Hər zaman aktual olan mövzu: İctimai və dövlət maraqlarının qorunması - TƏHLİL

  • By admin
  • 16 Fevral 2024 09:32

İctimai və dövlət maraqlarının qorunması hər bir cəmiyyətin başlıca məqsədlərindən biridir. Çünki  ictimai və dövlət maraqları qorunmadan hər hansı inkişafdan danışmaq mümkün deyil. Bu baxımdan, ictimai və dövlət maraqlarının müdafiəsi  hər zaman öz aktuallığını  saxlayır.

Milli Məclisin deputatı İlham Məmmədov Gununsesi.info-ya açıqlamasında bildirib ki, Azərbaycanda ictimai və dövlət maraqlarının müdafiəsi, təbliği  cənab Prezidentin yürtüdüyü siyasətin prioritetini  təşkil edir. “Çünki müasir  dünyada və cəmiyyətlərdə bu məfhum dövlət-vətəndaş münasibətlərinə birbaşa təsir etdiyindən bu sahəyə böyük diqqət yetirilir”, – o qeyd edib.

Deputat   əlavə edib ki, bu gün Azərbaycanın əldə etdiyi uğurların kökündə dayanan əsas məsələlərdən biri də məhz  cənab Prezidentin bu istiqamətdə yürütdüyü siyasətin nəticəsidir: “Cənab Prezidentin özünün də hər  zaman bəyan etdiyi kimi, yürütdüyü siyasətin ana xəttini milli  və dövlətçilik maraqlatı təşkil edib. Milli və dövlətçilik maraqlaırna əsaslanan siyasət Azərbaycan xalqının fundamental dəyər və məqsədlərini, həmçinin insan, cəmiyyət və dövlətin tərəqqisini təmin edən siyasi, iqtisadi, sosial və digər tələbatların məcmusudur. Müasir Azərbaycan sosiumu intellektual əsaslarda formalaşmış modern bir cəmiyyət kimi xarakterizə olunduğundan, o zaman əminliklə qeyd edə bilərik ki, bu gün Azərbaycan cəmiyyəti ictimai maraq və dövlət marağı ictimai, siyasi münasibətlərdə və dövlətlə əlaqələrində nümayiş etdirməyi bacaran, formalaşmış bir yetkin cəmiyyətdir”.

İlham Məmmədov

İ.Məmmədov bildirib ki, dövlət nümayəndələri ilə vətəndaş cəmiyyətinin nümayəndələri arasında təmaslar, qarşılıqlı anlaşma nə qədər çox olarsa, o zaman ortaq maraqlar da bir o qədər artar:

“Azərbaycan Prezidenti İlham Əliyevin dəfələrlə bəyan etdiyi “Bizim siyasətimizin təməlində dövlət maraqları, xalqla iqtidar arasında birlik dayanır”.

Onu da qeyd edək ki, Azərbaycanda dövlət və cəmiyyət maraqlarının mükəmməl vəhdəti ümummilli liderimiz Heydər Əliyevin müəllifi olduğu azərbaycançılıq ideologiyasına əsaslanır. Ümummilli Liderimizin irəli sürdüyü bu konsepsiya dövlət, cəmiyyət maraqları və fərdin mənəvi maraqlarının vəhdəti kimi bütün azərbaycanlıları birləşdirən zəruri, güclü bir zəmin rolunu oynayır. Bu zəmin əsasında inkişaf etməkdə olan müasir hüquqi, milli-dövlət quruculuğu siyasətində “xalq dövlət üçün deyil, dövlət xalq üçün olmalıdır” prinsipi həyata keçirilir. Dövlətin suverenliyinin möhkəmlənməsi üçün milli dövlət maraqları ilə ümummilli maraqlar üst-üstə düşməlidir. Müstəqil, demokratik, hüquqi, milli dövlətlərdə düzgün siyasət yeridildikdə milli və dövlət maraqlarının üst-üstə düşməsi, bu halda şəxsi və ictimai maraq arasında qarşılıqlı tamamlanma üçün şərait yaranması nəzərə çarpır. Məhz bu baxımdan Azərbaycanda mövcud dövlətçilik modelinin ən uğurlu istiqamətlərindən birinin dövlətlərlə bütün sahələrdə münasibətlərdə öz milli maraqlarından çıxış etməsi olduğunu deyə bilərik”.

