
Noyabrın 8-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə Tərtər Hərbi Məhkəməsinin hakimi Elbəy Allahverdiyevin oğlu Rüfət Allahverdiyevi avtomobillə vurmaqda təqsirləndirilən Rəhim Kərimovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.
Gununsesi.info-nun xəbərinə görə, prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Daha sonra təqsirləndirilənin vəkili Orxan Əhmədov vəsatətlə çıxış edib. O, çıxışında bildirib ki, müdafiə etdiyi şəxsə qarşı hadisə zamanı sərxoş olması ilə bağlı ittiham irəli sürülüb: “Bununla bağlı ekspertiza keçirilib, onun sərxoş olmasını müəyyən edilməyib, sübut isə yoxdur”.
Vəkil müdafiə etdiyi şəxsin hadisə yerindən qaçması ilə bağlı ittihama da münasibət bildirib. O.Əhmədov hüquqlarını müadiə etdiyi şəxsin hadisədən sonra mərhuma yardım göstərdiyini və bununla bağlı kamera görüntülərinin olduğunu deyib: “Buna görə, cinayət işinin baxılmasına xitam verilməsini, işin istintaqa qaytarılması, sadaladığım sübutların cinayət işindən xaric edilməsini istəyirəm”.
Məhkəmə vəsatətləri baxılmamış saxlayıb.
Məhkəmənin baxış iclası noyabrın 22-nə təyin edilib.
Qeyd edək ki, hadisə mayın 11-də saat 03:00 radələrində Nəsimi rayonunun Bülbül prospektində baş verib. Bakı şəhər sakini R.Kərimov idarə etdiyi “Mercedes” markalı avtomobillə piyada R.Allahverdiyevi vurub. Yaralı xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. R.Allahverdiyev mayın 12-də xəstəxanadaca dünyasını dəyişib.
Hadisədən sonra R.Kərimov Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 267.1-ci (sərnişin, piyada və ya yol hərəkətinin digər iştirakçıları (bu Məcəllənin 263-264 maddələrində nəzərdə tutulmuş şəxslər istisna olmaqla) tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
Tərtər Hərbi Məhkəməsinin hakiminin oğlu Elbəy Allahverdiyevin oğlu olan 19 yaşlı R.Allahverdiyev Azərbaycan Diplomatik Akademiyasının (ADA) 3-cü kurs tələbəsi olub. Hadisəni törədən şəxs R.Kərimovun atası Yüzasif Kərimov Mərkəzi Klinik Xəstəxananın baş həkimi vəzifəsində çalışıb.
Gülnaz Qənbərli
Gununsesi.info