“Həqiqi müxalifət mövqeyində olan partiyalara münasibət dəyişməlidir” – ASLAN İSMAYILOV YAZIR

  • By admin
  • 23 Dekabr 2020 15:33

Rusiya müxalifətinin lideri Aleksey Navalnının zəhərlənməsi, ondan sonra aparılan araşdırmalar, Rusiyanın daxilində artan xətlə davam edən gərginlik Azərbaycan ictimaiyyətinin diqqətindən kənarda qaldı. Hesab edirəm ki, bu, tək Azərbaycan üçün deyil, SSRİ dağılandan sonra müstəqillik qazanmış bütün dövlətlər üçün çox önəmlidir.

2019-cu ilin əvvəllərindən başlayaraq səhifələrimdə elan etdim ki, qarşımızdakı il, yəni 2020- ci il Qarabağ probleminin həll olunması üçün sonuncu şansımız olacaq. İndi də yenə bildirirəm ki, qarşımızdakı il, yəni 2021-ci il Dövlət müstəqilliyimizi qorumaq üçün sonuncu və ən çətin ilimiz olacaq. Əgər qarşımızdakıl il müstəqilliyimizi qoruyub saxlaya bilsək, ondan sonra tam müstəqil Dövlətimizin inkişafı ilə məşğul ola biləcəyik. Bunun üçün isə hamımız ölkədə son vaxtlar yaranmış Milli Birliyi saxlamalı və buna xələl gətirən addımlardan qaçmalıyıq.

Nə üçün belə bir məsuliyyətli fikri irəli sürdüyümü diqqətinizə çatdırıram? Hadisələri diqqətlə təhlil edənlər bu gün regionda təxminən 100 il bundan öncə baş vermiş hadisələrin cərəyan etdiyini və artıq pik nöqtəsinə yaxınlaşdığını görərlər. 1920-ci ilin əvvəllərində də Cənubi Qafqazda müstəqilliklərini az öncə elan etmiş Azərbaycan, Ermənistan və Gürcüstan dövlət quruculuğunu davam edirirdilər. Onda da hər 3 respublikanın zəifləməsi üçün regionda milli münaqişə ocaqları yaradıldı və Rusiya SSRİ adı altında 3 ölkəni hamısını içində olan, müstəqilliyinin nə qədər önəmli olduğunu anlamayan qüvvələrin köməkliyi ilə çox asanlıqla işğal etdi.

Əlbəttə, bu dəfə Rusiya üçün keçən dəfə olduğu kimi asan olmayacaq, ancaq buna cəhdlər olacağına heç bir şübhəm yoxdur. Bu istək, xüsusilə V.Putin hakimiyyətə gəldikdən sonra, onun “SSRİ-nin dağılması əsrin ən böyük geosiyasi fəlakətidir” ifadəsi ilə başladı. Ona görə də, bu gün hamı Rusiyanın daxilində baş verən hadisələri diqqətlə izləməklə onun atacağı addımları görməyə çalışmalı və önləmək haqqında düşünməlidir.

A.Navalnının zəhərlənməsi və bundan sonra baş verən hadisələr artıq Rusiya hakimiyyətinin içindən çürüdüyünü və bunu çox yaxşı başa düşən keçmiş hərbi, kəşfiyyat zabitlərindən ibarət hakimiyyət komandasının ciddi narahat olduğunu görməmək mümkün deyil. Dünyada neftin qiymətinin düşməsi, koronavirus dalğası və Krım hadisələrindən başlayaraq Qərbin Rusiyaya tətbiq etdiyi sanksiyalar Rusiyada iqtisadi böhranı görünməmiş həddə çatdırıb. Ona görə də, hər dəfə olduğu kimi, ölkə içindəki ağır vəziyyətdən çıxmaq, onu xaricə yönləndirmək üçün bu ilin əvvəllərindən başlayaraq Rusiya Qazaxıstanda və Qırğıstanda gərginlik yaratmağa başladı. Onun ardınca hadisələr Belarusda da, nəzarətdən çıxmağa başladı.

Moldovada Rusiyanın arzulamadığı şəxs Prezident seçildi və dərhal Rusiya qoşunlarının Moldovadan çıxarılmasını tələb etdi. Bunun ardınca Qarabağda savaş başladı və hadisələr Rusiyanın arzuladığı senaridən kənara çıxdı.

Əlbəttə, Rusiya Qarabağda müharibə başlamasını istəyirdi, ancaq bunun belə tez və bu nəticələrlə yekunlaşacağını, ən əsası, yekunda N.Paşinyanın tab gətirib hakimiyyətdə qalacağını gözləmirdi. Rusiyanın arzuladığı Qarabağ savaşı zamanı ən çoxu, 5 rayonun azad edilməsi, müharibənin uzun sürməsi və N.Paşinyanın devrilməsi idi. Bu isə baş vermədi. Azərbaycan nəinki 7 rayonu, hətta Şuşa şəhərini və keçmiş Dağlıq Qarabağa aid bir çox ərazilərini azad etdi, N.Paşinyan Rusiyanın bütün ciddi cəhdlərinə baxmayaraq hələ də hakimiyyətdə qalmaqda davam edir.