Deputat qeyd edib ki, yürüdülən düzgün siyasət nəticəsində dövlət və ictimai maraqların uzlaşdırılması,  cəmiyyətin  möhkəm birliyinə nail olunub.  “Bu da öz növbəsində bu gün əldə edilən  zəfərlərin, qələbələrin əsasını qoyub. Azərbaycan  təkcə iqtisadi, ordu cəhətdən inkişaf etmiş güclü, qüdrətli dövlət deyil,  həm də Ermənistanın işğalına son verərək ərazi bütövlüyünü və suverenliiyni bərpa edib. İctimai və milli dövlətçilik maraqlaırnın müdafiəsi, onun təbliği və bu istiqamətdəki siyasətin uğurla davam etdirilməsi növbəti  qələblərimizin əsasını qoyur. Ona görə də bu sahəyə hər zaman diqqət yetirilməlidir”, – deyə o bildirib.

“Müasir dövrümüzdə   güclü ölkənin  yolu, onun  inkişafı ictimai və dövlət maraqlarının müdafiəsindən keçir. Hansı ölkədə ictimai və milli dövlətçilik maraqları uzlaşdırılmırsa, həmin ölkələr, cəmiyyətlərdə çox ciddi  kataklizmlər yaşanır. Bu günümüzdə çox belə halların şahidi oluruq.  Əminliklə qeyd edə bilərik ki,  ölkəmizdə ictimai və dövlət maraqlarına diqqətin nəticəsidir ki, Azərbaycan  davamlı olaraq uğurlara, qələbələrə imza atır.  Hələ  müstəqilliyimizin ilk illərində dövlətimizin üzləşdiyi çox çətin və mürəkkəb dövrdə  Ulu öndər Heydər Əliyev ölkənin xilasını ictimai və dövlətçilik maraqlarının qorunmasında görürdü.  Ulu öndər  vətəndaş cəmiyyəti ilə dövlət maraqlarını uzlaşdıraraq  həm güclü cəmiyyətin, həm də güclü ölkənin qurulmasının  bünövrəsini qoymuş oldu.  Bu siyasət cənab Prezident  İlham Əliyev tərəfindən də uğurla həyata keçirilməkdədir. Bu istiqamətdə keçirilən uğurlu siyasətin nəticəsi olaraq Azərbaycanda ən müxtəlif dünyagörüşü, siyasi görüşünə baxmayaraq, vətəndaşların dövlət maraqları baxımdan  çox ciddi həmrəyliyi, birliyi  formalaşıb”.

Bunu Gununsesi.info-ya açıqlamasında deputat Kamran Bayramov deyib.

Onun sözlərinə görə, Prezident İlham Əliyev milli və dövlət maraqlarının qorunması istiqamətində davamlı xarakter alan  tədbirlər həyata keçirməkdədir. “Çünki ictimai və dövlət maraqları elə bir məsələdir ki, bu proses davamlı və hər dövrun tələbinə  uyğun şəkildə  həyata keçirilməlidir. Bir daha qeyd edirəm ki, müasir dövrümüzdə  dövlətin inkişafında, ölkəyə qarşı gözlənilən ən müxtəlif  fromalı təhlükələrin qorunmasında vətəndaşlarımızın maariflənməsi ən önəmli şərtlərdəndir. Hər bir vətəndaş, siyasi mövqeyindən asılı olmayaraq, Azərbaycan dövlətinin maraqlarını qorumalıdır. Bu, həm də ona görə vacibdir ki, dövlət maraqları müdafiə olunmadan ictimai maraqlar heç vaxt qoruna bilməz. Məhz aparılan təbliğatın nəticəsidir ki, Azərbaycan xalqı, ictimaiyyəti mənəviyyata, mənəvi dəyərlərə, dövlətə, onun atributlarına, simvollarına böyük sayğı göstərir. Dövlətimizin maraqlarına zidd olan, onun təhlükəsizliyini pozmağa yönələn, müstəqilliyinə qəsd etmək istəyən qüvvələrə qarşı Azərbaycan xalqı, ictimaiyyəti hər zaman mübarizə aparıb, bundan sonra da aparacaq. Bu sahədə yürüdülən siyasətin nəticəsi olaraq Xalq-Dövlət-Ordu birliyi formalaşdı ki, bu da  özünü İkinci Qarabağ savaşı  zamanı Ermənistan üzərində parlaq qələbə ilə nəticələndi. Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini  bərpa edə bildi”, – o qeyd edib.

