Həbsdəki siyasi fəala siqaret və geyim buraxılmır - OMBUDSMAN ƏMƏKDAŞLARI ƏLİZAMİN SALAYEVƏ BAŞ ÇƏKİB

  • By admin
  • 13 Mart 2023 18:04

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Salyan rayon təşkilatının sədri Zamin Salayev barəsində həbs qətimkan tədbirinin ev dustaqlığı ilə dəyişdirilməsi ilə bağlı Qaradağ rayon Məhkəməsinə vəsatət verilib.

Vəkil Nemət Kərimli bildirib ki, vəsatətə martın 15-də baxılması gözlənilir.

Zamin Salayev 1 saylı Bakı İstintaq Təcridxanasında 35 gündür aclıq edir. Salayev şərlənərək həbs edildiyini bildirir və məhkəmənin həbs qərarına etiraz olaraq aclıq edir.

Zamin Salayevin səhhəti ağır olaraq qalır. Salayevin oğlu Oqtay Salayev bildirib ki, o, danışanda artıq çətinlik çəkir.

“Öz dediyinə görə, artıq gəzə bilmir. Bir neçə dəfə huşunu itirib yıxılıb. Həkim müayinəsindən keçirmirlər, həkimlər yoxlamır”.

Onun sözlərinə görə, atası ilə görüşə də icazə vermirlər.

“Atam siqaret çəkir. Neçə dəfələrlə siqaret aparmışam, paltarlarını aparmışam. Görüş istəmişəm, görüş verməyiblər. Görüş vermirlər ki, guya atam karantindədir. Mən də deyirəm ki, atam artıq bir aydan çoxdur həbsdədir. Bu qədər karantin olmur. Onda isə deyirlər rəhbərliyin göstərişidir”.

Oqtay Salayev atası ilə görüşə imnkan verilməməsi ilə bağlı Ədliyyə Nazirliyinə şikayət göndərdiyini deyib: “Ədliyyə Nazirliyindən hələ cavab almamışam”.

Ombudsman Aparatının Mətbuat Xidmətindən bildiriblər ki, Ombudsmanın tapşırığı ilə martın 11-də 1 saylı Bakı İstintaq Təcridxanasında Zamin Salayevə baş çəkilib.

“Zamin Salayev konfidensial şəraitdə dinlənilib. Onun məsələsi ilə bağlı Baş Prokurorluğa və Ədliyyə Nazirliyinin Baş Tibb İdarəsinə müraciət olunub”

Fevralın 8-də Bakının Qaradağ rayon Məhkəməsi Zamin Salayev barəsində üç ay müddətinə həbs-qətimkan tədbiri seçib.

Ona qarşı Cinayət Məcəlləsinin 221.3-cü maddəsi (xuliqanlıq – silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə zərər çəkmiş şəxsə zor tətbiq olunması) ilə cinayət işi açılıb. İttiham sübut olunsa fəalı 5 ilədək həbs gözləyir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti bildirib ki, Salayev bir nəfərə bıçaqla xəsarət yetirməkdə şübhəli bilinir.

Zamin Salayev isə məhkəmədə deyib ki, ona qarşı irəli sürülən ittiham yalandır, onu şərləyiblər: “Mən heç kimə hücum etməmişəm, əksinə, özümü hücumdan müdafiə etmişəm. Bakıda Lökbatan dairəsində taksidən düşəndə bir nəfər məni təhqir edərək əlində bıçaq üstümə cumdu. Mən bunun təxribat olduğunu başa düşdüm. Bu zaman özümü müdafiə etməyə çalışdım və hücum edən şəxsi itələyərək hadisə yerindən qaçmağa başladım. Bir neçə dəqiqəyə mülki geyimdə olan polislər məni saxladılar və 4 polis avtomobilinin müşayiəti ilə Qaradağ rayon Polis İdarəsinə apardılar”.

Məhkəmə onun apellyasiya şikayətini təmin etməyib.

 

Afət

Gununsesi.info