Yanvarın 18-də Azərbaycan Hərbi Prokurorluğunda cinayətkarlığa qarşı mübarizə, qanunçuluq və hüquq qaydasının möhkəmləndirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının qorunması sahəsində 2023-cü il ərzində görülmüş işlərin vəziyyətinin və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş kollegiya iclası keçirilib.
Qurumdan Gununsesi.info-ya bildirilib ki, Baş prokuror, I dərəcəli dövlət ədliyyə müşaviri Kamran Əliyev nəhəng tarixi şəxsiyyət, millətimizin və dövlətimizin xilaskarı Heydər Əliyevin müdrik siyasətini dövrün tələbləri ilə uzlaşdıraraq yüksək məharətlə davam etdirən dövlət başçısının rəhbərliyi ilə son 20 il ərzində ölkəmizdə bütün sahələrdə əldə olunmuş böyük uğurlardan, o cümlədən tarixi torpaqlarımızın işğaldan azad edilməsindən, həmin ərazilərdə həyata keçirilən abadlıq-quruculuq işlərindən bəhs edərək, milləti və dövləti qarşısındakı misilsiz xidmətləri ilə bütün liderlərdən seçilən möhtərəm Prezident İlham Əliyevin xalqın sonsuz sevgisini qazandığını xüsusi vurğulayıb.
Baş prokuror Kamran Əliyev bildirdi ki, əldə olunan uğurlarda Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyətinin mühüm rolu olmuşdur.
Bundan sonra, hesabat məruzəsi ilə çıxış edən Azərbaycan Respublikası Baş prokurorunun müavini–Azərbaycan Respublikasının Hərbi prokuroru, ədliyyə general-leytenantı Xanlar Vəliyev, əvvəlcə, çoxsaylı ciddi qlobal problemlərə, postpandemiya mərhələsi və müharibədən sonrakı dövr olmasına baxmayaraq, dünya şöhrətli siyasətçi, müasir Azərbaycanın memarı və qurucusu Heydər Əliyevin Azərbaycanın sürətli inkişaf strateqiyasını müasir müstəvidə uğurla reallaşdıran, xalqına xidmətdə digər liderlərə örnək olan möhtərəm Prezident cənab İlham Əliyevin mükəmməl siyasəti sayəsində 2023-cü il ərzində də ölkəmizin qüdrətlənməsi və əhalinin rifahının yaxşılaşdırılması prosesinin davamlılığının təmin edilməsindən, eləcə də ötən il ölkəmizin əldə etdiyi digər uğurlardan danışaraq, sentyabr ayında keçirilən uğurlu lokal antiterror tədbirlərini, ölkə rəhbərinin Xankəndi, Ağdərə, Xocavənd və Xocalı şəhərlərində, Sərsəng su anbarının ərazisində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltmasını xüsusi vurğuladı. Hərbi prokuror Xanlar Vəliyev qeyd etdi ki, Vətənin çiçəklənməsinə Birinci xanım Mehriban Əliyevanın zəngin fəaliyyəti xeyli mütərəqqi töhfələr vermişdir. Xanlar Vəliyev, həmçinin, 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsini vurğulayaraq bildirdi ki, bununla əlaqədar Hərbi Prokurorluq orqanları tərəfindən böyük qürur və fərəh hissləri ilə Müdafiə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının və Dövlət Təhlükəsizliyi Xidmətinin yüksək rütbəli hərbi qulluqçuları, eləcə də müxtəlif dövlət qurumlarının, şəhər və rayonların rəhbər vəzifəli şəxsləri ilə birlikdə 26 tədbir keçirilmişdir. Qeyd olundu ki, əvvəlki illərdə olduğu kimi, ötən ildə də qazilərə və şəhid ailələrinə xüsusi diqqət göstərilmiş, istər Hərbi Prokurorluqda, istər yerlərdə onlarla görüşlər keçirilərək qayğıları ilə maraqlanılmışdır.
Hərbi prokuror Xanlar Vəliyev qeyd etdi ki, ötən illərdə olduğu kimi, 2023-cü ildə də Hərbi Prokurorluq orqanlarının fəaliyyəti uğurlu olmaqla Silahlı Qüvvələrdə nizam-intizamın davamlılığına, cinayətkarlığın və digər hüquqazidd əməllərin qarşısının alınmasına, qanunçuluq və hüquq qaydasının möhkəmləndirilməsinə, insan və vətəndaş hüquq və azadlıqlarının qorunmasına yönəldilmişdir.
Vurğulanmışdır ki, cinayət işlərinin başlanmasının qanuniliyinə və əsaslılığına xüsusi diqqət yetirilməsi, icraatda olan işlər üzrə bütün halların hərtərəfli, tam və obyektiv araşdırılması istiqamətində həyata keçirilmiş fəaliyyət, düzgün qurulmuş istintaq metodikası və taktikası, səriştəli aparılan istintaq hərəkətləri, tələb edilən səviyyədə prosessual rəhbərlik, eləcə də işçilərin peşəkarlığı və əzmi sayəsində qeydə alınmış cinayətlərin ümumilikdə 99,8 faizi, o cümlədən bəzi qəbildən olan cinayətlərin 100 faizi açılmışdır.
