Həsənin ürəyi- LƏMAN ƏLƏŞRƏFQIZI YAZIR

Həsənin ürəyi

İşdə oturmuşam. Birdən Vatsapıma mesaj gəlir. Açıram ki, mərhum jurnalist , dostumuz Fuad Həsənovun nömrəsindəndir. Profilində Fuadın şəkli, xətdə kimsə yazır.

Mənə ürək göndərib, bir də rəngbərəng göy qurşağı, ardınca belə bir cümlə. “ Ya Qasan. Vı menya uznali? Yazıram ki:” Da, Qasan. Uznala koneçno. Tı samıy krasivıy, samıy umnıy malçik. A tı menya uznaeş? Yazır: Koneçno, vı Niluferu mama. Həsənlə Nilufər sinif yoldaşıdırlar. Birinci sinifdə oxuyurlar. Dərhal ağlımdan keçir ki, Həsən bəlkə bu ürəyi Nilufərə göndərib. Sonra fikirlərimdən özüm də utanıram. Axı uşaq mənə siz deyə müraciət edir, kimə yazdığını yaxşı bilir. Bəs yaxşı, mən niyə bu balacanın marağına səbəb olmuşam? Odur ki, yazıram.

-Qasan, eto tvoy telefon. Səs göndərir. Bu dəfə azərbaycan dilində.

-Yox, bu mənim papamın telefonudur. O ölüb. Prosto mən sizinlə danışıram da indi. Tanıdığıma görə. Sarsılıram. Amma eyni zamanda söhbətimiz davam edir. Həsənə səs göndərirəm.

-Sənin atan dünyanın ən gözəl atası idi. Mənim də iş yoldaşım, dostum. O indi yəqin ki, göydən bizə baxır. Görür ki, sən mənimlə danışırsan. Sənin hər gün böyüdüyünü görür. Sevinir əlbəttə. Amma bilirsən o ən çox nəyə sevinə bilər? Soruşur: Nəyə? Sənin yaxşı oxumağına. Tərbiyəli oğlan olmağına. Mamanı incitməməyinə. İncitmirsən ki, mamanı? Yox –deyir. Bəs yaxşı, mamana 8 marta nə hədiyyə almısan? Anası üçün çəkdiyi açıqcanın şəklini göndərir. Bir də deyir ki, ona sırğa alacaq. Elə bir sırğa ki, səkkiz rəqəminə oxşasın.

Mən ikinci bir Həsən də tanıyıram. Üç-dörd il əvvəl Samaraya uçarkən onun ailəsi ilə aeroportda tanış olmuşdum. Çox imkanlı ailənin uşağıydı Həsən. Cəmi 10 yaşı vardı. Bizi bir gün evlərinə qonaq çağırdılar. Oğlumla birlikdə getdik. Oğlum onda 12 yaşındaydı. 10 yaşlı Həsənin qarajdan Qalenvageni hansı sürətlə çıxartmağını oğlum bu gün də həyəcanla xatırlayır. İndi Həsənin hardasa 13-14 yaşı olmalıdır. Görəsən anasına 8 marta nə hədiyyə edəcək? Səkkiz rəqəmlinə oxşayan sırğamı? Bəs qaşı nə olacaq? Ürəkli oğlandır Həsən. Onun ürəyi Fuadın oğlu Həsənin mənə göndərdiyi ürəyə bənzəməz. Hədiyyəsi də Həsənin hədiyyəsinə.

Əziz Fuad. 8 mart yazımın qəhrəmanının balaca Həsən olacağını ağlıma da gətirməzdim. Amma o , balaca canıyla böyük bir iş gördü. Səni xatırlatdı. Dostlarının yadına saldı ki, atamı unutmayın. O ki hələ təzəcə dünyasını dəyişib. Sağ olsa mütləq anama hədiyyə alacaqdı. Bəlkə də bir dənə qızılgül, bəlkə də bir dəstə nərgiz, bəlkə də səkkiz rəqəminə oxşayan sırğa? Sən canın, nə alacaqdın gözəlin Marinaya? Sən Həsənin canı, dillənsənə.

P.S. Bu yazını Natiq Qədimov başda olmaqla son bir neçə ayda ÜRƏKDƏN dünyasını dəyişən həmkarlarıma və onların 8 martı ÜRƏKSİZ qarşılayan xanımlarına ithaf edirəm.

ÜRƏKDƏN ithaf edirəm..

Ləman Ələşrəfqızı

Əməkdar jurnalist

Gununsesi.info

COMMENTS