Rusiya ancaq sülhməramlı qüvvələr adı altında öz hərbçilərini Dağlıq Qarabağa yerləşdirməyə nail oldu. Ona görə də, Rusiya Dağlıq Qarabağdakı vəziyyəti ora yerləşdirdiyi hərbçilərinin köməkliyi ilə daim gərginləşdirməkdə davam edəcək. Hadisələri diqqətlə izləyənlər Rusiya rəhbər şəxslərinin anonsundan onun gələcək addımlarını görə bilərlər.

Xüsusilə, son günlər A.Navalnının zəhərlənməsi, ardınca həmin faktın araşdırılması ilə ortaya çıxan materiallar Rusiya hakimiyyət dairələrini tam çaşdırdığından, artıq istəkləri və edəcəklərini az qala açıq şəkildə bəyan edirlər.

Son günlər Rusiya hakimiyyətinin rəhbər şəxsləri açıqca Belarusda vəziyyətin nəzarətdən çıxacağını dilə gətirirlər. Gürcüstana ABŞ rəsmilərinin yaxın günlərdə olan səfərləri, NATO-ya inteqrasiya proseslərinin intensivləşməsi də, Rusiyada böyük qıcıq doğurdu.

Qarabağ Müharibəsindən dərhal sonra Ukraynanın Rusiya işğalında olan bir neçə kəndini azad etməsi və Moldovada Prezident seçkilərindən sonra rus qoşunlarının çıxarılması məsələsi qaldırılan kimi Rusiya rəsmiləri artıq açıq şəkildə bəyan etdilər ki, Qarabağdakı müharibə başqalarına çox pis nümunə oldu. Bununla bərabər bir çox Rusiya rəsmiləri Qazaxıstanın ərzisinə qarşı açıq iddia irəli sürdülər və bu barədə diplomatik qalmaqal hələ çox davam edəcək. Elə dünən Rusiya Prezidenti V.Putinin Müdafiə Nazirliyinin kollegiyasında “Cənubi Qafqazda və Yaxın Şərqdə hadisələrin ciddi şəkildə gərginləşəcəyi gözləniləndir” deməsi artıq hədəfləri də açıq göstərdi. Bu iki regiondan Rusiya üçün ən əhəmiyyətlisi də elə Cənubi Qafqazdır.

