“Hamiləliyin süni şəkildə pozulmasının qarşısının alınması  müzakirə edildi

  • By admin
  • 11 İyun 2016 09:32

 

ted2

10 iyun 2016-cı ildə Qadın Problemlərinin Tədqiqatları Mərkəzi Azərbaycan Respublikasının Prezidenti Yanında Qeyri-Hökumət Təşklatlarına Dövlət Dəstəyi Şurasının dəstəyilə “Hamiləliyin süni şəkildə pozulmasının qarşısının alınması üçün maarifləndirmə işlərinin təşkili” layihəsi çərçivəsində Xaçmaz rayonunda növbəti tədbirini keçirmişdir. Gununsesi.info bildirir ki, maarifləndirmə tədbiri Xaçmaz rayonu “Turizm və İnformasiya Mərkəzi”ndə təşkil edilmişdir. Tədbirdə tibb işçiləri, sosial işçilər, müəllimələr, məktəb psixoloqları və işləməyən şəxslər, o cümlədən gənc qızlar və yeni ailə qurmuş xanımlar iştirak etmişlər. 30 nəfər xanımın iştirak etdiyi tədbir iki saatdan artıq davam etmişdir.

Tədbiri giriş sözü ilə açan təşkilatın rəhbəri Sevil Allahverdiyeva layihə və onun aktuallığı barəsində danışdıqdan sonra sözü tədbirin məruzəçisi Mehriban Vəzirə verdi. M.Vəzir ümümiyyətlə qadınların cinsi münasibətdə həmişə ikinci planda olduğu və hətta nəhayətdə texnologiyanın da onları məhv etdiyini bildirdi. Ümumiyyətlə məruzəçi bu problemin daha çox ictimai, sosial tərəflərindən danışdı. Ayrı-ayrı ölkələrdə qız dölün abort edilməsini və ikinci, üçüncü hamiləlikdə bunun daha çox üzə çıxmasını statistika ilə qeyd etdi. Xüsusilə məruzəçi selektiv abortun qarşısının alınması üçün maarifləndirmənin vacibliyini vurğuladı.

Tədbir yenə də iştirakçıların xüsusi fəallığıyla keçdi. Daha sonra layihənin digər məruzəçisi Rafiq Təmrazov cəmiyyətdə kişi qadın münasibətləri və qadınların cəmiyyətdə daha çox ikinci insan olmasının sosial tərəflərindən danışdı. Qeyd olundu ki, istər məişət, istər təhsil, istərsə də hüquqların tələb edilməsi baxımından qadınlar həmişə əzildiklərinə görə məhz valideynlər oğlan övladına üstünlük verirlər. Məsələnin hüquqi müstəvidə həll oluna biləcəyinin mümkün olmadığını bildirən məruzəçi şüur tərzinin prosesə müsbət təsir edəcəyini bildirdi. Qeyd olundu ki, yalnız qanunla bu tipli məsələlərin həll edilməsi mümkün deyil.

Qarşılıqlı diskussiya şəklində keçən tədbirdə həm də hamiləliyin süni dayandırılmasının fəsadları barəsində söhbət açıldı. Tədbir iştirakçıları da regionda baş verənlər, bu tendensiyayla bağlı mövcud vəziyyətdən danışdılar. Xüsusi olaraq Xaçmaz rayonunda da bu cür tədbirlərdə kişilərin də iştirakının zəruri olması vurğulandı.