Həsən bəy Zərdabinin oğlunun məzarı tapıldı - FOTOLAR

“Şərq” qəzetinin Baş redaktoru, Akif Aşırlı sosial şəbəkədə maraqlı paylaşım edib.

Gununsesi.info xəbər verir ki, Əməkdar jurnalist uzun müddətdi axtarışda olduğu milli mətbuatımızın banisi Həsən bəy Zərdabinin oğlu Səfvət bəyin məzarını tapdığını bildirib.

HTML tutorial

Onun sözlərinə görə, məzar baxımsız, hətta baş daşı qırılmış, sinə daşını əvəzləyən daşlar parçalanmış vəziyyətdə olub:

“Məzarın illərlə baxımsız qaldığı aydın görünür. Nə yaxşı ki, məzarlıq məmurları, ətrafda calışan ustalar köməyimə çatdı. Rasim Yardımsevər adlı qardaşımızla birgə baş daşını bərpa edə bildik, kiçik bir təmir işi apardıq”.

Tanınmış jurnalist bildirib ki, Həsən bəyin mətbu yolunu davam etdirən, ömrünü Azərbaycanın İstiqlalının bərpasına həsr edən Səfvət bəyin adı layiq olduğu qədər qiymətləndirilməlidir.

Həmin paylaşımı təqdim edirik:

“Tapdım. Bir necə ildir ki, axtarışda olduğum milli mətbuatımızın banisi Həsən bəy Zərdabinin oğlu Səfvət bəyin məzarını tapdım. Səfvət bəy Məlik Zərdabi Həsən bəyin 3-cü övladıdır, Qəribsoltan xanımdan öncə doğulub. 1917-ci ilə qədər Riqa Politexnik Universitetində oxuyub, sonra təhsilini Almaniyada alıb, yüksək ixtisaslı mühəndis olub. Mühədis olmasına baxmayaraq, atasının yaradıcılığını davam etdirib. Səfvət Zərdabi 1952 -ci ildə Ankarada Azərbaycan Milliyyətcilər dərnəyinin qurucularından olub, Azərbaycanın müstəqilliyinin bərpası uğrunda mücahiddir. Azərbaycan mühacirət mətbuatının ən yaxşı nümunələrindən olan “Mücahid ” dərgisinin naşiri, baş yazarı, ” Türk izi ” dərgisinin əsas yazarlarından olub, qələmi yerə qoymayıb. Azərbaycan həsrətilə yaşayıb. Məzarı bilinmirdi. Bir necə il öncə Səfvət bəylə bağlı geniş araşdırmamı “Həsən bəy Zərdabinin varisi” kitabımda umumiləşdirə bildim. Ölüm tarixini dəqiqləşdirə bilsəm də harada dəfn olunduğu bilinmirdi. Bəzi mülahizələrə görə, Səfvət bəyin ömrünün sonlarlna yaxın Almaniyaya köçdüyü ehtimal olunurdu. Məzar yerini İndi tapdım. Qəbri Ankaranın Karşıyaka məzarlığındadır. Həyat yoldaşı Nəzihə xanımın məzarı ilə qoşadır. Təəssüf ki, Səfvət bəyin baş daşı qırılmış, sinə daşını əvəzləyən daşlar parçalanmış vəziyyətdədir. Qəbir aşağıya doğru cökür. Üzərində “Azərbaycan əşrəflərindən olan Həsən bəy və Hənifə xanımın oğlu Səfvət Məlik Zərdabi, Ruhuna fatihə. 1898-1976″ yazılıb. Məzarın illərlə baxımsız qaldığı aydın görünür. Nə yaxşı ki, məzarlıq məmurları, ətrafda calışan ustalar köməyimə çatdı. Rasim Yardımsevər adlı qardaşımızla birgə baş daşını bərpa edə bildik, kiçik bir təmir işi apardıq. Səfvət bəyin adını qara boya ilə yenidən bərpa etdik. Amma bununla yekunlaşdırmaq olmaz. Unutmağa mənəvi haqqımız çatmır. Həsən bəyin mətbu yolunu davam etdirən, ömrünü Azərbaycanın İstiqlalının bərpasına həsr edən Səfvət bəyin adı layiq olduğu qədər qiymətləndirilməlidir. Bizim mənəvi atamız Həsən bəy Zərdabinin də ruhu şad olar”.

Gununsesi.info