Habil Vəliyevin məhkəmələrdəki müdafiəçiləri cəzalandırılmalıdır

  • By admin
  • 13 Dekabr 2016 13:52

habil

Mötəbər sübutlarla məhkəmələrə verilən baş redaktor necə “məğlubedilməz” olurdu?

Azərbaycan Dövlət Təhlükəsizlik Xidməti əməkdaşlarının “Gündəlik Bakı” qəzetinin baş redaktorunu və onun da daxil olduğu şəbəkənin ifşası bir sıra suallara yol açdı…

Məlum olur ki, indiyədək nə Mətbuat Şurasının ictimai qınağı, nə də məhkəmələrdə qaldırılmış çoxsaylı mülki və cinayət təqibli iddialar bu qəzetin baş redaktorunu islah edə bilməyib, qanunsuz və çirkin əməllərindən çəkindirməyib. Ona qarşı çoxsaylı məhkəmə qərarlarının da təsiri olmayıb. Böhtan atdığı və şantaj etdiyi qarşı tərəfin iradlarına isə “asarıq, kəsərik…” dilində danışan bu baş redaktorun barəsində hələ 2016-cı ilin iyunun 15-də Prezidentin köməkçisi cənab Əli Həsənov son sözünü demişdi.
Hörmətli Əli müəllim Milli Məclisdəki rəsmi çıxışından bəlli olurdu ki, nazirlərdən biri ona zəng edərək deyib ki, Əli müəllim, bu “Gündəlik Bakı” qəzeti məni şantaj edir, ağır formada təhqir edir, təhdidləyir, onun barəsində neyləyim? Cənab Ə.Həsənov isə həmin nazirə bildirir ki, qəzeti və onun baş redaktorunu versin məhkəməyə… Bu qəzetin təhqir və şantajları qarşısında çıxılmaz vəziyyətə düşən nazir isə bildirir ki, “Axı onun üzərində 15 məhkəmə qərarı var… İndi necə məhkəməyə verim onu?” və sair və ilaxır…

Məhkəmələrdə hakimlərin himayə etdiyi baş redaktor…

Bəli, məsələ aydındır! Necə deyərlər, əlindən mərdimazarlıq gəlməyən humanist nazirin təbirincə desək, Habil Vəliyevin üzərində 15 məhkəmə qərarı var, amma o, qanunları tanımadığı kimi, məhkəmə qərarlarını da saya salmır, vecinə almırdı. Və kimsə də irəli durub ona “Bəsdir!” demirdi. Onun isə elementar məsuliyyəti yox idi ki, insanların şərəf və ləyaqətini tapdamaqdan əl çəksin…
Məncə, bütün bunlar ondan qaynaqlanır ki, Habil Vəliyevi məhkəmələrdə müdafiəsini quran şəxs və ya şəxslər var. Çünki bircə dəfə onun barəsində 1 il azadlıqdan məhrumetmə hökmü çıxarılsaydı, yəqin ki onda düşdüyü yoldan çəkinərdi…
H.Vəliyevin həbsindən sonra onun barəsində KİV-də dərc olunan məlumatlara diqqət edirik. Hətta qatı cinayətlərdə adı hallananlara belə kimsənin müdafiə çıxışı vardır, amma Habil Vəliyevin barəsində bir kimsənin müsbət nəsə sözünə rast gəlinmir, əksinə, hamı onun həbsini alqışlayır… Bu, ən böyük cəzadır insan üçün! Səni cəmiyyətdə bircə nəfər belə istəməyə, bundan betər zəhərə dönmüş həyat olarmı?!
***
Bu da Habil Vəliyevin məhkəmə statistikasından bir neçə nümunə: 20.06.2016-cı ildə Yasamal Rayon Məhkəməsində hakim Hüseyn Səfərovun sədrliyi ilə ARDNŞ-nin Neft Kəmərləri İdarəsinin sabiq rəisi, YAP İdarə Heyətinin üzvü Rizvan Əkbər oğlu Vahabovun “Gündəlik Bakı” qəzetinin təsisçisi və baş redaktoru, YAP üzvü, Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin Yasamal rayon şöbəsinin sədri, seçki məntəqəsinin sədri Habil Vəliyevə qarşı CM-nin 147.1, 147.2 və 148-ci maddələrinə əsasən xüsusi ittiham qaydasında şikayətinə dair məhkəmə prosesi keçirilir… Qarşı tərəf bütün mühüm maddi sübutları məhkəməyə təqdim edir… Sonda hakim şikayəti rədd edir. Hansı ki, H.Vəliyev rəhbəri olduğu qəzetdə şikayətçini olmazın aşağılayıcı ifadələrlə təhqir etməkdən əlavə, ona görünməmiş böhtanlar atmışdır. Amma nə fayda, bu dəfə də hakim Habil Vəliyevin müdafiəsində durur… Və bununla da Habil Vəliyevi növbəti qanunsuz əmələ sürükləyir, başqalarına böhtan atmağa və şantaj etməyə həvəsləndirir. Çünki cəzasızlıq bunlara münbit şərait yaradır…

Deputat xanıma böhtan atmağa dəyərdimi?

