Ukraynaya dəstək məqsədilə xeyriyyə fonduna cəmi 51 dollar bağışlayan həvəskar balerina Kseniya Karelinanı vətənə xəyanətdə ittiham edərək 12 il həbs cəzasına məhkum edib. Həbs qərarı böyük reaksiyalara səbəb olub.
ABŞ və Rusiya vətəndaşlığı olan həvəskar balerina Kseniya Karelina 2022-ci il fevralın 24-də, Rusiyanın Ukraynaya hücumunun ilk günündə Ukraynaya dəstək üçün xeyriyyə təşkilatına 51 dollar bağışlayıb.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, ABŞ-ın Los-Anceles şəhərində yaşayan və 2021-ci ildə ABŞ vətəndaşlığını alan Karelina ötən fevral ayında ailəsinə baş çəkməyə gəldiyi Rusiyanın Yekaterinburq şəhərində saxlanılıb.
Ötən həftə hakim qarşısına çıxan 33 yaşlı Karelina üçün 15 il həbs cəzası istənilib. Həvəskar balerinanı “vətənə xəyanət”də təqsirli bilən Yekaterinburq məhkəməsi isə Karelinanı 12 il müddətinə azadlıqdan məhrum edib.
Rusiya Federal Təhlükəsizlik Xidməti (RFT) Karelinanın ianə etdiyi təşkilatın Ukraynaya tibbi dəstək materialları, avadanlıq, silah və sursat alınması üçün pul topladığını iddia etsə də, sözügedən qurum RFT-nin iddialarını qəbul etməyib.
Qeyd edək ki, 33 yaşındakı qadın Rusiya Federal Təhlükəsizlik Xidməti (RFT) tərəfindən gözləri bağlanaraq aradan götürülüb.
Gununsesi.info