Hadi Rəcəbli: “Prezidentlik müddətinin 5 ildən 7 ilə qaldırılması büdcəyə də qənaət etməyə imkan verəcək”

  • By admin
  • 06 Sentyabr 2016 11:05

hadi

“Konstitutsiya təklif olunan dəyişikliklərin  bir məqsədi də dövlət idarəetmə sistemini daha da təkmilləşdirmək, mərkəzi icra hakimiyyətinin səmərəli fəaliyyətini təmin etmək, iqtisadi sahədə islahatlar kursuna uyğun yeni çevik və effektiv idarəetmə mexanizmi formalaşdırmaqdır. Odur ki, Referendum Aktının layihəsində üçüncü istiqamət Prezidentlik institutunun gücləndirilməsi ilə bağlıdır”.

Bunu Gununsesi.info-ya açıqlamasında YAP Siyasi Şirasının üzvü, Milli Məclisin (MM) komitə sədri Hadi Rəcəbli deyib

“Bununla da bağlı üç əsas yenilik təklif edilir: Prezident seçilmək üçün yaş tələbinin götürülməsi, Azərbaycan Respublikasının birinci vitse-prezidenti və vitse-prezidentləri vəzifələrinin təsis edilməsi, Prezidentlik müddətinin 7 il müəyyən edilməsi. Artıq yaş tələbinin götürülməsi dövlət hakimiyyətinin bütün qollarından olan şəxslərə münasibətdə tətbiq edilib və ümumi olaraq demokratik yanaşmadır”-deyən komitə sədrinin sözlərinə görə,  Avropa Şurasının Venesiya Komissiyasnın 52-ci plenar iclasında seçki məsələlərində ən yaxşı təcrübələrlə bağlı müvafiq hesabatında gəldiyi qənaət belədir ki, yalnız spesifik yüksək vəzifələr üçün yaş tələbi müəyyən edilə bilər və bu tələbin 25 yaşdan aşağı olmaması tövsiyə edilir. O, deyib ki,  yəni, yaşın 30 və ya 35 dən yuxarı olması şərt deyil: “Nəzərə alsaq ki, qeyd edilən spesifik yüksək vəzifələr üçün ali təhsil tələbi müəyyən edilir bu halda 18-20 yaşlarında gənclərin bu vəzifələrə seçilmə imkanları məhduddur. Həmçinin, qeyd edilməlidir ki, Konstitusiyada yaşla bağlı tələblərin qeyd edilməməsi onların digər qanunlarla (nümunə üçün Seçki Məcəlləsi) müəyyən edilməsini istisna etmir”.

Komitə sədrinin dediyinə görə, vitse-prezident vəzifələrinin təsis edilməsi prezidentin iş fəaliyyətinə dəstək, onun xarici səfərlərdə olduqda və ya zərurət yarandıqda Azərbaycan Prezidentinin səlahiyyətlərini icra etmək məqsədi ilə müəyyən edilib: “Layihədə vitse-prezidentin statusu və fəaliyyəti ilə bağlı ümumi müddəalar yer alıb. Bu, Azərbaycan üçün yeni bir institutdur və fəaliyyətinin gələcəkdə təmin edilməsi üçün müvafiq tədbirlər həyata keçiriləcək. Prezidentlik müddətinin artırılması əsas diqqətin sabitlik, iqtisadi inkişaf, sosial rifah və digər dövlət proqramlarının icrasına yönləndirilməsinə imkan verəcək. Prezidentin seçilmə müddətinin ölkədəki demokratik vəziyyətə və demoktratik institutların fəaliyətinə təsiri yoxdur. Dünya üzrə bir çox ölkələrin konstitusiyalarında prezidentlik müddəti 5 ildən çox 6-7 il müəyyən olunub. İtaliya, Finlandiya, Avstriya, İsrail, İrlandiya, Rusiya və Meksika kimi ölkələr buna nümunədir. Fransada və Türkiyədə uzun müddət prezidentlik müddəti 7 il olmuşdur və bu dövrdə Fransa və Türkiyədə demokratiya və iqtisadi vəziyyət geriləməməyib”.

H. Rəcəbli bildirib ki, prezidentlik müddətinin 5 ildən 7 ilə qaldırılması dövlətin siyasi, sosial inkişafı ilə yanaşı, həm də büdcəyə qənaət etməyə imkan verəcək: “Prezidentin başlamış olduğu dövlət proqramları, iqtisadi və xarici siyasətin həyata keçirilməsi, reallaşması üçün daha çox zamana ehtiyac var. Digər tərəfdən, həm də 5 ildən bir seçkilərin keçirilməsi maliyyə xərcləri tələb edir. Bu gün dünyada maliyyə böhranının olduğunu nəzərə alsaq, prezidentlik müddətinin Azərbaycanda 5 ildən 7 ilə qaldırılması mütərəqqi addım hesab oluna bilər”.

Gununsesi.info