Xanlar Vəliyev bildirdi ki, insan hüquq və azadlıqlarının daha etibarlı müdafiəsi, nizam-intizamın və qanunçuluğun möhkəmləndirilməsi, eləcə də cinayətkarlığa qarşı mübarizə istiqamətində əldə olunan müsbət nəticələrdə Hərbi Prokurorluq orqanları ilə Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Daxili Qoşunlar və digər hərbi qurumlar, həmçinin qeyri-hökumət təşkilatları arasında yaranmış qarşılıqlı sağlam və işgüzar əlaqələrin də çox böyük əhəmiyyəti olmuşdur. Belə ki, hər il olduğu kimi, 2023-cü ildə də aidiyyəti dövlət orqanları ilə birgə hazırlanmış müvafiq tədbirlər planları əsasında mütəmadi olaraq hərbi qulluqçularla görüşlər təşkil olunmuş, onların qayğı və problemləri ilə maraqlanılmış, həmçinin fərdi qəbullar keçirilmişdir.
Qeyd olunanlarla bərabər, Silahlı Qüvvələrdə ayrı-ayrı, xüsusən də ölümlə nəticələnən cinayətlərin qarşısının alınması məqsədilə, hər zaman olduğu kimi, hesabat dövründə də məhkəmə və istintaq təcrübəsi ümumiləşdirilərək, müxtəlif vaxtlarda Respublika Hərbi Prokurorluğunun kollegiya iclaslarında silahlı birləşmələrin rəhbər vəzifəli şəxslərinin iştirakı ilə müzakirə edilmiş, kollegiyaların qərarlarına əsasən zəruri tədbirlərin görülməsi təmin olunmuşdur. Sözügedən istiqamətdə səmərəliliyi artırmaq məqsədilə aidiyyatı dövlət qurumları ilə birgə bir sıra digər işlər də görülmüşdür.
Bütün bunların nəticəsində də hesabat dövründə qeydə alınmış cinayətlər ötən illə müqayisədə ümumilikdə 6,1%, hərbi xidmət əleyhinə olan cinayətlər isə 24,2% azalmışdır.
Eyni zamanda 2022-ci illə müqayisədə 2023-cü ildə qeydə alınmış Qəsdən adam öldürmə cinayətləri 40 %; Özünü öldürmə həddinə çatdırma cinayətləri 9,1 %; Tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma cinayətləri 12,9 %; Əmri icra etməmə cinayətləri 66,7 %; Hərbi xidmətdən yayınma cinayətləri 33,7 %; Hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etmə cinayətləri 37,9 %; Maşınları idarəetmə və istismar qaydalarını pozma cinayətləri 26,1% və Xuliqanlıq cinayətləri 16,7 % azalmışdır.
Kollegiya iclasında, hesabat dövrü ərzində görülmüş müsbət işlərlə yanaşı, “Prokurorluq haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş fəaliyyət istiqamətləri üzrə işin səmərəliliyinə mənfi təsir göstərən hallar da ətraflı təhlil olunmaqla, onların aradan qaldırılması üçün zəruri tədbirlərin görülməsi, işin effektivliyinin daim artırılması tələb edilmişdir.
Çıxışının sonunda ədliyyə general-leytenantı Xanlar Vəliyev bildirdi ki, Hərbi Prokurorluğun kollektivi Silahlı Qüvvələrdə hərbi intizamın, qanunçuluğun və hüquq qaydasının daha da möhkəmləndirilməsi istiqamətindəki fəaliyyətinin səmərəliliyini daim artıracaq, insan hüquq və azadlıqlarının etibarlı müdafiəsində, cinayətkarlığa və digər qanun pozuntularına qarşı mübarizədə üzərinə düşən bütün vəzifələri ləyaqətlə yerinə yetirəcəkdir.
Sonra məruzə ətrafında çıxışlar olmuşdur. Azərbaycan Respublikası Hərbi prokurorunun müavinləri-ədliyyə general-mayoru Şəfahət İmranov, ədliyyə general-mayoru Fuad Məmmədov, ədliyyə polkovniki Mehdi Hüseynzadə, Füzuli hərbi prokuroru, ədliyyə polkovniki Elçin Hacıyev və Kəlbəcər hərbi prokuroru ədliyyə polkovniki Mahir Bayramov çıxış edərək hesabat dövründə görülmüş işlərdən danışıb, qarşıda duran vəzifələrin yerinə yetirilməsi üçün həyata keçiriləcək tədbirlər barədə ətraflı məlumat vermişlər.
Kollegiya iclasına yekun vuran Baş prokuror Kamran Əliyev, prokurorluq orqanları əməkdaşlarının Ulu Öndər Heydər Əliyevin millətimizin və dövlətimizin maraqlarına xidmət edən müdrik siyasətinin möhtərəm Prezidentimiz tərəfindən uğurla davam etdirilməsində, onun rəhbərliyi ilə görülən böyük işlərdə və həyata keçirilən mütərəqqi islahatlarda yaxından iştirak edəcəklərini, dövlət müstəqilliyinin, ictimai-siyasi sabitliyin, əmin-amanlığın qorunması, qanunun aliliyinin təmin edilməsi üçün əllərindən gələni əsirgəməyəcəklərini, eləcə də dövlətimizin qüdrətlənməsinə xələl gətirə biləcək bütün hallara qarşı barışmaz mövqe tutacaqlarını bildirdi.