“Hadisələr normallaşmasa, Türkiyə hərbçiləri köməyə gələ bilər” - DEPUTAT

  • By admin
  • 12 Avqust 2022 14:05

“Qarabağda hadisələr normallaşma istiqamətində inkişaf etməsə, Türkiyə hərbi kontingenti Azərbaycana köməyə gələ bilər”

Millət vəkili Cavanşir Feyziyev Moderator.az-a müsahibə verib. Həmin müsahibəni təqdim edirik:

– Rusiya sülhməramlılarının Qarabağdakı ermənipərəst davranışları rəsmi Bakının onların 5 illik mandatına yenidən baxmağa sövq edə bilərmi? Ümumiyyətlə, Türkiyənin hərbi kontingentinin ruslarla birlikdə sülhyaratma prosesinə cəlbi üçün bölgəyə dəvət olunması nə dərəcədə realdır?

– Rusiya sülhməramlılarının mandatı rəsmən müəyyən edilməyib. Bu qüvvələr yalnız üçtərəfli Bəyanatdan irəli gələn vəzifələri yerinə yetirməlidir və onlar da bunu etməyə cəhd göstərirlər. Amma mandatlı olub olmamasından asılı olmayaraq sülhməramlı qüvvələrin xidməti həmişə  hər yerdə suallar və bəzən hətta problemlər yaradıb. Bunu başa düşmək üçün 1995-ci ildə BMT sülhməramlı qüvvələrinin nəzarət zonasında Srebrennitsa soyqırımının törədilməsini xatırlamaq kifayətdir. Qarabağa gəldikdə isə Rusiya sülhməramlılarının fəaliyyətindən hər iki tərəf vaxtaşırı öz narazılığını bildirir. Amma eyni zamanda hər iki tərəfə bu qüvvələr lazımdır. Bildiyiniz kimi, Azərbaycan tərəfi onların mandatını imzalamayıb və aydındır ki, bu Azərbaycana istənilən vaxt bu qüvvələrdən imtina etmək üçün əsas yaradır. O ki qaldı Türkiyə hərbi kontingentinin ruslarla birlikdə sülhyaratma prosesinə cəlb edilməsinə, bu artıq baş vermiş faktdır. Bilirsiniz ki, Türkiyə hərbi mütəxəssisləri Ağdamda yerləşən monitorinq mərkəzində xidmət göstərirlər. Azərbaycan və Ermənistan arasında münasibətlərinin normallaşdırılması üzrə aparılan fəaliyyətlərin uğurlu olması üçün Türkiyə hərbi kontingentinin bu missiyada və bu miqyasda iştirakı kifayətdir. Əgər hadisələr normallaşma yox, əks istiqamətdə inkişaf edərsə Türkiyə hərbi kontingenti istənilən vaxt Azərbaycana köməyə gələ bilər. Bu artıq hüquqi cəhətdən 2021-ci ildə Türkiyə və Azərbaycan arasında  imzalanmış Şuşa Bəyannaməsi ilə tənzimlənir. Əminəm ki, buna ehtiyac olmayacaq.Çünki hadisələrin məhz Azərbaycan tərəfinin ssenarisi üzrə inkişaf edəcəyi qaçılmazdır. Əgər ermənilər Azərbaycandan fərqli bir gündəliyi həyata keçirməyə çalışsalar bu onlar üçün növbəti faciə ilə sonuclana bilər.

– İngiltərədə baş verən olaya görə niyə bu ölkə rəsmən Azərbaycandan üzr istəmədi? Doğrudanmı rəsmi London belə bir təxribatın baş verə biləcəyindən əvvəlcədən məlumatlı olmayıb?

