Çox yox, cəmi on, iyirmi, lap olsun əlli sonra bu günün istənilən müzakirə mövzuları unudulacaq, yaxud ən yaxşı halda bulanıq və ya gülüşlə xatırlanacaq. İstər siyasi mövzuların gedişatı, istərsə də məişət məsələlərinin bütün tərəfləri- hər şey, hər şey sükuta, unudulmağa məhkumdur.
Elə insan da.
Ən yaxşı halda hansısa kadrlarda tanımadığınız insanlar tərəfindən baxılan, heç fərqinizdə belə olmadıqları insan olacaqsınız. Cəmi bir əsr sonra isə sizdən bu dünyada bir məzar belə qalmaya bilər.
Sahib olduğunuz, daha dəqiq, sahib olmaq üçün həyatınızı verdiyiniz hər şeyə başqaları sahib çıxacaq.
Uğrunda qanlar tökülən əxlaqi dəyərlər də sıradan bir məsələlərə çevriləcək.
Məsələn, qadınlar ərlərinə etdiyi xəyanətə görə öldürülməyəcək, əksinə, bəzən çox adi hal kimi qəbul olunaraq ən yaxşı halda boşanacaqlar. O cümlədən bu gün qadınlara yaraşdırılmayan hər şey qəbul ediləcək. Onda məhz bu gün olanların heç bir mənası qalmış olmayacaq.
Mübarizə aparılan əksər anlamlar da boş olacaq, heç bir məna ifadə etməyəcək.
Daşıdığınız sosial statuslar tarixin bir parçası olmaya da bilər.
Bəs onda nədir həqiqət? Yaşamın dəyişməsi, hər dəfə yeni insan modeli, yeni dəyərlər, yeni, yeni, yeni, hara qədər?
Bəlkə də, elə bu, həyatın fəlsəfəsidir.
Min illərdir, “fəlsəfə nədir?” sualının ən klassik cavabı “axtarmaq, sual verməkdir”.
Əslində, fəlsəfə nə axtarmaq, nə də sual verməkdir.
Fəlsəfə hər şeyi olduğu kimi qəbul etmək, başa düşməkdir.
Çünki insan yanlız idarə edə biləcəyi nəsnələrin gedişatını dəyişə bilir. İnsan ancaq özünü nələrləsə mənalandıra bilir.
Daha dəqiq, bu cür:
“Həyat mənasızdır, amma hər şeyin bir mənası var”
İndi hər şey bir qırağa, necə pis, lazımsız olduğunuzu bilmək, özünüz öz gözünüzdən düşmək istəyirsinizmi? Məsələn, anadangəlmə lütlənərək güzgü qarşısına keçin və bir neçə dəqiqə özünüzə baxın.
Baxın və görün:
Özünüz öz gözünüzdə necəsiniz? Cəmi bir neçə dəqiqə əvvəl sizi şarmlı geyimlərdə gözəl göstərən, simanıza məna verən geyimlər olmayanda necə olursunuz?
İnsanın yarpaqdan çıxıb paltara keçməyi də bu idi: “Özünü ifadə etmək, mənalandırmaq.”
Bu gün geyim kimi sizə məna verən digər şeylər də var.
Düşüncəniz, işiniz, sosial statusunuz, dəyərləriniz, yaşam şərtləriniz.
Biriniz yaltaqsınız, biriniz qorxaq.
Biriniz yaxşısınız, biriniz əclaf.
Hər şey, hər şey sizin mənanızdır, amma hamısı mənasızdır.
Axı siz bunlarsız, ən azı biri olmadan heç kimsiniz. Siz insanlara susqunkən, fəaliyyətsiz lazım da deyilsiniz. Məsələn, bir neçə adamın olduğu, çox da tanınmadığınız məclisdə sonadək susqun qalmağa çalışın. Əlbəttə, kimsə sizdən nə olduğunu soruşacaq, amma bu, onların narahatlığı deyil. Bu, “danış, bilim”dir, “mənalan”dır.
İnsanlar həmişə cavablar, izahlar və sözlərlə özlərini ifadə etməyə çalışırlar, amma əslində, ən dərin bilik səssizlikdə gizlənir. Bu səssizlik isə fiziki olaraq susmağınız deyil, şablon olsa da, içiniz səsidir.
Əgər bir anlıq susaraq eşitsəniz, onda ətrafda olan hər şeyin səsini eşidəcəksiniz. Küləyin də, ağacın da, daşın da, insanın da-hər şeyin. Bu səs onların mənası, var olmasıdır.
İnsanın özünü ifadə eləməsi varoluş sancılarıdır. Elə deyilən səslər də budur: “Varoluş”
Yaxud, dayanın bir yerdə və hər gün bir daşa baxın. Günlərin bir günü o daş artıq sizin üçün mənalanacaq. Bu mənalanmaq isə adiləşmə belə ola bilər.
Təkrar etməkdə fayda var:
Bəlkə də, fəlsəfə hər şeyin cavabını tapmağa çalışmaq deyil, hər şeyi olduğu kimi qəbul etməkdir.
Bu anlayışda məntiq və analiz itir, çünki burada ancaq saf bir “varlıq” qalır. Sən nə çayın axışına müdaxilə edə, nə də ağacın kölgəsini dəyişə bilməzsən, nə daşa xüsusi bir şey edə.
Sən yalnız onların bir hissəsi ola bilərsən, və bəlkə də bu, həqiqətin ən dərin təzahürüdür.
Orxan Saffari