlərinə doğru: davamlı inkişafın və layiqli həyatın təbliği” adlı konfrans keçirilib. Gununsesi.info-nun xəbərinə görə, konfransda çıxış edən baş nazirin müavini Əli Əhmədov ölkədəki durumdan danışıb.
O bildirib ki, hər il Azərbaycanda əhalisi 1,1-1,2% artır: ” Bu da o deməkdir ki, Azərbaycanın əmək bazarına hər il 100 mindən çox yeni iş qüvvəsi daxil olur. Bu, Azərbaycanın mövcud imkanları və Azərbaycanın bütövlükdə əhalisi baxımından yanaşıldıqda kifayət qədər böyük rəqəmdir. Qarşımızda duran əsas hədəflərdən biri budur ki, hər il Azərbaycanda 100 mindən az olmayan iş yeri yaradılmalıdır ki, Azərbaycanda insanlarımızın əmək fəaliyyəti məşğulluğunun təmin edilməsi istiqamətində hökumətin qarşıya qoyduğu məqsədə nail olmaq mümkün olsun. Azərbaycanda əhalinin 45 faizdən çoxu kənd yerlərində yaşayır və kənd təsərrüfatı ilə məşğul əhali bütövlükdə böyük çəkiyə malikdir”.
Baş nazirin müavinin sözlərinə görə, Azərbaycanla Ermənistan arasında olan münaqişə nəticəsində azərbaycanlılar etnik təmizləməyə məruz qalıb: “Azərbaycan ərazisinin 20 faizi Ermənistan tərəfindən işğal olunub, bir milyondan artıq Azərbaycan əhalisi öz yaşadığı yerlərdən məcburi köçkün vəziyyətinə düşüb. Digər tərəfdən, işğal səbəbindən torpaqlarımızın 20 faizi istifadə olunmur. Kənd təsərrüfatı torpaqlarından istifadə olunma əmsalı 1/5 qədər aşağı düşüb. Ermənistan-Azərbaycan, Dağlıq Qarabag münaqişəsi nəticəsində köçkün düşən bir milyondan artıq şəxsin layiqli əməklə təmin olunması Azərbaycan hökumətinin qarşısında böyük vəzifə kimi durur”.
O xatırladıb ki, Dağlıq Qarabağ münaqişəsi nəticəsində azərbaycanlılar etnik təmizləməyə məruz qalıblar: “İnsanlar öz doğma torpaqlarını tərk edib. Bu torpaqlardan köçkün düşən bir milyondan artıq vətəndaşın layiqli işlə təmin olunmasının nə qədər böyük iş olduğunu bilirsiniz”.
O qeyd edib ki, yaxın illərdə Azərbaycan vətəndaşlarının daha keyfiyyətli, layiqli əmək ilə təmin olunması istiqamətində, daha səmərəli addımlar atılacaq.
GUNUNSESİ.İNFO