Hərbçilərin də pensiyaları ARTIRILIR

  • By admin
  • 10 Fevral 2022 11:36

Pensiyaların indeksləşdirilməsindən sonra ən çox verilən suallardan biri də qulluq stajına görə əlavələrlə pensiya təyin edilmiş şəxslərin bu imkandan yararlana bilib-bilməməsi ilə bağlıdır. Söhbət daha çox pensiyaya çıxmış hərbçilər, hüquq-mühafizə orqanlarının əməkdaşları, dövlət qulluqçularından gedir.

Bu barədə Modern.az-a danışan Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayarmov bildirib ki, hazırda bu kateqoriya üzrə vətəndaşlarımızın sayı 99 min nəfərdir:

“Daha çox da suallar pensiyaya çıxmış hərbçilərin pensiyalarının indeksləşdirilməsi və pensiyalarının artıb-artmaması ilə bağlı olur.

“Əmək Pensiyaları” haqqında qanuna uyğun olaraq bu kateqoriyadan olan pensiyaçıların pensiyaları sığorta prinsipindən kənar formalaşdığı üçün indekləşdirmə onların pensiyalarının ümumi məbləğinə aid edilmir.

Bununa belə, Azərbaycan Prezidentinin imzaladığı “Əmək pensiyaçılarının sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında” Sərəncam bu şəxslərə də 2022-ci ildə dövlət dəstəyinin göstərilməsinə və ümumi pensiya məbləğlərinin hər il artırılmasına imkan yaradacaq”.

Parlamentari qeyd edib ki, yeni Sərəncam Prezident tərəfindən Nazirlər Kabinetinə bu kateqoriyadan olan pensiyaçıların pensiyalarının indeksləşdirilməklə artırılması, habelə 2022-ci il üzrə maddi dəstəyin göstərilməsinə dair təkliflərin 1 ay müddətində təqdim edilməsi tapşırılıb:

“Bu isə o deməkdir ki, Nazirlər Kabineti bu kateqoriyadan olan vətəndaşlarımızın pensiyalarının indeksləşdirilməklə artırılması, habelə 2022-ci il üzrə maddi dəstəyin göstərilməsinə dair təkliflərini martın 8-dək dövlət başçısına təqdim edəcək.

Deməli, qısa zamanda pensiyaya çıxmış hərbçilərin, o cümlədən hüquq-mühafizə orqanlarının əməkdaşları, dövlət qulluqçularının da pensiyalarında artımlar olmaqla 2022-ci ildə maddi yardım ala biləcəklər”.

Gununsesi.info