Həkimlər Nərimanov Tibb Mərkəzindən niyə qaçmaq istəyir?

  • By admin
  • 13 Oktyabr 2022 11:37
“Nərimanov Tibb Mərkəzində” çalışan bir qrup həkim Gununsesi.info-nun elektron poçtuna məktub göndərib.
Tibb işçiləri redaksiyamıza yazdığı məktubunda çalışdıqları tibb ocağının acınacaqlı durumundan söz açıb. 
Onlar bildirir ki, ölkəmizdə fəaliyyət göstərən bütün dövlət xəstəxanaları içərisində ən savadlı, peşəkar və mütəxəssislər  məhz “Nərimanov Tibb Mərkəzində” çalışırlar: “Bunu Bakı şəhərinin sakinləri, Səhiyyə Nazirliyi və TƏBİB rəhbərliyi də çox gözəl bilir. Lakin Nərimanov Tibb Mərkəzinə müalicə və müayinə üçün gələn yerli və xarici pasiyentlər Tibb Mərkəzin baxımsız, təmirsiz və çirkli olmasını görəndə təəccüb edir.  Pasiyentlər tərəfindən həkimləri barəsində daha çox şikayətlərin olunduğu və el arasında “morq” adlandırılan “Semaşko”(1 Saylı Kliniki Tibbi Mərkəz) və “3 Saylı Sabunçu Xəstəxanası” bir neçə il öncə müasir üslubda  təmir olunub və istifadəyə verilib, amma “Nərimanov Tibb Mərkəzi” (keçmiş 5 saylı xəstəxana) şəhərin mərkəzi küçələrindən birində yerləşməsinə baxmayaraq sovetlər dövründən necə tikilibsə elə də qalıb. Binanın fasadına baxanda  SSRİ dövründəki hərbi hissələri xatırladır.
Maraqlıdır, niyə TƏBİB və Səhiyyə nazirliyi “Nərimanov Tibb Mərkəzini” təmirə bağlayıb heyətini müvəqqəti olaraq “Yeni Klinika”-ya və ya digər xəstəxanalara ezam etmirlər?
Bu sualın cavabını ala bilsəniz sizə minnətdar olarıq.
Həkimlərin sualı ilə bağlı TƏBİB-ə etdiyimiz sorğu cavabsız qaldığından mövzunu ictimaiyyətin mühakiməsinə buraxırıq.
Günay Təhməzova
Gununsesi.info