Hacıbala Abutalıbovun oğlu İstanbulda tarixi binanın üzərində əlavə tikili inşa etdi - FOTO

Bakı Şəhər İcra Hakimiyyətinin sabiq başçısı Hacıbala Abutalıbovun oğlu İsrafil Abutalıbov İstanbulda tarixi binaya qanunsuz müdaxilə edib.

Gununsesi.info APA-ya istinadla xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Bildirilib ki, İsrafil Abutalıbov İstanbulun Fatih bölgəsində yerləşən tarixi binanın üstündə yeni mərtəbə inşa edib.
Nəşrin məlumatına görə, həmin bölgədə bir çox mülkə sahib olan İsrafil Abutalıbov bərpa adı altında binanın xarici görünüşünə xələl gətirib. Məsələ ilə bağlı şikayət edilsə də, binada inşaat işləri davam etdirilib.
İstanbul Böyük Şəhər Bələdiyyəsinə, Fatih Bələdiyyəsinə, eyni zamanda, aidiyyəti qurumlara edilən şikayətlərdən sonra binada lazımi yoxlamalar aparılıb və qanunsuz əlavələrin olduğu müəyyən edilib.
Qeyd edilib ki, lakin heç bir söküntü aparılmayıb, prokurorluğa müraciət isə nəticəsiz qalıb.