Hacı Qalibin torpaqları zəbt etməsi ilə bağlı iddia - FOTOLAR

  • By admin
  • 28 Avqust 2019 12:06

Ötən gün bir neçə narazı vətəndaş İnsan Hüquqları üzrə Birgə İşçi Qrupa müraciət edərək eks-deputat Hacı Qalib Salahzadənin Bilgəhdə onlara məxsus torpaqları zəbt etməsi iddiası ilə bağlı mətbuat konfransı keçirib.

Gununsesi.org-un məlumatına görə, tədbirdə çıxış edən şikayətçi Seymur Quliyev bildirib ki, Bilgəhdə Aslan Salahzadə küçəsi: döngə 21, ev 1-də yerləşən torpağı və mülkü Qalib Salahzadə tərəfindən zəbt olunub: “Qonşum Nurid Əliyevin də ev: 2 ünvanındakı ərazisi eyni üsulla zəbt edilib.

Mən həmin torpağı 2004-cü ildə alqı-satqı yolu ilə Nazim Babazadədən almışam. Bununla bağlı çıxarışım da var. 2011-ci ildə mən xaricdə idim. Sabunçu rayon 14-cü polis bölməsindən zəng edərək dedilər ki, guya, mən 3 nəfər silahlı şəxslə qeyd etdiyim ünvandakı torpağı və mənzili zəbt etmişəm. Vəkilimə məsələni araşdırmasını tapşırdım. Məlum oldu ki, guya, həmin torpaq Bilgəh Bələdiyyəsi tərəfindən 2002-ci ildə Qalib Salahzadənin qardaşının həyat yoldaşı olan Rəhilə Salahzadəyə 375 milyona satılıb. Mən daha sonra bu satışı da araşdırdım. Həmin satış çeki 2005-ci ildə sifariş olunub. Necə olub ki, 2003-cü ildə Rəhilə Salahzadəyə verilib? Bu, saxta sənəddir.

Halbuki həmin torpaq bələdiyyə mülkiyyətində olmayıb. Alqı-satqı yolu ilə aldığım torpaqdır. 2011-ci ilə qədər torpağımda 3 mərtəbəli ev tikdirmişdim. Həyətdə böyük hovuzum, şirin su quyusu var idi. 2012- ci ildə torpağımı zəbt edəndən sonra Hacı Qalib evimi, hovuzumu yox edib. Hazırda torpağımda ev qalmayıb. Hacı Qalib oranı parkinq edib. Yaxınlıqda “Şəbəkə” restoranı fəaliyyət göstərir. O restoranın müştəriləri üçün pullu parkinq yaradılıb. Hacı Qalib mənə 2 milyon 460 min manat məbləğində maddi ziyan vurub. Bu, aparılmış audit nəticəsində təsdiq olunub. Bu illər ərzində dəfələrlə hüquq-mühafizə orqanlarına müraciət etmişəm. Baş prokuror Zakir Qaralovla, prezidentin hüquq-mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi-şöbə müdiri Fuad Ələsgərovla və digər bir neçə yüksək vəzifəli şəxslə də görüşmüşəm. Amma bu Hacı Qalib heç bir orqanın verdiyi qərara hörmət etmir. O heç kimin sözünü də eşitmir və heç kəsdən qorxmadığını bildirir. Halbuki 15 aydır ki, Cinayət Məcəlləsinin 3 maddəsi ilə cinayət işi açılıb. Hazırda 2 saylı İnzibati İqtisad Məhkəməsində zərərin ödənilməsi ilə bağlı iş gedir”.

Digər zərərçəkmiş Ağasif Şakiroğlu isə iddia edib ki, Bilgəhdə “Xəzri” istirahət mərkəzinin yanında 127 sot ərazi də Hacı Qalib Salahzadə tərəfindən zəbt edilib: 

“Həmin ərazi mülklərin sahibləri tərəfindən müddətsiz etibarnamə ilə 2013-cü ildən mənə verilib. O vaxtdan da ərazimdən Hacı Qalibi çıxara bilmirəm. Bir dəfə çıxartmışdıq. 2015-ci ildə yenidən zəbt etdi. Sabunçu rayon Məhkəməsinə müraciət etmişdik. Onlar Hacı Qalibin lehinə qərar çıxardılar. Qərardan apelyasiya şikayəti vermişik. Apelyasiya mülklərin sahibi kimi məni tanıyıb. Hacı Qalib Apelyasiya Məhkəməsinin qərarından Ali Məhkəməyə şikayət edib. Ali Məhkəmə də apelyasiyanın qərarını qüvvədə saxlayıb. Bizə Əmlak Məsələləri üzrə Dövlət Komitəsi tərəfindən çıxarışlar da verilib. Polisdən və icra şöbəsindən ərazidən çıxması üçün vaxt istəmişdi. O müddət ərzində də ərazini dağıdıb və yararsız vəziyyətə salıb. Qapını dəyişdirib. Torpağımıza girə bilmirik, deyir ki, bura mənim babamın torpağıdır”.

“Qafqazinfo” məsələ ilə bağlı Hacı Qalib Salahzadənin də mövqeyini öyrənməyə çalışıb, lakin onunla əlaqə saxlamaq mümkün olmayıb. 

Günel Türksoy

Sənəd: Seymur Quliyevin adına olan çıxarış

Gununsesi.org