Ölkənin ərzaq təhlükəsizliyi necə təmin olunub? Gündəlik ərzaq və kənd təsərrüfatı məhsullarına tələbatımızın neçə faizi daxili istehsal hesabına ödəyəbilirik?
Qeyd edək ki, Prezident İlham Əliyev regionların sosial-iqtisadı inkişafına dair dövlət proqramlarının icrasına həsr olunmuş iclasında ərzaq təhlükəsizliyi iləbağlı məsələlərin daim diqqət mərkəzində olduğunu bildirmişdi: “Bizim əsas ərzaq məhsulları ilə özümüzü təminetmə səviyyəsini göstərən bəzi rəqəmlər aşağıdakı kimidir: mal əti – özümüzü 94 faiz təmin edirik, 5 faiz xarici komponent mövcuddur. Qoyun əti – 99 faiz və cəmi 2 faiz xarici komponent. Süd və süd məhsulları – özümüzü 88 faiz təmin edirik, bunun tərkibində 10 faiz idxal xammal vardır. Əmtəəlik yumurta – 99 faiz. Burada isə xarici komponent 65 faizdir, bunlar dənlik qarğıdalı, soya, günəbaxan və dərmandır. Bax, bu sahəyə həm dövlət qurumları, həm özəl sektor fikir verməlidir ki, burada xarici komponenti azaltmaq üçün hansı işlər görülməlidir.
Bitki yağları – özümüzü 48 faiz təmin edirik. Ancaq bu 48 faizin 80 faizi xaricdən gələn xammaldır. Yəni, əslində, bitki yağları və marqarinin istehsalı sadəcəolaraq iş yerlərinin yaradılmasına xidmət edir. Bunun faydası bundadır. Əgər bunun tərkibində 80 faiz xarici komponent varsa, bunu yerli məhsul adlandırmaq mümkün deyil. Ona görə çalışmalıyıq və o cümlədən biznes qurumları çalışmalıdırlar ki, həm bitki yağlarının istehsalının həcmi artsın, eyni zamanda, bu, daxili xammal əsasında istehsal edilsin.
Kərə yağı – 76 faiz özümüzü təminetmə əmsalıdır. Bunun içində 10 faiz xarici komponent var, bu da qablaşdırma ilə bağlıdır. Əfsuslar olsun ki, biz bu sahədədə hələ idxaldan asılıyıq. Qablaşdırma o qədər də böyük məsələ deyil ki, biz bunu həll edə bilməyək. Xüsusilə nəzərə alsaq ki, bizdə bazarın həcmi və əhali artır, indi istənilən tara və qablaşdırma Azərbaycanda təşkil edilməlidir. Bunu həm Sahibkarlığa Kömək Milli Fondu, eyni zamanda, sahibkarlar özləri dənəzərə alsınlar.
Buğda – özümüzü 53 faiz təmin edirik, 20 faiz xarici komponentdir. Bu, azdır. Əminəm ki, yeni iri fermer təsərrüfatlarının fəaliyyəti nəticəsində biz özümüzübuğda ilə daha da böyük səviyyədə təmin edə bilərik. Arpa – 102 faiz, qarğıdalı – 71 faiz, soya – cəmi 4 faiz. Özümüzü meyvə və giləmeyvə ilə 122 faiz təmin edirik”.
Kənd təsərrüfatı üzrə mütəxəssis Vahid Məhərrəmov Gununsesi.info-ya bildirir ki, ölkə başçısına təqdim edilən rəqəmlər dolaşıq və şişirdilmişdir: “Dövlət Statistika Komitəsinin təqdim etdiyi məlumatda isə arpa ilə təminat 95,1 faiz, qarğıdalı ilə təminat isə 54,1 faiz göstərilir. Azərbaycanda istehsal olunan arpa, qarğıdalı heyvandarlıqda qüvvəli yemə olan təlabatı təmin edəcək qədər deyil. Bu məhsullarla özünütəminat ölkə başçısı dediyi kimi olardısa, ölkədə süd, ət , yumurta istehsalı indikindən iki dəfə çox və ucuz olardı, heyvandarlıqla məşğul olan sahibkarlar da xaricdən arpa, qarğıdalı idxal etməzdi. Onu da qeyd etməliyəm ki, arpa, vələmir keçən əsrin məhsuludur. İndi İnkişaf etmiş ölkələr, əsasən ,daha faydalı olan diğər dənli bitkilərin məhsulunun istehsalına üstünlük verirlər”.
“Kartof ikinci çörək hesab olunur. Ölkəmizdə kartof istehsalı üçün münbit torpaq-iqlim şəraiti mövcuddur. Lakin Azərbaycan hökuməti digər sahələrdə olduğu kimi kartof istehsalının da təşviqi ilə məşğul olmur”-deyən ekspert kartofa olan təlabatın yalnız 60 faizinin daxili istehsal hesabına ödənildiyini vurğulayır.
V.Məhərrəmov qeyd edir ki, ölkəni kartofa olan təlabatı, itkiləri də nəzərə alsaq 1,5 milyon tondur: “Bunun 1,25 milyon tonunu ərzaqlıq məhsul, 180 min tonu toxumluq material, 70-80 min tonunu isə itkilər təşkil edir. DSK-nın məlumatına əsasən Keçən il 902 min ton kartof istehsal olunub. Bu təlabatın 60 faizi qədərdir. Ölkə başçısına təqdim olunan məlumatda isə bu rəqəm xeyli fərqlidir. Belə ki, İlham Əliyev qeyd edib ki, “kartofla təminat 86 faizdir”.
Vüsalə Rüstəmova
Gununsesi.info