Kamran Bayramov

Deputat əlavə edib ki, cənab Prezident İlham Əliyev fevralın 14-də andiçmə mərasimində də  ictimai  və dövlət maraqlarına toxunaraq   bu istiqamətdə gələcək yol xəritəsini müəyəyn etdi. Cənab Prezident bununla bağlı aşağıdakı çox mühüm mesajları verdi: “Bu gün Azərbaycan xalqı bir yumruq kimi birləşib. Bizi birləşdirən ümummilli məsələ Qarabağın azad edilməsi idi. Bu məsələ artıq öz həllini tapdı və bu birlik daimi olmalıdır. Milli birlik daimi olmalıdır, çünki Azərbaycanın önəmi artır, dünyada oynadığı rolu artır. Əlbəttə, bizə qarşı bundan sonra da ideoloji təxribatlar nəinki istisna deyil, bunlar qaçılmazdır və biz bunu demək olar ki, gündəlik həyatda görürük. Bizim işimizə kölgə salmaq, bizi diskriminasiyaya uğratmaq, Azərbaycan haqqında əsassız və yalançı, mənfi imic yaratmaq istəyənləri  gündəlik həyatda görürük.

Biz elə bir gənc nəsil yetişdirməliyik ki, onlar da daim bizim kimi milli ənənələrə, milli-mənəvi dəyərlərə sadiq olsunlar, onların beyinləri saf olsun.  Burada ilk növbədə, ailə tərbiyəsi ön plana çıxır. Xoşbəxtlikdən Azərbaycan ailəsi sağlam ailədir, ənənələr, milli dəyərlər üzərində qurulan ailədir. Ailə tərbiyəsi hər bir gənc üçün, hər bir uşaq üçün əsas tərbiyədir. İkinci yerdə məktəb tərbiyəsidir və belə müzəffər gənclərimizin yetişdirilməsində də Azərbaycan məktəbinin çox böyük rolu vardır.

Bizim qəhrəmanlıq tariximizlə bağlı uşaqlara verilən tərbiyə və biliklər çox böyük önəm daşıyır. Bütövlükdə milli-mənəvi dəyərlərə gəldikdə, bu, bizim cəmiyyətimizin əsasıdır. Bunu sarsılmaz etmək bizim əlimizdədir.

Burada, əlbəttə ki, dövlət siyasəti də aparılır və aparılacaq. Eyni zamanda, dediyim kimi, bütün cəmiyyət burada həmrəy olmalıdır və biz bu həmrəyliyi görürük.

Biz bundan sonra da Azərbaycanda vətəndaş cəmiyyətinin yaradılması ilə bağlı addımlar atacağıq. Azərbaycan xalqının həmrəyliyi əsas uğurlarımızdan biridir. İkinci Qarabağ müharibəsindəki parlaq Qələbə bir daha onu göstərdi ki, Azərbaycan xalqı böyük xalqdır. Azərbaycanda yaşayan bütün etnik qruplar, bütün xalqlar Azərbaycan Bayrağı altında birləşib. Bu Qələbədə, bu tarixi Zəfərdə ölkəmizdə yaşayan hər bir xalqın öz dəyərli töhfəsi var.

Azərbaycançılıq ideologiyası, azərbaycançılıq prinsipləri Azərbaycanda çoxdan bərqərar olub. Ulu Öndər Heydər Əliyevin bizə qoyduğu dəyərli miraslardan biri də məhz azərbaycançılıq məfkurəsidir. Biz – onun davamçıları isə bu müsbət meyilləri öz tərəfimizdən daha da gücləndiririk. Azərbaycanda yaşayan bütün xalqlar vahid, mehriban ailə kimi yaşayır. Bizim birliyimizi pozmaq istəyənlər nə qədər cəhd göstərsələr də buna nail ola bilməyiblər və heç vaxt nail ola bilməyəcəklər. Çünki biz hamımız bir amal uğrunda birləşmişik. Biz hamımız şəhidlər vermişik, qan tökmüşük. Bu birlik, bu həmrəylik və bu şanlı Zəfər tarixi Azərbaycanda yaşayan bütün xalqları daha da sıx birləşdirir və bu da əsas vəzifələrdən biri kimi qarşıya qoyulur. Deyə bilərəm ki, bu sahədə çox böyük tarixi nailiyyətlər var”.

Biz Azərbaycan cəmiyyəti olaraq  bütövlükdə cənab Prezidentin bu mesajlarını gündəlik  həyat tərzinə çevriməli və bu ideyalaırn reallaşdırılmasına çalışmalıyıq. Bu isə Azərbaycanın daha güclü olmasını və yeni-yeni uğurların, qələbələrin əsasını təşkil edir. Odur ki,  vətəndaş olaraq hər birimiz Azərbaycanın daha güclü, qüdrətli, dünyanın inkişaf etmiş ölkəsinə çevrilməsi istiqamətində  ictimai və dövlət maraqlarının təmin olunmasına üzərimizə düşən vəzifəni icra etməliyik”.

 

Şəbnəm Rəhimova

Gununsesi.info