“Heç bir deputat parlamentin adına xələl gətirməməlidir” - SİYAVUŞ NOVRUZOV

  • By admin
  • 02 May 2017 14:42

siyavus-novruzov-manset

“Mən bu qanun layihəsinin qəbul edilməsi üçün səs verəcəm. Deputat həmkarlarım burada məsələni nəzəri baxımdan əsaslandırmağa, mən isə təcrübə baxımından əsaslandırmağa çalışıram. Burada söhbət şəffaflıqdan gedir”.

Gununsesi.info xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini deputat Siyavuş Novruzov deyib.

Onun sözlərinə görə, heç bir deputat parlamentin adına xələl gətirməməlidir: “Deputatlar nümunəvi olmalıdır. Əgər deputat özünü düzgün apararsa, onun haqqında şikayət olmazsa, bu zaman o insanlar nəyə görə narahat olurlar? Əgər deputat etik qaydaları pozmursa, ona bu maddə nə üçün tətbiq edilməlidir? Əgər biz burada hakimləri, MSK üzvlərini və digər insanları seçiriksə, onların fəaliyyətinə nəzarət ediriksə, o zaman bu nə üçün deputatlara şamil edilməməlidir? Əgər deputat etik davranış qaydalarını pozursa və özünün haqlı olduğunu sübut edə bilmirsə, o zaman o adam nə üçün məsuliyyət daşımamalıdır? Bu cür təcrübə bir çox inkişaf etmiş dövlətlərdə mövcuddur”.

Spiker Oqtay Əsədov isə deyib ki, sözügedən qanun layihəsinin işlənilməsinə ehtiyac var: “Bu qanun layihəsində bəzi məqamlar var ki, onlar yumşaldılmalıdır. Təklif edirəm ki, bu sənəd üzərində işlənilsin və növbəti iclaslarda gündəliyə salınsın”.

Gununsesi.info