Hakimiyyətdən Rusiyaya qarşı sanksiyalara qoşulmasını tələb etməliyik - ASLAN İSMAYILOV

  • By admin
  • 29 Mart 2022 09:59

“Azərbaycan Respublikası Müdafiə Nazirliyinin öz mövqelərini tərk etməməsi barədə bəyanatı Rusiyanın iç üzünü açdı. Artıq dövlət TV-lərində qayırma siyasi və ictimai xadimlərin Azərbaycana qarşı təhdidləri, təhqirləri tirajlanır”.

Bunu Gununsesi.info-ya açıqlamasında tanınmış ictimai xadim Aslan İsmayılov Rusiyanın siyasi dairələrinin Azərbaycan əleyhinə dünənki çağrışlarına münasibətində deyib:

“Bəzi debillər Azərbaycanın neft sənayesinin məhv edilməsini təklif edirlər.

Hakimiyyət təmsilçilərinin susması başadüşüləndir. Ancaq Azərbaycan ictimaiyyəti hər belə təhdidə qarşı öz qəti fikrini ortaya qoymalıdır. Ona görə də Azərbaycan mətbuatı Rusiya təbliğatını diqqətlə izləməli və Azərbaycana qarşı yönəlmiş hər fikri vətəndaşlarımızın diqqətinə çatdırmalıdır. Şəxsən təklif edirəm ki, uzun müddətdir ki, sülhməramlı kimi Qarabağa soxulmuş, sülhməramlı yox, işğalçı siyasəti aparan, bizim torpaqlarda özünə kilsə, mədəniyyət evi tikən və mandatına uyğun olmayan digər işləri aparan qoşunlar Azərbaycan ərazisindən çıxarılsınlar.

Azərbaycanda rus dilində dövlət hesabına fəaliyyət göstərən ali təhsil ocaqları və orta məktəblərin maliyyələşməsi dayandırılsın. Rus dilində təhsil almaq istəyənlər bunu öz maliyyələri hesabına etsinlər. Nəzərə alsaq ki, Rusiya hakimiyyəti rus dilində danışanlara vətəndaşlıq vermək istəyir, bu gün belə təhsil ocaqları Azərbaycan dövləti üçün təhlükədir. Rusiya tarixində ənənələrdən biri də odur ki, hansı ölkəyə soxulmaq istəyəndə həmişə o ərazidə yaşayan rusdilli əhalinin təhlükəsizliyini bəhanə edir.

Azərbaycan hakimiyyəti Rusiya ilə qonşuluğu, orada çoxlu sayda vətəndaşlarımızın yaşamasını nəzərə alaraq onunla bağlı qəbul edilmiş sanksiyalara qoşulmur. Ancaq Rusiya hakimiyyəti Azərbaycana qarşı aşağılayıcı siyasətini davam edərsə ictimaiyyət olaraq hakimiyyətdən tətbiq edilən sanksiyalara qoşulmasını tələb etməliyik”.

Gununsesi.info