Havadan qan iyi gəlir…

  • By admin
  • 05 İyul 2017 14:24

esmira

“Ermənistan cəbhə xəttində növbəti irimiqyaslı təxribat həyata keçirib.

Müdafiə Nazirliyinin yaydığı rəsmi məlumata görə iyulun 4-də saat 20:40 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndi 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutulub.

Ermənistan tərəfinin bu təxribatı nəticəsində kənd sakinləri 1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və 2015-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olublar.”

Dünən axşam saatlından hazırkı ana qədər bütün sosial şəbəkələrdə, internet mediada, TV-lərdə gündəmi zəbt edən, əsas müzakirə mövzusu olan, az qala bütün istifadəçilər tərəfindən paylaşılan bu xəbəri inanmıram kimsə soyuqqanlıqla ötürə.

Dünyanın hazırkı dönəmində insan ölümünün adi hal aldığı, hər gün terror nəticəsində yüzlərlə uşağın qanına bələndiyi, acından, xəstəlikdən  öldüyü, İraq, Suriya, Əfqanıstan faciəsinin yaşandığı dönəmdə belə bu kadrlar qan dondurur. Erməni  vəhşiliyinin hududsuzluğunu göstərir. Axşam saatlarından ürəyim dolsa da, qəlb ağrımı göz yaşları ilə ovudub  boşaltmağa indi  güc tapdım.

zehra

İlk əvvəl 2 yaşlı Zəhranın anası gəldi gözlərimin önünə. Bəlkə də bezini dəyişəndə rahat yuxu arzulamışdı övladına. Nənəsi Sahibə onu qucağında ovudarkən xoşbəxtlik laylasını çalmışdı.. Bədbəxtlik isə həmişə gözlənilmədən, çağrılmadan gəlir. Quliyevlərin qapısını da erməni şeytanlarının əli ilə minatanlarla, qumbara atanlarla döydü… Neçə dinc sakini qanına qəltan etdi, ikisi dünyadan köç etdi. Fkir verdinizmi, 50 yaşlı nənənin ölümü o məsum cocuğun həlakı qarşısında kölgədə qaldı. Zəhranın günahsız ölümü hamını qəlbən sarsıtdı. Bütün sosial şəbəkələrə sıçradı günahsız körpənin qanı. Görəsən o vəhşiliyi törədənlərin necə, vicdanına ləkə kimi də olsa sıçraya bildimi? Görəsən Zəhranın qanlı fotolarına baxıb öz körpələrini-bacısını qardaşını, uşağını, nəvəsini yadlarına  saldılarmı? Və nəhayət doğrudanmı bu günahsız qanlar qiyamətə qalacaq?

Deyirlər uşaqlar yer üzündə Allahın bəndələrinə əmanətidir. Millətindən, dinindən asılı olmayaraq. Bu əmanətə xəyanət bağışlanmazdır. Allahım, sən bu xəyanəti, günahsız körpələrin ölümünü günahlı bəndələrinə necə bağışlaya bilirsən?

Dünən gecə yuxumdan, bu gün havadan, mediadan, hər yerdən qan iyi gəlir. Bu sənin qanındır, Zəhra balam. Bu gündən qırmızı da şadlıq rəngi deyil gözümdə, uşaq bezinə, köynəyinə hopmuş qanın rəngidir. Bu qan bizi intiqama çağırır!

Esmira İsmayılova -Lənkəran

Gununsesi.info