Hakim oğlunu öldürənin ifadəsi

  • By admin
  • 22 Noyabr 2016 13:07

hakim1

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ölümlə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən 1987-ci il təvəllüdlü Rəhim Kərimovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Gununsesi.info-nun prosesdə iştirak edən əməkdaşının verdiyi xəbərə görə, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə ilkin baxış iclası keçirilib.
Zərərçəkmiş tərəfin nümayəndəsi Ceyhun Yusifov mülki iddia qaldıraraq 149 min manat ödənilməsini tələb edib.
Dövlət ittihamçısı ittiham aktını elan edib. R.Kərimov özünü təqsirli bilmədiyini deyib: “Mən narkotikdən də istifadə etməmişəm”.
R.Kərimov hadisə barədə ifadə verib: “Mənim iki ali təhsilim var, həkim ailəsiyik. Narkotik də istifadə etməmişəm. Kameralarda da düşüb ki, mən hadisə yerində qalmışam. 102-yə zəng etmişəm. Amma mənə narkotik ittihamı qoyulub, yazılıb ki, hadisə yerindən qaçmışam. Mən hadisə barədə ifadə verməkdən imtina edirəm”.
Buna görə R.Kərimovun ibtidai istintaqa verdiyi ifadəsi elan olunub. O hadisəni xatırlamadığını, qolunun sındığını hiss etdiyini deyib: “Qoluma görə xəstəxanaya getdim. Hadisənin necə olduğunu xatırlamıram, sükan arxasında yuxulamışam. Qəzadan sonra ayıldım. Mərhumun anası xəstəxanaya gəlib məni soruşaraq “onu göstərin, öldürəcəyəm” deyərək ağladı. Mən əvvəllər Moskvada nevrologiyadan müalicə olunmuşam, psixotrop maddələr qəbul etmişəm”.
Məhkəmə prosesi noyabrın 29-da davam etdiriləcək.
Qeyd edək ki, hadisə mayın 11-də saat 03 radələrində Nəsimi rayonunun Bülbül prospektində baş verib. Belə ki, Bakı şəhər sakini Rəhim Kərimov idarə etdiyi “Mercedes” markalı avtomobil piyada Rüfət Allahverdiyevi vurub. Xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb, mayın 12-də orada dünyasını dəyişib.
19 yaşlı Rüfət Allahverdiyev ADA universitetinin tələbəsi olub. Onu da əlavə edək ki, Rüfətin atası Elbəy Allahverdiyev daha əvvəl Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi vəzifəsində çalışıb. Hazırda Tərtər Hərbi Məhkəməsinin hakimidir.
R.Kərimovun atası Yüzasif Kərimov Mərkəzi Klinik Xəstəxananın baş həkimi olub. Hadisədən sonra vəzifəsindən çıxarılıb.

Gülnaz Qənbərli

Gununsesi.info