
“Cəmiyyətdə müəyyən bir kəsim düşünürdü ki, Heydər Əliyevin 100 illiyi ilə bağlı veriləcək əfv sərəncamı siyasi məhbuslara, həmçinin, ömürlük azadlıqdan məhrum edilən bir sıra şəxslərə də şamil olunacaq. Ancaq bu gözləntilər özünü doğrultmadı. Siyasi məhbuslardan Əli Əliyev və Elçin Məmməd istisna olmaqla hamısı həbsdə qaldı”.
Bunu Gununsesi.info-ya açıqlamasında “Müdafiə Xətti” İnsan Hüquqları Təşkilatının rəhbəri Rüfət Səfərov deyib: “Mən tam ümid etmirdim ki, bu əfvlə siyasi məhbus məsələsi bağlanacaq. Amma müəyyən ümidlərim var idi ki, bu say azala bilər”.
Rüfət Səfərovun sözlərinə görə, əfv sərəncamı Azərbaycana münasibəti yumşalda bilərdi: “Ötən dövr ərzində Avropa Parlamenti kəskin qətnamə qəbul etdi. ABŞ Dövlət Departamentinin olduqca sərt hesabatının şahidi olduq. Bundan başqa dünyanın ən nüfuzlu təşkilatları Azərbaycan hökumətini mövcud vəziyyəti dəyişməyə çağırmışdı. AŞ PA-dakı son dinləmələr üzücü idi. Amma hakimiyyət vəziyyəti dəyişmək istəmədi”.
Afət Abbasova
Gununsesi.info