Həyatım kritik təhlükə ilə üz-üzə qalıb - HÜSEYN ABDULLAYEV ALMANİYA KANSLERİ VƏ BMT BAŞ KATİBİNDƏN KÖMƏK İSTƏYİR

  • By admin
  • 21 İyun 2024 08:57

Hazırda Saylı Bakı İstintaq Təcridxanasında saxlanılan sabiq deputat Hüseyn Abdullayev Almaniya kansleri Olaf Şoltsa və BMT-nin baş katibi Antoni Quterreşə məktub yazıb.

Vəkillərinin Gununsesi.info-ya təqdim etdiyi müraciətdə deyilir:

Hörmətli cənab Kansler!

Hörmətli Baş Katib!

Sizlərə bundan əvvəl də dəfələrələ müraciət etsək də heç bir nəticə olmamışdır.

Mənim müdafiəm üçün bütün hüquqi  əsaslar olduğu halda azadlığım tələb edilməmişdir.

Həbsdən bu müraciətim sonuncu ola bilər. Belə ki, mənə qarşı olan sözlə izah olunmayan qanunsuzluqların son məqsədi fiziki məhvimə nail olmaqdır.

Bu səbəbdən bu müraciətimə fərqli və ciddi yanaşacağınıza ümidlərimi itirməmişəm.

Mən Hüseyn Abdullayev Azərbaycan Parlamentinin deputatı olmuş və ölkəmizdə mövcud olan qanunsuzluqları  tənqid etdiyimə görə təqib və siyasi represiyalara məruz qalmışam. Məhz bu səbəbdən Azərbaycanı tərk eləmiş,  2013-cü ildə Almaniyaya gələrək ölkənizdən siyasi sığınacaq almış və 2018-ci ilin aprel ayına kimi Franfurkt şəhərində yaşamışam. Almaniyada yaşadığım müddət ərzində dövlətdən hər hansı sosial yardım istəməmiş və öz şəxsi mənzilimdə yaşamışam, hər il Almaniya dövlətinin büdcəsinə böyük məbləğdə vergilər ödəmişəm.

Bildirməliyəm ki, Mən 2018-ci ilin aprel ayında bütün viza prosedurlarına əməl etməklə və Almaniya Dövlətinin mənə verdiyi səyahət pasportu ilə Türkiyə Respublikasının İstanbul şəhərində səfər etmişdim. Xüsusi olaraq onu da qeyd edim ki, mənim pasportumda təqib olunduğum ölkədən, yəni Azərbaycandan başqa digər ölkələrə getmək hüququmun olduğu aydın şəkildə yazılmışdır. Hətta bu amili daha da dəqiqləşdirmək və əmin olmaq üçün həmin pasportu mənə təqdim edən orqanın əməkdaşına müraciət etdikdə onlar  bildirdilər ki: “bəli, əlbəttə ki, sən bu pasport ilə Azərbaycandan başqa dünyanın digər ölkələrinə getmək hüququna maliksən və heç bir narahatlıq keçirmədən istədiyin ölkəyə gedə bilərsən. Çünki sən artıq Almaniya dövlətinin,  onun Konstitusiyasının  və beynəlxalq hüququnun qoruması altındasan”.

Dərin üzüntü ilə qeyd edirəm ki, İstanbul şəhərinə gəldiyimdən bir neçə gün sonra, yəni 21 aprel 2018-ci il tarixdə Türkiyə və Azərbaycanın hüquq mühafizə orqanlarının birgə həyata keçirdiyi əməliyyat nəticəsində və heç bir məhkəmə qərarı, eləcə də İnterpolun belə axtarışı olmadığı halda, saxlanılmışam və faktiki olaraq oğurlanaraq Azərbaycana gətirilərək həbs edilmişəm.

Artıq 7-ci ildir (qanunsuz təyin olunan altı il azadlıqdan məhrum etmə cəzasının bitməsinə iki ay qalmış yenidən qondarma cinayət işi açılaraq həbsdə-girovluqda  saxlanılmağa davam edirəm) ki, həbsdə saxlanılır və hər gün ağır mənəvi, eləcə də düşünülmüş psixoloji işgəncələrə məruz qalıram. Səhhətimdə isə ciddi problemlər yarandığından həyatım krtik təhlükə ilə üz-üzə qalıb.

