Hava yolu ilə ilk üç ayda 897 min sərnişin daşınıb

  • By admin
  • 13 Aprel 2018 10:21

 

Heydər Əliyev Beynəlxalq Aeroportu 2018-ci ilin ilk üç ayı ərzində 897 min sərnişinə xidmət göstərib. Gununsesi.info-ya Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidmətindən verilən məlumata görə, bu göstərici ötən ilin analoji göstəricisindən 15% çoxdur.

“Azərbaycan Hava Yolları” QSC (AZAL) milli aviadaşıyıcısının payına 362 min sərnişin, milli loukoster “Buta Airways”in payına isə 104 min sərnişin düşüb. 768 min sərnişin (sərnişin dövriyyəsinin 85,6%-i) isə beynəlxalq reyslərlə daşınıb.

Hazırda Heydər Əliyev Beynəlxalq Aeroportu 52 istiqamət üzrə 30 aviaşirkətə xidmət göstərir. Ən məşhur beynəlxalq istiqamətlərin onluğuna – İstanbul, Moskva, Dubay, Kiyev, Doha, Şarja, Tbilisi, Bağdad, Tehran və Sankt-Peterburq daxildir. Yanvar-mart ayları ərzində bu istiqamətlərə 597 min sərnişin uçub.

Cari ilin mart ayından Əbu-Dabidən Bakıya müntəzəm reysləri BƏƏ-nin aparıcı aviaşirkətlərindən biri – “Etihad Airways” yerinə yetirməyə başlayıb.

Gununsesi.info