Həbsxanadan ədalət harayı - Həbsxanadan ədalət harayı

  • By admin
  • 09 Aprel 2021 20:14

Həbsxanadan ədalət haray

9 ildir cəza çəkən məhkum qanunsuz həbsindən şikayətlənir

“2012-ci ildə Heydər Əliyev adına Ali Hərbi Məktəbin komandanlığı qərəzli şəkildə məni məktəbdən xaric etdi. Əlimdə bunu təsdiq edən dəlil və sübutlar var. Buna baxmayaraq, müraciət etdiyim ünvanlarda heç kəs mənə kömək etməyib”.
Bu sözləri “Gününsəsi.info” saytına Gəncə şəhər sakini, 29 yaşlı Məmmədov Elvin Arif oğlu bildirib. O, 2007-2010-cu illərdə Cəmşid bəy Naxçıvanski adına hərbi liseydə təhsil aldığını, 2010-cu ildə imtahandan yüksək bal toplayaraq Heydər Əliyev adına Ali Hərbi Məktəbə daxil olduğunu qeyd edib:
“2012-ci il 28 yanvarda ali məktəbdən xaric olunaraq, ön cəbhəyə – Ağdamda “N” saylı hərbi hissəyə xidmətə göndərilmişəm. Əsgərliyimin 6-cı ayında – 28 iyulda postda xidməti silahımla ehtiyatsız davranmağım nəticəsində bir atəş açıldı və əsgər yoldaşım yaralandı. Onu hospitala aparsalar da həyatını xilas etmək mümkün olmadı. Hadisə ilə bağlı istintaqı Qarabağ Hərbi Prokurorluğu apardı. Məni Cinayət Məcəlləsinin 121.1-ci qsədən adam öldürməkdə ittiham etdilər. Müstəntiq hər dəfə məni aldadıb deyirdi ki, bu maddə ehtiyatsızlıqla bağlı olan əməldir. Amma heç bir dəlil-sübut olmadan məni qəsdən adam öldüməkdə suçlayıblar. Əvvəllər vəkilim dövlət hesabına idi, o da bir tərəfdən başımın altına yastıq qoyurdu. Sonra atam pul ödəyib başqa vəkil tutdu, bu zaman müstəntiqin bütün hiylələri üzə çıxdı. Yeni vəkilim hüquq pozuntuları ilə əlaqədar şikayət yazdı. 16 oktyabr 2012-ci ildə etdiyi qanunsuzluqlara görə müstəntiq Tural Həsənliyə töhmət verildi. 6 gün sonra müstəntiq aldığı töhmətə görə mənə təzyiqlər göstərdi və qisas almaq məqsədi ilə maddəmi 350.2-yə (Silahla ehtiyatsız davranma nəticəsində insan ölümü) dəyişmək əvəzinə, 120.2 yə yəni daha ağır olan xuliqanlıq məqsədi ilə adam öldürməyə tövsif etdi. Məni hədələyib dedi ki, “gör səni nə günə salacam”. Mən Tərtər Hərbi Məhkəməsində bunları deyib qəsdən adam öldürməyimi sübut edəcək faktlar tələb elədim. Lakin heç bir sübut göstərilmədi. Gəncə Apellyasiya Məhkəməsində bu qanunsuzluğa etiraz edəndə dövlət ittihamçısı üstümə qışqırıb “Get “skrokunu” çək!” -dedi. Qərardan Ali Məhkəməyə kassasiya şikayətimə isə mənim iştrakım olmadan baxıldı. Beləliklə, mənə qarsı çıxarılan qanunsuz və ədalətsiz hökm qüvvəsində qaldı. Mən ehtiyatsızlıqdan adam öldürdüyüm halda heç bir dəlil-sübut olmadan 13-il cəza aldım”.
Üzləşdiyi qanunsuzluq və ədalətsizlikdən şikayətlənən Elvin Məmmədov artıq 9 ildir 1 saylı Cəzaçəkmə Müəssisəsində saxlanıldığını bildirib:
“Məhbəsdə olduğum illər ərzində bir dəfə də olsun rejim qayıdalarını pozmamışam. Dəfələrlə təşəkkürnamə almışam. Müsbət xarakterizə olunuram. Həbsdə olduğum illər ərzində ingilis, ərəb, fars, rus dillərini öyrənmişəm. “El harayına can deyən Şəhid Elcan Muradov ” adlı əsərin və “Sükutla danışanlar” romanlarının müəllifiyəm. Qırxa yaxın elmi, psixoloji, fəlsəfi, vətənpərvərlik, tarixi mövzularda publisistik məqalələrim müxtəlif qəzet və jurnallarda nəşr olunub. Yəni çoxları ücün həyatın sonu olan zindanı bir təhsil ocağına çevirmişəm. Lakin heç bir şey məhbəsdə məhv olan gəncliyimi əsla əvəz edə bilməz! İllərlə müvafiq dövlət qurumlarına üzləşdiyim haqsızlıqlarla bağlı məktublar yazıb, faktlar təqdim etmişəm, ancaq xeyri olmayıb. Sanki şikayətlərimi daşa-divara deyirdim”.
Şikayətçi bildirib ki, əfv olunması üçün özünün və dayısı, şəhid atası Eldəniz Muradovun etdiyi müraciətlər də cavabsız qalıb. “Mən bu dövlətə, millətə yeniyetməlik dövründən xidmət edən bir insan olmuşam. 15 yaşımdan hərbi liseydə təhsilə başlamışam. İllərdir heç kəs haqqımı müdafiə etmir. Hər yerə, bütün instansiyalara yazmışam, heç bir nəticə yoxdur. İndi mən nə etməliyəm? Həyatıma qəsdmi edim?”_deyə E.Məmmədov yazıb.

 

Gununsesi.info