Həm bağlandı, həm də fəaliyyət göstərəcək - DEKABANK

  • By admin
  • 25 İyul 2016 12:00

deka

 

Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) lisenziyasını ötən həftə ləğv etdiyi “Dekabank” ASC bank olmayan kredit təşkilatı (BOKT) kimi maliyyə sektorunda fəaliyyətini davam etdirməyə qərar verib. Gununsesi.info “report.az”a istinadən xəbər verir ki, bunu Bankın İdarə Heyətinin sədri İsmayıl Əliyev deyib.

Onun sözlərinə görə, artıq bu məsələ “Dekabank”ın səhmdarları ilə MBNP arasında razılaşdırılıb: “Hazırda Bankın ləğv edilməsi ilə bağlı işlər gedir. Məhkəmə qərarı ilə Azərbaycan Əmanətlərin Sığortalanması Fondu “Dekabank”ın ləğvedicisi təyin edilib. Bu işlər başa çatandan, öhdəliklər yerinə yetiriləndən sonra BOKT kimi fəaliyyət göstərəcəyik”.

Qeyd edək ki, “Dekabank” 1992-ci ildən fəaliyyət göstərib. Onun nizamnamə kapitalı 52,767 mln. manat olub. Bu məbləğ hər birinin nominal qiyməti 1 100 manat olan 47 970 səhm əsasında formalaşıb.

Xatırladaq ki, bundan əvvəl “Parabank” ASC də BOKT kimi bazarda qalmağa qərar verib.

 

Gununsesi.info