Hakan Fidanla Blinken Qəzza və NATO-nun genişlənməsini müzakirə ediblər

Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə ABŞ dövlət katibi Antoni Blinken arasında telefon danışığı olub.

Gununsesi.info bildirir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyindəki diplomatik mənbələrdən məlumat verilib.

Tərəflər İsrail və Fələstin arasındakı münaqişə ətrafında vəziyyəti müzakirə ediblər.

Türkiyə və ABŞ diplomatiya rəhbərləri münaqişənin bütün regiona yayılmasının qarşısının alınması üzrə tədbirləri, girovların azad edilməsinin təmin edilməsi səylərini və Qəzza zolağına humanitar yardımın çatdırılması üçün təcili dəhlizin yaradılması istiqamətində atılan addımları nəzərdən keçiriblər.

Söhbət zamanı Türkiyənin xarici işlər naziri İsrail ordusunun Fələstin anklavının mülki əhalisinə qarşı ayrıseçkilik etmədən hücumlarının qəbuledilməzliyini vurğulayıb.

NATO-nun genişlənməsi prosesi ilə bağlı da fikir mübadiləsi aparılıb.

Gununsesi.info