İranda seçkiqabağı teledebat zamanı hazırkı prezident Həsən Ruhaninin əsas rəqibləri onun siyasətini tənqid edib.
Axar.az xəbər verir ki, rəqibləri Ruhanini nüvə razılaşmasının imzalanmasından sonra ölkədəki iqtisadi vəziyyəti yaxşılaşdırmamaqda suçlayıblar. Ruhaninin ən ciddi rəqibi İbrahim Rəisi Ruhaninin imza atdığı nüvə razılaşmasının iranlıların həyatına müsbət təsir etmədiyini bildirib:
“Bu müqavilə İrana verilmiş çekdir. Hökumət onu nəğd pula çevirə bilmir. Ruhani hökuməti nüvə danışıqlarında özünü çox zəif göstərdi”.
Tehran meri Baqir Qalibaf da Ruhanini hədəf seçib: “İranlılar nüvə razılaşmasından xeyir götürmədilər. Həsən Ruhani öz ölkəsinin resurslarından çox xarici investisiyalara güvənir. Ancaq mən də nüvə razılaşmasına sadiq qalacağam”.
Ruhani isə onlara cavabında nüvə razılaşmasının Tehran üçün mühüm müqavilə olduğunu bildirib:
“Əgər nüvə razılaşmasının qəbuledilən olduğunu deyirdinizsə, o zaman niyə Tehranda bunun əleyhinə bilbordlar asmışdınız? Siz niyə danışıq aparanları təhqir edirdiniz?”
Ruhani həmçinin İslam İnqilabı Keşikçiləri Korpusunu da tənqid edib. O, SEPAH-ın antiisrail şüarları ilə raket sınaqları keçirməsinin doğru olmadığını bildirib.
Gununsesi.info