Suriyanın Homs şəhərində Hərbi Akademiya tələbələrinin buraxılış mərasiminə partlayıcı yüklənmiş pilotsuz təyyarə hücum edib.
Gununsesi.info xəbər verir ki, hücum nəticəsində azı 100 nəfər ölüb, 240 nəfər yaralanıb. Ölənlərin yarısından çoxunun rejim zabitləri olduğu və çoxlu sayda mülki vətəndaşın hücumda həyatını itirdiyi bildirilib. Hücumun kim tərəfindən həyata keçirildiyi açıqlanmayıb.
Bəşər Əsəd administrasiyasının xəbər agentliyi olan SANA-nın və Müdafiə Nazirliyinə istinadla verdiyi məlumata görə, partlayıcı sursatlarla dolu pilotsuz təyyarə ilə həyata keçirilən “terror hücumu” nəticəsində onlarla adamın öldüyü və yaralandığı bildirilib.
Müdafiə Nazirliyindən verilən açıqlamada bildirilib ki, “Hücum zamanı çoxlu mülki vətəndaş və hərbçi həlak olub. Bundan əlavə, onlarla dəvət olunmuş ailə və çoxlu iştirakçı tələbə yaralanıb”.
Suriya İnsan Haqları Müşahidə Qrupunun verdiyi açıqlamada hücumda ölənlərin yarıdan çoxunun zabit olduğu bildirilib.
Suriyanın müdafiə naziri Əli Mahmud Abbasın hücumdan bir neçə dəqiqə əvvəl mərasimi tərk etdiyi açıqlanıb. Suriya rejimi hücumdan sonra 3 günlük milli matəm elan edib.
Bildirilib ki, BMT baş katibi Antonio Quterreş həm Suriyada hərbi akademiya tələbələrinin buraxılış mərasimini hədəf alan hücumdan, həm də Suriya ordusunun cavab hücumlarından dərin narahatdır.
BMT-nin sözçüsü Stefan Dujarrik gündəlik mətbuat konfransında mövzu ilə bağlı jurnalistlərə açıqlama verib. “Baş katib Suriya ordusunun Suriyanın şimal-qərbinin müxtəlif bölgələrində həyata keçirdiyi cavab hücumlarından da dərin narahatdır” deyən Dujarrik, siyasi həll üçün ölkə daxilində atəşkəsin zəruri olduğunu qeyd edib. Düjarrik bildirib ki, Quterreş Suriyada hər cür zorakılığı qınayıb və tərəfləri beynəlxalq hüquq çərçivəsində öhdəliklərini yerinə yetirməyə çağırıb.
Suriyanın İdlib şəhərinin çölündə rejim qüvvələrinin artilleriya atəşi nəticəsində 8 dinc sakin ölüb, 38 nəfər yaralanıb. Rejim qüvvələrinə məxsus artilleriya bölmələri İdlib şəhərinin çöl bölgələrində Cisr əs-Suğur və Jericho bölgələrindəki Mozara, Seremin, Hanbüşiye, Mahmbel, Bara, Mecdelya və Deyr Sinbel kəndlərini bombalayıb.
Bölgədəki mülki müdafiə qrupu olan ağ dəbilqəlilər rejimin hücumlarında biri uşaq, biri qadın olmaqla cəmi 5 nəfərin həyatını itirdiyini, aralarında uşaqların da olduğu 38 nəfərin yaralandığını açıqlayıb. Yaralılar ağ dəbilqəlilər və ətrafdakılar tərəfindən bölgədəki xəstəxanalara çatdırılıb.
Səid Əhmədli
Gununsesi.info