“Hazırda işsizlik səviyyəsi 16,2 faizdən yüksəkdir” - NEMƏT ƏLİYEV

  • By admin
  • 28 Noyabr 2017 16:48

“İşsizlərin sayı 2017-ci ilin əvvəlinədək 412 min nəfər artıb və “5 faiz işsizlik” həqiqəti əks etdirmir”.

Gununsesi.info bunu iqtisadçı-ekspert Nemət Əliyevə istinadən xəbər verir.

N.Əliyev bildirir ki, neft milyardlarının güclü axın etdiyi illərdə belə ölkədə işsizlik səviyyəsinin aşağı salınmayıb: “Araşdırmalar üzə çıxarıb ki, 5 faiz işsizlik haqqında yayılan rəsmi açıqlamaların heç bir əsası yoxdur. Bu əsası olmayan məlumatlara ayaq verən, bu cür yalanları öz hesabatlarına daxil edən beynəlxalq təşkilatları da bağışlamaq olmaz. Çoxlarına quru görünən üzüboz rəqəmlər az qala insan kimi dil açıb danışır”.

Onun sözlərinə görə, işçi qüvvəsinin hərəkətini əks etdirən balans məlumatlarından məlum olur ki, 2004-2016-cı illər ərzində ölkə üzrə üst-üstə 2 milyon 214 min nəfər işə qəbul edilib: “Lakin elə həmin dövrdə də 1 milyon 987 min nəfər işdən çıxıb. Bu iki məlumatın müqayisəsindən qətiləşdirmək mümkündür ki, ölkədə faktiki işləyənlərin 2004-cü ildəki sayı 2016-cı ilin sonunadək ötən dövrdə cəmi 227 min nəfər  artıb. Bu, artıq nəticədir. İnkarolunmaz və təsdiqedici faktdır. Bu nəticə göstərir ki, son 13 ildə mövcud iş yerlərindən başqa, ölkədə cəmi 227 min sayda yeni iş yeri yaradılıb.

Belə olan halda sual yarana bilər ki, bəs rəsmilərin bu dövrə dair açıqladığı “1 milyon 667 min yeni iş yeri” məsələsini necə başa düşək? Əgər bu açıqlamaya inanmalı olsaq, gərək eyni dövrdə 1 milyon 440 min iş yerinin iflas edərək sıradan çıxmasına da inanaq. Əks halda, bu arada qalan 1 milyon 440 min sayda “yeni iş yeri”ni yeni qiyafədə, qırmızı lentlərlə bəzədilərək ortaya çıxarılan köhnə iş yerləri olmasını qəbul etməkdən başqa çarə qalmır. Bunu inkar etmək mümkün deyil”.

N.Əliyev qeyd edir ki, işçi qüvvəsinin hərəkəti balansı həm də iş qüvvəsinin sayına dair məlumatları özündə əks etdirir: ” Bu məlumatlara əsasən, ölkəmizdə işçi qüvvəsinin sayı 2004-cü ilin əvvəlinə olan tarixə 4 milyon 373 min 500 nəfər, 2017-ci ilin əvvəlinə olan tarixə isə 5 milyon 12 min 700 nəfər olub. Deməli, ötən 13 ildə bu göstərici 639 min 200 nəfər böyüyüb. Bu da mühüm nəticədir. Bu mühüm nəticəyə görə 13 ildə işsizlərin sayını sabit saxlamaq üçün ölkədə 639,2 min yeni iş yeri yaradılmalıydı, o şərtlə ki, mövcud iş yerlərini də qoruyub saxlamaq mümkün olsun. Bu halda işsizlərin 2016-cı ildəki sayı 2003-cü ildəki səviyyəsində qala bilərdi. Bu işin öhdəsindən gəlinsəydi, nisbi ifadədə işsizlik səviyyəsi də aşağı düşə bilərdi”.

Ekspertin hesablamalarına görə, hazırda  işsizlik səviyyəsi 16,2%-dən yüksəkdir.

Vüsalə

Gununsesi.info