11 mart 2016-cı il. Deputat Elmira Axundova və oğlu Həbib Axundov “Gündəlik Bakı” qəzetindəki böhtan və təhqirlərlə bağlı məhkəməyə müraciət edir… Xətai Rayon Məhkəməsindən sonra şikayətə Bakı Apellyasiya Məhkəməsində baxılır… Yenə də məhkəmə çəkişməsi qəzetin xeyrinə bitir…

“Gündəlik Bakı”nın baş redaktoru yenidən məhkəmə qarşısında

2015-ci ilin dekabrın 4-də isə Yasamal rayon Məhkəməsində “Təzadlar” qəzetinin baş redaktoru Asif Mərzilinin “Gündəlik Bakı” qəzetinin təsisçisi və baş redaktoru Habil Vəliyevin barəsində verilmiş “Xüsusi ittiham qaydasında” şikayətinə baxılıb. Hakim Azər Tağıyevin icraatında olan şikayətdə barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş Habil Vəliyevin rəhbəri olduğu qəzetin 20-yə yaxın saylarında əvvəlcədən yalan olduğunu bilə-bilə jurnalist Asif Mərzilinin barəsində böhtan dolu məqalələr dərc edilib, onu xüsusilə ağır cinayətlər törətməkdə ittiham ediblər… Məhkəmənin hazırlıq iclasından sonra hakim Azər Tağıyev şikayətin icraata qəbul edilməməsi barədə qərar qəbul edir… Şikayətçi həmin qərardan Bakı Apellyasiya Məhkəməsinə şikayət edir… Burada da Habil Vəliyevin xeyrinə qərar çıxarılır…

Cəbrayılın icra başçısı da məhkəməni uduzur…

Avqust 2012-ci il… Yasamal rayon Məhkəməsində hakim Xəqani Tağıyevin sədrliyi ilə Laçın rayonunun icra başçısı Ramiz Cəbrayılovun “Gündəlik Bakı” qəzetinin baş redaktoru Habil Vəliyevə qarşı Cinayət Məcəlləsinin (CM) 147.2-ci (ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) və 148-ci (təhqir) maddələrinə əsasən xüsusi ittiham qaydasında iddiasına əsasən məhkəmə hazırlıq iclası keçirilir. Şikayət icraata qəbul edilir və hakim X.Tağıyev prosesi 14 avqust saat 12:15-ə təyin edir… Amma sonradan yenə də “sehirli əl” Habil Vəliyevi xilas edir…

Gədəbəyin İcra başçısının müavini isə Habil Vəliyevin xeyrinə olan qərardan əsəbləşib Avropa Məhkəməsinə müraciət edəcəyini deyir…

Fevral 2016-cı il… Yasamal Rayon Məhkəməsində hakim Hüseyn Səfərovun sədrliyi ilə Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Qüdrət Paşayevin “Gündəlik Bakı” qəzetinin təsisçisi və baş redaktoru, Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin Yasamal rayon şöbəsinin sədri Habil Vəliyevə, eyni zamanda “Bizim Dövr” qəzetinin baş redaktoru Surxay Əliyevə qarşı Cinayət Məcəlləsinin 147.1 və 147.2-ci maddələrinə əsasən xüsusi ittiham qaydasında iddiasına əsasən növbəti məhkəmə prosesi keçirilir. Bir ildən artıqdır davam edən məhkəmə prosesi daha öncə Yasamal Rayon Məhkəməsində hakim Anar Rzayevin icraatında olur… Nəticə yenə də şikayətçini qane etmir, yenə də Habil Vəliyev məlum yazılarını yazmaqda davamlı olur…

