XƏBƏR LENTİ

15 Dekabr 2017

20 Noyabr 2017 - 12:48

Hacı İbrahim “Quska”nın adamları tərəfindən atəşə tutulmasından danışdı:"OFİSİMƏ GƏLİB, MƏNİ AXTARIBLAR"

“Avesta” şirkətinin prezidenti, tanınmış iş adamı Hacı İbrahim Nehrəmli (İbrahim İbrahimov) Almaniyada mühacirətdə olan “Quska” ləqəbli keçmiş deputat Hüseyn Abdullayevin rəhbərlik etdiyi silahlı dəstə üzvləri tərəfindən avtomat atəşinə tutulması xəbərlərinə münasibət bildirib.

Gununsesi.info-nun məlumatına görə, Hacı İbrahim Nehrəmli “ölkə.az”a açıqlamasında deyib ki, onun ofisinin silahla atəşə tutulması barədə yayılan xəbərlər yalandır:

“Bütün bunlar yalan söhbətdir. “Quska” məni və ofisimi heç zaman silahla atəşə tutmayıb. Sadəcə olaraq, 1995-ci il dekabrın 10-da Hüseyn Abdullayevin 20 nəfər adamı ofisimə gəlib, məni axtarıblar. O vaxtı mən indiki Ədliyyə Nazirliyinin binasında otururdum. Həmin vaxtı bazar günü olduğu üçün, mən işə çıxmamışdım. Sonradan mənə zəng etmişdilər. Mən nə üçün gəldiklərinin səbəbini soruşanda dedilər ki, guya Ukraynadan dəmir gətirirəm və sairə. Onlara dedim ki, mən heç bir dəmir işi ilə məşğul deyiləm. Siz səhv ünvana gəlmisiniz. Bundan sonra “Quska” məndən üzr istədi və məsələ bitdi. Daha heç bir silahlı atışma və sairə olmayıb”.

Hüseyn Abdullayevin Ukraynadan dəmir daşınması məsələsi ilə bağlı onunla əlaqə saxladığını vurğulayan İbrahim Nehərmli qeyd edib ki, qardaşı Nazim İbrahimovun həmin ərəfədə Ukraynada səfir olmasının bununla heç bir əlaqəsi olmayıb: “Bu hadisə 1995-ci ilin dekabrında baş verib. Həmin vaxtı isə Nazim İbrahimov Ukraynada səfir deyildi. Sadəcə olaraq Hüseyn Abdullayevin adamları düşünürdülər ki, mən dəmir gətirilməsi işinə baxıram. Mən də onlara bu işlə heç bir əlaqəmin olmadığını bildirmişəm. Bununla da məsələ bağlanıb”.

Gununsesi.info