2021- ci ildə də Rusiyanın gərginləşdirəcəyi regionun da keçmiş SSRİ məkanı, ilk növbədə də Cənubi Qafqazın olacağı ehtimalı yüksəkdir. Əlbəttə, Rusiya eyni vaxtda bütün keçmiş SSRİ-dən sonra yaranmış dövlətlərə qoşun yeritməyəcək. Ancaq başqa dövlətləri ram etmək, onları qorxutmaq üçün bu ölkələrdən birinə qoşun yeridib qan tökəcək. Ona görə Azərbaycanda hamı, xüsusilə hakimiyyət çox ehtiyatlı davranmalı və çalışıb Rusiyanın böyük qan tökmək üçün seçəcəyi ölkəyə çevrilməkdən qaçmalıdır. Bu, çox ciddi və mürəkkəb məsələdir. Bütün risklərin hesablanması üçün xüsusi bir analitik mərkəzin yaranmasına ehtiyac var. Bu dövr ərzində çalışıb, müstəqilliyimizə xələl gətirməməklə, maksimum Rusiya ilə münasibətləri korlamaqdan çəkinmək, tez bir zamanda Qarabağda türk hərbçilərinin yerləşməsini təmin etmək, cürbəcür adlarla onların sayını artırmaq lazımdır. Bu zaman nəzərdə saxlamaq lazımdır ki, son yüz ildə yenidən Türkiyənin Cənubi Qafqaza gəlməsi Rusiyanı ən çox qıcıqlandıran addımdır. Bununla belə, artıq Türkiyənin Cənubi Qafqazda real nüfuz sahibi olması da faktdır. Bu ərəfədə 3 tərəfli Bəyanatda nəzərdə tutulduğu kimi, beynəlxalq gücləri də Qarabağda münasibətlərin tənzimlənməsinə cəlb etmək lazımdır. Bu, Rusiya-Türkiyə münasibətləri pozulacağı təqdirdə Azərbaycanın müharibə meydanına çevrilməsinin qarşısını ala bilər. Bir daha təkrar edirəm, Rusiyanın qonşu dövlətlərdən birinə qoşun yeridib böyük qan tökəcəyi qaçılmazdır. Biz bu dəfə 20 Yanvarı təkrarlayıb həmin məkana çevrilməkdən qaçmalıyıq. Rusiyanın indiki imperiya siyasəti ilə onu da SSRİ-nin aqibəti gözlədiyinə isə şübhəm yoxdur. Bunun üçün ilk növbədə ölkə daxilindəki hadisələr çox diqqətlə izlənilməlidir. Müharibədən dərhal sonra onun çox uğurlu nəticələrini kölgələmək, Orduda olan çatışmazlıqları bilərəkdən şişirtmək, Prezident İlham Əliyev ilə Ordu arasında qarşıdurma yaratmaq cəhdləri artıq açıq-aşkar görünür. Bütün bu kimi addımların çatışmazlıqları aradan qaldırmaq yox, insanların çətin maddi və mənəvi durumundan istifadə edərək ölkədə olan Milli Birliyi pozmaq və qarışıqlıq yaratmaq cəhdləri olduğuna da şübhə etmirəm. Bunu idarə edən qüvvələr də açıq şəkildə ortadadırlar. Kimin hansı münasibət bildirməsindən asılı olmayaraq həmin qüvvələrin Rusiya və İrandan qaynaqlandıqlarını, bu işdə bəzilərinin bilərəkdən, bəzilərinin isə bilməyərəkdən iştirak etdiyini bildirirəm. Bunun üçün heç uzağa getmək lazım deyil. Adlarını sadaladıqlarım ölkələrin nəzarətində olan qəzet, sayt və fəalların yazı və çıxışlarını izləmək kifayətdir. Ona görə də, hakimiyyət rəsmiləri Qələbədən dərhal sonra yaranmış arxayınlığı unutmalı və vəzifə borclarını yerinə yetirməlidirlər. Onlar bilməlidirlər ki, iqtisadi krizis, pandemiya, bunun ardıca Vətən Müharibəsi artıq vətəndaşların maddi və mənəvi durumlarını böhran həddinə gətirib və vəziyyətləri dözülməzdir. Sadaladığım qüvvələr isə bundan məharətlə istifadə edib hadisələri nəzarətdən çıxartmağa çalışırlar. Bu gün birinci növbədə nəyin bahasına olursa-olsun müharibənin nəticələri ilə bağlı yaranmış problemlər tezliklə həllini tapmalıdır. Şəhid ailələrinin, yaralıların, bu gün də cəbhə xəttində olanların bütün problemləri həll olunmalıdır. Vətən Müharibəsi dövrü bir çox yarıtmazlığını ortaya qoyan Müdafiə Nazirliyinin rəhbərliyi təcili dəyişməli və Böyük Vətən Müharibəsində uğur qazanmış hərbçilərlə əvəzlənməlidirlər. Orduda təxirə salınmadan ciddi islahatlar aparılmalıdır. Müharibə dövrü haqlı olaraq vəzifələrindən azad edilmiş yüksək rütbəli hərbçilərin əməlləri vətəndaşlara açıqlanmalı və cəzalarını almalıdırlar. Hakimiyyət rəsmiləri bilməlidirlər ki, müharibədə iştirak etmiş bütün hərbçilər ciddi psixoloji travma alıblar və bu gün hərbidəkilərin və tərxis olunmuşların ciddi nəzarətə və qayğıya ehtiyacları var. Müharibədən öncə  elan edilmiş və başlanmış islahatlar daha ciddi və səmərəli aparılmalıdır.

Xüsusilə, icra orqanlarında təmizləmə əməliyyatları davam etməlidir. Tərtərin icra başçısı kimilərin bu hakimiyyət üçün ən böyük təhlükə olduğunu anlamalıdırlar. Yerlərdə olan hakimiyyət nümayəndələri xalqla açıq təmas qurmalı və onların çətin maddi durumlarının həllində səmimi iştirak etməlidirlər. Bu ayrı-ayrı aktivistlər üçün şərait yaradılması anlamına gəlməməli və bütün xalqı əhatə etməlidir.

Siyasi partiyalarla və qeyri-hökümət təşkilatları ilə iş yenidən qurulmalı və həqiqi müxalifət mövqeyində olan partiyalara münasibət dəyişməlidir. Hakimiyyət anlamalıdır ki, Dövlətçiliyin nə olduğunu anlayan güclü müxalifət olmayınca heç vaxt güclü hakimiyyət olmayacaq.

Bu gün, xüsusilə Vətən Müharibəsindən sonra müxalifət partiyalarının və qeyri-hökümət təşkilatlarının Dövlətçilik üçün önəmi çox böyükdür. Qarşıdakı dövr Qərbin Azərbayana qarşı insan hüquq və azadlıqları ilə bağlı basqıların artacağına heç kimin şübhəsi olmasın. Vətən Müharibəsi və ondan sonrakı hadisələr dövrü Milli Məclisin yarıtmaz və vətəndaşlara təsirinin sıfır vəziyyətdə olduğu açıq göründü. Ona görə də ölkədə stabilliyi təmin etmək üçün yeni Parlament seçkilərinin elan olunması və həqiqi seçkilərə başlanılması çox önəmlidir. Sonda bütün vətəndaşlar, xüsusilə müxalifət liderləri və ziyalı adlandırdığımız təbəqə bu həlledici dövr öz məsuliyyətini anlamalı, populizmdən uzaq olmalı və müharibədə qazanılmış Qələbənin uğurla yekunlaşmasında və müstəqilliyimizin qorunmasında məsuliyyətini dərk etməlidirlər. Allah Azərbaycanı qorusun!

 

Aslan İsmayılov

Gununsesi.org