“Hər şey öz əlimizdədir” - SVANADZE

  • By admin
  • 05 İyul 2017 21:47

1179331641newsphotosvanadzeinterarenajpg
Bu gün “İnter”in baş məşqçisi Zaur Svanadze Avropa Liqasının I təsnifat mərhələsində Serbiyanın “Mladost” klubu ilə cavab oyunu öncəsi mətbuat konfransı keçirib.

Gununsesi.info “Qafqazinfo”-ya istinadən xəbər verir ki, gürcü mütəxəssis matçın keçiriləcəyi “Dalğa Arena”da jurnalistlərin suallarını cavablandırıb.

Svanadze ilk olaraq matça hazırlıq haqda danışıb:

– Öncə Azərbaycan xalqına dünən cəhbədə baş verən olaya, həlak olanların ailəsinə bağlı başsağlığı verirəm. Cavab matçına adi qaydada hazırlaşırıq. Növbəti mərhələyə çıxmağa yaxşı şansımız var və bundan istifadə etmək istəyirik. Yaxşı oyun göstərmək, yaxşı nəticə qazanmaq fikrindəyik. Ancaq unutmayın ki, Serbiya ilə oynayırıq. Onlar isə futbol oynamağı bacarırlar. “Mladost” ciddi rəqibdi. İlk oyunda 3:0 hesabı ilə qalib gəlsək də, hesaba aldanmayaq. Onlar Serbiyada yaxşı qol imkanları yaratdılar. Sadəcə, bundan istifadə edə bilmədilər. Qapıçımız Səlahət Ağayev da yaxşı oynadı.

– 3:0-dan sonra komandanı cavab oyununa motivasiya etmək çətin deyil?

– Düz qeyd etdiniz. Bu, çətinlik yaradır. Futbolçularımız rəqibin yaxşı komanda olduğunu, arxayınlaşmamalı olduqlarını gözəl bilirlər. Əks halda, pis nəticə ola bilər. Hər şey öz əlimizdədir.

– Klub sizinlə yeni müqavilənin imzalanmasını nə vaxt açıqlayacaq?

– Bildiyimə görə, müqavilə hazırdır. Sadəcə onu imzalamaq qalır. Hətta səhv etmirəmsə, bəzi futbolçular da yeni müqavilələr imzalanıb.

– Rumıniyalı müdafiəçiniz Adrian Skarlatakenin ilk oyunda cərimə zərbələrindən vurduğu gözəl qollardan sonra cavab matçında da bununla bağlı xüsusi hazırlıq olacaq?

– Adrian hər məşqdən sonra qalır və bunun üzərində özü çalışır. Nəticəsi də göz qabağındadır. İnsan əlavə məşq edəndə, hər şey mümkündü. “Mladost”da hündürboy, cüssəli futbolçular var və onlar standart vəziyyətlərdən yaxşı istifadə edə bilirlər. Buna diqqət yetirməliyik. Rəqib “ikinci mərtəbə”də təhlükəlidir.

– “İnter”in “İnter Arena”dan çıxarılacağı haqda nə deyə bilərsiniz?

– Bu barədə heç nə deyə bilmərəm. Bütün konsetrasiyanı oyuna yönəltmişik. Bu, bizdən asılı məsələ deyil.

– İlk oyundakı taktiki düzülüş olacaq, yoxsa köhnə sistemə qayıdacaqsınız?

– Hələ yekun qərar verməmişik. Yəqin ki, ilk oyundakı olacaq.

Gununsesi.info