– Ola bilər. Daha çox inanıram ki, xəbəri olmayıb. İngiltərədə bu kimi hadisələri “aksiya” adlandırırlar və hər bir hərəkat istənilən aksiyanı həyata keçirə bilər. İcazəsiz aksiyalar da olur və buna görə aksiya iştirakçıları sadəcə cərimələnir. Suriyada vətəndaş müharibəsinin gedişində Londonda yaşayan bir din xadimi açıq-aşkar Suriyada vuruşmaq üçün mücahidlər yığırdı və ölkənin hüquq-mühafizə orqanları uzun müddət ona qarşı heç bir tədbir görə bilmirdilər. Nəhayət, həmin adamların Suriya ərazisində qeyri-qanuni hərəkətləri məhkəmə qaydasında sübuta yetirildikdən sonra həmin din xadimini həbs etmək və daha sonra ölkədən uzaqlaşdırmaq mümkün oldu. Digər tərəfdən, Avropa ölkələrində digər ölkələrə qarşı təsir mexanizmi olaraq  radikal qruplardan istifadə etmək bir siyasi ənənə şəklini alıb. Rusiyada inqilabı həyata keçirənlərin Almaniyada və İran inqilabını həyata keçirənlərin uzun müddət Fransada  saxlandıqları məlumdur. Əl-Kaidənin  də vaxtilə əfqan mücaidlərinə qarşı ABŞ tərəfindən yaradıldığı və ya PKK -nın da vaxtilə ABŞ tərəfindən dəstəkləndiyi dəfələrlə sübut olunub.

– Qarabağda ermənilərlə birgəyaşayışın mümkünlüyünü sübut etmək üçün sizcə hansı addımlar atılmalıdır? Necə edək ki, Qarabağdakı bütün ermənilər Azərbaycan vətəndaşı olmağa razılaşsınlar?

– Əslində söhbət sadə vətəndaşlardan gedirsə, əminəm ki, onların çoxu Azərbaycanda qalıb yaşamağı və Azərbaycan vətəndaş olmağı daha üstün tuturlar. Amma onların iradəsi heç nəyi həll etmir. Onlar heç bir hüququ olmayan və vaxtilə erməni separatçılarının yaratdıqları çıxılmaz vəziyyətin girovlarıdır. Sosial şəbəkələrdə bir-biri ilə ünsiyyətə girən erməni və Azərbaycanlıların söhbətlərindən də aydın olur ki, Qarabağda yaşayan ermənilər Azərbaycan vətəndaşı olmağa və daha yaxşı həyat şəraitinə sahib olmağa sevinərdilər. Amma Ermənistanın və beynəlxalq erməni diasporunun maraqları tamamilə başqadır və erməni kilsəsi də bu işdə məhz onların tərəfində öz təbliğatını aparır və türk-erməni düşmənçiliyini təbliğ edir. Hazırda Qarabağ və Şərqi Zəngəzurda sürətlə aparılan abadlıq-quruculuq işləri də bir daha göstərir ki, Azərbaycan öz vətəndaşları üçün hansı şəraiti yaradır. Ermənilər başa düşür ki, onlar da bütün bu şəraitdən faydalana bilərdilər. Zənnimcə, Qarabağın Azərbaycanlı əhalisi öz yaşayış yerlərinə qayıtdıqdan sonra ermənilərin Azərbaycan vətəndaşlığına marağı və bu istiqamətdə atdıqları addımlar daha da sürətlənəcək.

Son günlərdə Ermənistanda da bəzi ziyalılar mətbuatda çıxış edərək açıq-aşkar etiraf ediblər ki, hələ 30 il əvvəl  Azərbaycanla birgə öz müstəqilliyini qurmaq əvəzinə qonşu torpaqlarına göz dikməklə  Ermənistan bağışlanmaz səhv edib və bunun acısını hələ də bütün ermənilər çəkir. Bu doğru yanaşmadır və əminəm ki, bütövlükdə erməni cəmiyyəti əvvəl-axır bu həqiqəti dərk edərək etiraf etməyə məcbur olacaqlar.Ermənilər gec-tez başa düşməlidirlər ki,  hərənin bir həyatı var. O həyatı düzgün dəyərləndirmək və hamı ilə bərabər sülh və əmin-amanlıq şəraitində yaxşı yaşamağa çalışmaq lazımdır. Həyatı erməni sayağı mürtəce və perspektivsiz siyasi ideologiyalara qurban vermək axmaqlıqdır.

Gununsesi.info