Həbsdən azad olunan 8170 nəfərə birdəfəlik müavinət ödənilib

  • By admin
  • 31 Yanvar 2017 12:06

efv

Son bir ildə penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş 8 170 nəfər şəxsə birdəfəlik müavinət ödənilib.

Bu haqda Gununsesi.info-ya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib. “Onların hər birinə müvafiq qanunvericiliyə uyğun olaraq, minimum əmək haqqının 4 misli qədər, yəni 420 manat məbləğində birdəfəlik pul müavinəti ödənilib. Azərbaycan Respublikası Prezidentinin 21 yanvar 2017-ci il tarixli Sərəncamına əsasən, ölkəmizdə minimum aylıq əməkhaqqının məbləği 2017-ci il yanvarın 1-dən 116 manat müəyyən edilib. Bununla əlaqədar penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş, tibbi və sosial yardıma ehtiyacı olan şəxslər üçün birdəfəlik pul müavinətinin məbləği də 10,47 faiz artırılaraq cari ilin əvvəlindən 464 manata (116 x 4 = 464) çatdırılıb”, – deyə məlumatda vurğulanıb.

Nazirlikdən bildirilib ki, penitensiar müəssisələrdə cəza müddəti başa çatmaq ərəfəsində olan şəxslərə gələcəkdə əmək bazarına səmərəli inteqrasiya imkanlarının yaradılması yönündə aktiv məşğulluq tədbirləri də davam etdirilir. Ötən il Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğuluq Xidməti tərəfindən cəzaçəkmə müəssisələrində cəza müddəti başa çatmaqda olan 62 nəfər şəxs üçün peşə hazırlığı kursları təşkil edilib, habelə penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş 136 nəfər şəxs münasib işlərlə təmin olunub.

Hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə Qobustan rayonunda penitensiar müəssisələrdə cəza çəkməkdən azad olunmuş şəxslər üçün inşa olunan 50 yerlik Sosial Adaptasiya Mərkəzinin tikintisi işləri tamamlanmaq üzrədir. Yeni mərkəz qeyd olunan şəxslərin sosial adaptasiyası, sosial mühitə uyğunlaşdırılması, ümumən hüquq və azadlıqlarının müdafiəsi istiqamətində fəaliyyət göstərəcək.

Anar

Gununsesi.info