Həmin bu müddət ərzində çox ümid edir və ürəkdən inanırdım ki, Almaniyanın aidiyyatı orqanları mənim taleyimə biganə qalmayacaq, beynəlxalq hüququn, o cümlədən 1951-ci il Cenevrə Konvensiyanın, xüsusən də bu Konvensiyanın 32-ci və 33-cü maddələrinin kobud şəkildə pozulmasına etiraz edəcək və zəruri olan bütün addımları atacaqdır. Lakin təssüflər olsun ki, bu baş vermədi və Almaniya Dövlətinin  qanunsuz həbsimə, zorakılıqla Azərbaycana gətirilməyimə olan reaksiyası yalnız Almaniyanın Azərbaycandakı səfirliyinin əməkdaşlarının mənim məhkəmə prosesimdə iştirakı və mənimlə istintaq təcridxanasında bir dəfə görüşməsi ilə məhdudlaşdı.

Bu bir reallıqdır ki, siyasi sifariş nəticəsində və birbaşa Türkiyə Respublikasının siyasi rəhbərliyinin göstərişi ilə, üstəlik vəhşicəsinə Azərbaycana verilməyim, mənim malik olduğum və Almaniya Dövlətinin mənə verdiyi qaçqın statusunun əlimdən almır  və mən özümü hələ də çox sevdiyim və son ümid yerim olan Almaniyanın siyasi mühaciri hesab edirəm.

Ona görə Sizlərdən artıq dərəcədə xahiş edirəm ki, aşağıda qeyd edəcəklərim və mənim üçün həyati önəm daşıyan sualların cavabını tapmaqda mənə köməklik edin.

1) Almaniya qanunları və onun Konstitusiyası, Almaniya pasportunu daşıyan və hər il Almaniya dövlətinin büdcəsinə vergi ödəyən bir insanın kobud şəkildə pozulmuş hüquqlarının qorunmasına zəmanət vermişdir yoxsa yox?
2) Almaniya höküməti Azərbaycan arasında hansı isti əlaqə, yaxud hansı  bilmədiyimiz münasibət var ki, beynəlxalq hüququn kobud şəkildə pozulmasına, eləcə də həyata keçirilmiş dövlətlər arası  insan oğlurluğuna göz yumulur və saysız hesabsız müracitlərimə baxmayaraq nə üçün zəruri addımlar atılmır? Budurmu insan haqlarına, demokratiyaya və qanunun aliliyinə göstərilən hörmət və münasibət?

Nəzərinizə vacib bir məqamı da çatdırım ki, bütün bu hadisələrin və məruz qaldığım zorakılığın əsas səbəbi Türkiyə  və Azərbaycan hökümətlərinin Almaniya Federativ Respublikasının mənə verdiyi pasportu heçə sayması, həmçinin hüquqi statusumu təsdiq edən, həmin pasporta heç bir əhəmiyyət və zərrə qədər də olsa hörmət qoymaması və sanki bir kağız parçasıymış kimi görmələri nəticəsində baş vermişdir. Yəqin razılaşarsınız ki, dünyada xüsusi çəkisi olan və tarix boyu özünün mənəvi prinsiplərinə önəm verən Almaniyanın pasportuna bu cür yanaşma, saymazyanə münasibət yolverilməzdir və qəbul edilməməlidir. Zənnimcə söhbət mənim qanunsuz həbsim və oğlurlanmağımdan deyil, həm də Almaniya Dövlətinin nüfuzundan da gedir.

Lakin taleyimə göstərilən bu qədər biganəliyi,  səbəbi isə hələ də izah olunmayan, laqeydliyi anlaya bilmir və çox böyük məyusluq hissi keçirdirəm. Xahiş edirəm məni düz başa düşün. Əgər Almaniya Dövləti mənə həmin səyahət pasportunu verməsəydi, hüquqlarımın Almaniyanın Konstitusiyası ilə qorunmasını və təqib olunduğum ölkədən başqa digər ölkələrə getmək hüquququmun olduğunu bildirməsə idi,  Mən Türkiyə torpağına da ayaq basmazdım.

Mənimlə bağlı Birləşmiş Millətlər Təşkilatının aşağıdakı göstərilən qərarında bütün bu hallar ətraflı təsvir olunmuş və mənim oğurlanmağım təsdiq olunmuşdur.

