Hərbi Prokurorluq əsgərin güllələnmə faktını araşdırır -AÇIQLAMA

  • By admin
  • 04 Dekabr 2022 19:33

“Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Məmmədov Elnur Ağazadə oğlunun odlu silahdan açılmış atəş nəticəsində ölməsi barədə Qubadlı hərbi prokurorluğuna məlumat daxil olmuşdur.

Daxil olmuş məlumat əsasında Qubadlı hərbi prokurorluğunun əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilmiş, iş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülmüş, izahatlar alınmış və digər hərəkətlər icra edilmişdir”.

Bunu Gununsesi.info-ya açıqlamasında  Respublika Hərbi Prokurorunun böyük köməkçisi, Hərbi Prokurorluğun Mətbuat Xidmətinin rəhbəri Firad Əliyev hərbçimizin müəammalı ölümü barədə suala cavab verərkən deyib.

Onun sözlərinə görə, fakt üzrə Qubadlı hərbi prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılaraq şahidlər dindirilmiş, müvafiq ekspertizalar təyin edilmiş və təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilmişdir.

“Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin olunacaqdır”.

Gununsesi.info