Azərbaycan siyasətində yeni mərhələ başlayır – Yeni qanundan sonra bu siyasi partiyalar fəaliyyətlərinə davam edəcəklər

  • By admin
  • 05 Sentyabr 2023 15:45

Milli Məclisi “Siyasi partiyalar haqqında” yeni qanunu qəbul etməsindən sonra ölkədə fəaliyyət göstərən bütün siyasi partiyalar yenidən qeydiyyatdan keçir. İndiyədək YAP istisna olmaqla, Ədliyyə Nazirliyi bütün partiyalara “yox” cavabı vermişdi.

İmtina cavabı alan siyasi partiyalar göstərilmiş qüsurları aradan qaldırdıqlarını bildirdikdən sonra nazirliyə yenidən müraciət ediblər.

Rəsmi məlumata görə, yeni qanunun qəbulundan sonra tələbləri tamamlayan 27 siyasi partiya üzvlərinin siyahısını Ədliyyə Nazirliyinə təqdim edib. Daha öncə əksər partiyalar qeydiyyata alınmamış, qüsurların aradan qaldırılması üçün onlara vaxt verilmişdi. Bəs, indi hansı siyasi partiyalar rəsmən Ədliyyə Nazirliyi tərəfindən təsdiqlənib?

Gununsesi.info xəbər verir ki, Ədliyyə Nazirliyi onların bir neçəsinə müsbət cavab verib.

Dövlət qeydiyyatına alınan və rəsmən təsdiqlənən siyasi partiyalar bunlardır:

Yeni Azərbaycan Partiyası

Haqq Ədalət Partiyası

Ana Vətən Partiyası

Vətəndaş Həmrəyliyi Partiyası

Ağ Partiya

Ümid Partiyası

 

Xatırladaq ki, ölkənin əsas müxalifət partiyası olan Azərbaycan Xalq Cəbhəsi Partiyası və Müsavat Partiyasının qeydiyyata alınacağı ilə bağlı suallar qalmaqdadır.

Qeyd edək ki, “Siyasi partiyalar haqqında” yeni qanun Avropa Şurasının Venesiya Komissiyası tərəfindən tənqidlə qarşılanıb.

Bundan başqa, Azərbaycanın üzv olduğu bir sıra beynəlxalq təşkilatlar həmin qanunu tənqid edib.

Orada bir sıra yeni tələblər var.

Məlumat üçün bildirək ki, yeni qanunda siyasi partiyanın fəaliyyət göstərə bilməsi üçün rəsmən 5000 nəfər üzvünün reysterini ad, soyad, fərdi identifikasiya nömrəsi, doğulduğu tarix, qeydiyyatda olduğu partiyanın yerli təşkilatı (varsa) və əlaqə telefon nömrəsinin Ədliyyə Nazirliyinə təqdim edilməsi və digər tələblər var.

 

Dövlət qeydiyyatına alınan partiyalardan birinin – Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı Gununsesi.info-ya açıqlamasında bunları bildirib:

“Ədliyyə nazirliyi tərəfindən Ana Vətən Partiyasının 4 sentyabr 2023-cü ildə qeydiyyata alınması bütün Anavətənçilər tərəfindən böyük sevinclə qarşılandı. Yenidən rəsmi şəkildə qeydiyyata alınmağımız ciddi məsuliyyət deməkdir.

Ölkə prezidenti cənab İlham Əliyevin siyasi islahatlara xüsusi diqqət yetirməsi və yeni siyasi konfiqurasiyasının aparıcı amilə çevrilməsi özünün əhəmiyyətli nəticələrini verməkdədir.

Ana Vətən Partiyası yarandığı gündən Nizamnamə və Proqramına söykənərək milli dövlətçiliyimizə sədaqətlə xidmət etməkdədir.

Tam əminliklə qeyd etmək istərdim ki, partiyamız və onun bütün üzvləri qüvvədə olan “Siyasi partiyalar haqqında” qanunun müddəalarına tam əməl edərək, dövlətçiliyimizin möhkəmlənməsinə, onun təməl prinsiplərinin qorunub saxlanılmasına dəyişməz mövqeyini davam etdirəcəkdir”.

 

Arzu

Gununsesi.info