Həbs olmadan da rüşvət iddialarını araşdırmaq olardı -RAUF ARİFOĞLU

  • By admin
  • 11 Sentyabr 2022 23:41
“Əvəz Zeynallı və Elçin Sadıqovun həbsini üzüntü ilə qarşıladım. Mən də həbsxana həyatı yaşamış jurnalistəm və onu heç bir vətəndaşımıza rəva görmürəm”.

Gununsesi.info xəbər verir ki, bunu AFN.az-a açıqlamasında “Yeni Müsavat” Media Qrupunun təsisçisi və rəhbəri Rauf Arifoğlu bildirib. Onun sözlərinə görə, bu həbs ölkəmizə mənfi reytinq gətirəcək: “Ortada olan rüşvət iddialarının araşdırılması onlar barədə həbs qətimkan tədbiri həyata keçirilmədən də mümkün idi. Tanınmış jurnalist və tanınmış vəkilin bu cür həbs edilməsi ölkəmizə mənfi reytinq gətirəcək. İnanıram ki, ölkə Prezideni cənab İlham Əliyev bu məsələ ilə bağlı mövqe göstərəcək və iki tanınmış simanın istintaq dövründə azadlıqda qalmasını müvafiq instansiyalara tövsiyyə edəcəkdir”.

Qeyd edək ki, “Xural”ın baş redaktoru Əvəz Zeynallı və vəkil Elçin Sadıqov hazırda həbsdə olan “Baku Steel Company” şirkətinin keçmiş rəhbəri Rasim Məmmədovun ailəsindən rüşvət almaqda ittiham edilirlər. Onlar barəsində Binəqədi rayon məhkəməsinin qərarı ilə 4 aylıq həbs qətimkan tədbiri seçilib.
Bu gün bir sıra hüquq müdafiəçiləri və media nümayəndələri Prezident İlham Əliyevə müraciət edərək hər iki şəxslə bağlı həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəzlənməsini xahiş edib.

 

Gununsesi.info