Hansı banklar bağlana bilər? - QUBAD İBADOĞLU YAZIR

“Azərbaycan Mərkəzi Bankının “Günay Bank”ın lisenziyasının ləğvi ilə bağlı 16 may tarixli qərarınının ciddi əsaslandırmaması nəticəsində bu qərarın legitimliyinə şühbə yaranandan sonra həm banklar, həm də müştərilər narahat durumdadır. Çünki, artıq onlara sirr deyil ki, xırda bankların bağlanmasına siyasi qərar verilib. Odur ki, Mərkəzi Bankın İdarə Heyətinin siftəsi olan “Günay Bank” korporativ maraqlara və siyasi mənafelərə qurban veriləndən sonra ən çox müzakirə olunan mövzulardan biri də növbədə hansı bankların olması və Azərbaycanda bankların sayının hansı səviyyədə optimallaşdırılmasıdır”.

Gununsesi.info bildirir ki, bunu tanınmış iqtisadçı alim Qubad İbadoğlu yazıb. Onun mövzu ilə bağlı qeydlərini təqdim edirik: Gəlin, öncə açıqlamalara diqqət edək. Mərkəzi Bankın İdarə Heyətinin üvü Alim Quliyev hələ manatın devalvasiyadan əvvəl mətbuata açıqlamasında bildirib ki, bankların sayı 20-dək azaldılacaq: “Ərazisinə və əhalisinin sayına görə 46 bank Azərbaycan üçün çoxdur. 46 bankdan yalnız 20 bank sistem üçün əhəmiyyətli hesab oluna bilər.” Elə də oldu, post-devalvasiya dövründə 21 bank bağlandı və beləliklə də Elman Rüstəmov sələfi Taleh Kazımova 25 bank təhvil verəndən sonra vəzifəsindən uzaqlaşdırıldı.

“Günay Bank” bağlanmamışdan öncə Deputat Rüfət Quliyev “Turan” İA-a deyib ki, “Bizdə aktiv işləyən 25 bankdan 8-10 bank qala bilər.” “Günay Bank” bağlanandan sonra bank sahəsi üzrə mütəxəssis, hüquqşünas Əkrəm Həsənov deyir ki, 4 bankdan (Paşa, Kapital, Xalq və Beynəlxalq Bank) savayı bütün bankların bağlanılmasına risklər vardır. Fikrimcə: Birincisi, onlar haqlıdırlar, bankların bağlanması davam edəcək, bu prosesin qurbanları indiki siyasi hakimiyyətin dövründə ilk mərhələdə xırda banklar, sonra orta banklar olacaq, çünki bu bankların bağlanmasından sonra əhali həmin banklardakı qorunan əmanətlərini iri banklarda yerləşdirir. Bu da iri bankların səhmdarlarının (siyasi) dividendlərini, menecerlərinin (korporativ) bonuslarını artıracaq.

Deməli bankların bağlanmasından itirən müştərilər, əsasən də sahibkarlar olsa da qazanan iri bankların sahibləri olan hakim ailənin üzvləri və onların təyin etdiyi menecerlər olacaq. İkincisi, iri banklar da risklidir, çünki Azərbaycan hakimiyyətinə şübhəli maliyyə əməliyyatlarına, çirkli pulların yuyulmasına görə sanksiyalar tətbiq ediləcəyi təqdirdə onun təsir dairəsinə ilk növbədə hakim ailəyə məxsus banklar düşəcək. Bildiyiniz kimi, iri banklar həm də şəffaflıq, hesabatlıq, xidmət səviyyəsi və keyfiyyətinə görə görə xırda və orta banklardan geri qalır.

Nəhayət, heç kimə sirr deyil ki, iri bankların ömrü siyasi hakimiyyətin fəaliyyət dövrü qədərdir. Əliyevlər hakimiyyət gedən gün onlar da çökəcək. Odur ki, pullarınızı yalnız belə riksləri özləri ilə daşıyan banklarda yerləşdirməyin, onları yalnız banklarda əmanətə yerləşdirməyin, digər maliyyə bazarlarında diversifikasiya edin, investisiya fondlarına, perspektivli şirkətlərin səhmlərinə, dövlət istiqrazlarına, qiymətli kağızlar və valyuta bazarlarına da sərmayə edərək şaxələndirin.

 

Afət Abbasova

Gununsesi.info