“Hacı Mazan” MMC-nin təsisçisi də şikayətçidir, amma…

Sentyabr 2012-ci il… Bakı Apellyasiya Məhkəməsində hakim Cəmilə Səfiyevanın sədrliyi ilə “Hacı Mazan” MMC-nin təsisçisi Ramazan Zeynalovun “Gündəlik Bakı” qəzetinin təsisçisi və baş redaktoru Habil Vəliyevə qarşı şərəf və ləyaqətin müdafiəsi ilə bağlı qaldırdığı iddiaya əsasən Yasamal rayon məhkəməsinin çıxardığı qərardan iddiaçı tərəfin verdiyi apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilir. Məlum olur ki, bu iddiaya Yasamal rayon Məhkəməsində baxılıb, hakim… Habil Vəliyevin müdafiəsində durub və… İndiki prosesdə isə iddiaçı Yasamal rayon Məhkəməsinin çıxardığı qərarın ləğv edilməsini, iddiaya səbəb olmuş yazılarla bağlı təkzib verilməsi, “Gündəlik Bakı” qəzetinin təsisçisi və baş redaktoru Habil Vəliyevdən 300.000 (üç yüz min) AZN tutularaq şirkətə ödənilməsini istəyir… Yenə də Habil Vəliyev sudan quru çıxır…

Habil Vəliyevin barəsində məhkəmə hökmü çıxarıldı – 1,6 ay, amma…

2009-cu ildə “Gündəlik Bakı” qəzetində Müdafiə Nazirliyi Mənzil İstismar bölüyünün rəisi Mehman Hacəliyevin qanunsuz hərəkətləri barədə yazılar dərc olunur… Qarşı tərəf prokurorluğa (o vaxtkı qanunvericilik belə tələb edirdi) şikayət edir, Yasamal rayon Prokurorluğunda cinayət işi açılır. Dövlət ittihamçısı çıxışında Vəliyevə 1 il 10 ay azadlıqdan məhrumetmə cəzasının verilməsini istəyir… Cinayət Məcəlləsinin hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə (315.1) və torpaq üzərində mülkiyyət hüququnu pozma (188) maddəsi ilə təqsirli bilinən baş redaktor Habil Vəliyevin barəsində hökm çıxarılır, amma…
***
Belə məhkəmə qərarları və ya hökmlərinin artıq 15 olduğu deyilir… “Qafqaz Müsəlmanları İdarəsinin şeyxi Hacı Allahşükür Paşazadənin, Sabirabadın keçmiş rəisi, sabiq deputat Cahangir Hüseynovun, Beyləqan rayon Mərkəzi Xəstəxanasının baş həkiminin… iddiaları üzrə keçirilən məhkəmə prosesləri də fayda vermir… Baş redaktor yenə də islah olunmur! Axı nədir məqsəd? Lakin DTX-nın son həbsləri göstərirdi ki, artıq rəsmiyyətdə də bu baş redaktorun əməli sarıdan “bıçaq boğaza” dirənib, geriyə yol yoxdur.

Habil Vəliyevi himayə edən hakimlər və vəkillər də cəzalandırılacaq!

Hökumətdən gələn xəbərlər diqqəti cəlb edir. Mənbə bildirir ki, artıq məsələ başqa prizmadan yanaşılaraq həll ediləcək. Belə ki, adətən cinayətkara şərait yaradan onun özündən təhlükəli olur. Bunun hərfi mənası budur ki, Habil Vəliyevi məhkəmələrdə müdafiə edən hakimlər, hüquqlarını qoruyan vəkillər də məsuliyyət daşıyırlar. Əgər hakim, yaxud vəkil ona reallığı başa salıb qanuna əməl etməyi ciddi şəkildə başa salsaydı, o, heç vaxt bu qədər azğınlaşa bilməzdi.
***
Yeri gəlmişkən, hakimlərin adını çəkdik… Habil Vəliyevin Əliyev Fərzalı Qurban oğlu adında bir vəkili var. Vəkillər Kollegiyasının üzvüdür. Həmçinin o, Vaqif Şıxəliyev adlı bir iş adamının da vəkilidir. Sonuncu Habil Vəliyevin can bir dostudur! Əgər vəkil Habil Vəliyevin göz görə-görə qanunsuz əməllərini nəyin bahasına… olursa-olsun, məhkəmələrdə, digər instansiyalarda müdafiə edib, ona bəraət aldırırdısa, bunda vəkilin “Vəkilin etik davranış” Qaydalarını pozması və qanunun tələblərinə zidd getmək, peşə Kodeksinə arxa çevirmək kimi günahı az deyil. Bəli, vəkilin vəzifəsi cinayətkarın belə hüquqlarını müdafiə etməkdir, amma önun özünü yox… Cinayətkara əməlinin cəmiyyət üçün nə qədər təhlükəli olduğu başa salınsaydı, yəqin ki o, törədəcəyi digər əməllərindən çəkinər… Amma faktlar göstərir ki, H.Vəliyevi bu yoldan çəkindirən olmayıb, əksinə ona həvəsləndirici meydan verilib…(Tazadlar.az)

Gununsesi.info