Birləşmiş Millətlər Təşkilatının Qanunsuz həbslərlə bağlı İşçi Qrupunun 24-28 avqust 2020-ci il tarixdə keçirdiyi 88 saylı sessiyasında qəbul etdiyi qərarla işçi qrupunun 48/2020 saylı rəyi təsdiq olunmuş,  Tükiyə və Azərbaycan Respublikalarına qarşı qərar qəbul edilmişdir. Qərarın  Türkiyə ilə bağlı hissəsində:İnsan Hüquqları üzrə Ümumdünya Bəyannaməsinin 3, 8, 9, 10, 11-ci maddələrinə və Mülki və Siyasi Hüquqlar üzrə Beynəlxalq Paktın 2 (3), 9, 13 və 14-cü maddələrinə zidd olan cənab Ərizəçinin azadlıqdan məhrum edilməsi əsassızdır və I və III kateqoriyaya aiddir.

Azərbaycanla bağlı hissəsi:

İnsan Hüquqlarına dair Ümumdünya Bəyannaməsinin 3, 8, 9, 10, 11-ci maddələrinə və Mülki və Siyasi Hüquqlar üzrə Beynəlxalq Paktın 2 (3), 9, 13 və 14-cü maddələrinə zidd olan cənab Ərizəçinin azadlıqdan məhrum edilməsi əsassızdır və I və III kateqoriyaya aiddir.

İşçi Qrupu, Türkiyə və Azərbaycan Hökumətlərindən Ərizəçinin vəziyyətinin təxirə salınmadan düzəldilməsi və İnsan Hüquqlarına dair Ümumdünya Bəyannaməsində göstərilənlər də daxil olmaqla, müvafiq beynəlxalq normalara, o cümlədən Mülki və Siyasi Hüquqlar üzrə Beynəlxalq Paktda verilənlərə uyğunlaşdırılması üçün lazımi addımları atmasını xahiş edir.

İşçi Qrup hesab edir ki, işin bütün halları nəzərə alınmaqla, müvafiq həll yolu (a) Azərbaycan Hökümətinin cənab Ərizəçini dərhal azad etməsi; və (b) Türkiyə Hökuməti və Azərbaycan Hökümətinin, cənab Ərizəçiyə beynəlxalq hüquqa uyğun olaraq icra edilə bilən kompensasiya və digər pul təzminatı hüququ verməsi olacaq. Qlobal koronavirus xəstəliyinin (COVID-19) pandemiyası və bunun həbs yerlərində yaratdığı təhlükə ilə əlaqədar hazırkı şəraitdə İşçi Qrup Azərbaycan Hökümətini cənab Ərizəçinin dərhal sərbəst buraxılmasını təmin etmək üçün təcili tədbirlər görməyə çağırır.

İşçi Qrupu, hər iki hökuməti, Ərizəçinin əsassız azadlıqdan məhrum edilməsi ilə əlaqəli halların tam və müstəqil araşdırılmasını təmin etməyə və onun hüquqlarının pozulmasına görə məsuliyyət daşıyanlara qarşı müvafiq tədbirlər görməyə çağırır.

İşçi Qrup hər iki Hökumətdən bu rəyi mövcud olan bütün vasitələrlə və mümkün qədər geniş yaymağı xahiş edir.

Lakin bunlara baxmayaraq hal-hazırda mənə qarşı  altı il davam edən azadlıqdan məhrum etmə cəzam bitməsinə baxmayaraq yenidən qondarma yeni  cinayət işi başlanılmış və bunun da məqsədi məndən qisas almaq, susdurmaq və əmlaklarımı ələ keçirtməkdir.

Dünyanın bir nömrəli siyasi mərkəzi olan Birləşmiş Millətlər Təşkilatının Qanunsuz həbslərlə bağlı İşçi Qrupunun yuxarıda göstərilən qərarı nümayəşkarcasına icra edilmir və bizim bununla bağlı müraciətlərimiz, o cümlədən BMT-nin Baş Katibinə müraciətlərim tamamilə nəticəsiz qalmışdır.

Bu davranışa mən açıq etirazımı bildirirəm.

Mən bir daha (bəlkə də sonuncu dəfə) müraciət edirəm və Sizlərdən Azərbaycan Hökümətindən mənim azadlığa  buraxılmağımı, mənimlə bağlı Qanunsuz həbslərlə bağlı İşçi Qrupunun  məlum qərarının ica edilməsini tələb etməyinizi xahiş edirəm.

​Afət Abbasova

Gununsesi.info