
“Gör nə bədbəxt ölkəyik ki, hətta məhkəmə icraçılarının belə qanunun a hərfindən anlayışı yoxdur! Öz vəzifə səlahiyyətləri haqqında elementar məlumata malik deyillər! Quba rayon məhkəməsinin icraçısı 10 yaşlı körpəyə qarşı 8 nəfər boynuyoğun “kişi”nin fiziki zor tətbiq etməsini, onu döşəmə ilə sürüməsini, ağır psixoloji travmaya məruz qoymasını belə izah edib ki, biz məcburi icra orqanıyıq, məhkəmə nə qərar verdi icra etməliyik! Xeyr, elə deyil!”
Gununsesi.info xəbər verir ki, bunu sabiq millət vəkili Gültəkin Hacıbəyli öz “Facebook” səhifəsində yazıb.
O, qeyd edib ki, istər beynəlxalq, istərsə də milli qanunvericiliyə görə həm məhkəmə qərarlarının qəbulu, həm də icrası zamanı UŞAĞIN HÜQUQLARI VƏ MƏNAFEYİ əsas götürülməlidir!
Onun yazdığına görə, 10 yaşlı, hətta fikrini ifadə etmək qabiliyyətinə malik olan daha az yaşlı uşaq bir, uzağı iki dəfə öz iradəsini açıq şəkildə ifadə edərək ata adlandırılan o bioliji məxluqatdan imtina edirsə, onunla görüşmək istəmirsə heç bir icra qurumu onun iradəsini zorlaya bilməz!
“Ona psixoloji təzyiq göstərə bilməz! Qanunun birbaşa göstərişi budur! Qanun bunu tələb edir! Uşağa qaşı Quba rayon məhkəməsinin icraçıları tərəfindən fiziki zorakılıq tətbiq edilməsi isə birbaşa cinayətdir və bu cinayəti törədənlər cinayət məsuliyyətinə cəlb olunmalıdırlar! Nuray 9 aylıq olarkən bioloji atası onun anasının xərçəng xəstəsi olduğu bilir və dərhal da Nurayla anasını öz evindən qovub başqası ilə evlənəcəyini bildirir.
O zamandan Nuraya da, ölənədək xəstə anasına da xalası Mehriban xanım baxıb. Nuray 10 ildir xalasına “ana”, onun həyat yoldaşına “ata” deyir. Nurayı onlardan alıb “atası” adlanan bioloji nüsxəyə verən məhkəmə hakimlərinə bu hakimiyyətin heç bir cəza verməyəcəyinə əminəm, ona görə də cəzalarını Allahdan istəyirəm. İnşallah, başlarına gələr!”-deyə, G. Hacıbəyli daha sonra yazıb.
Gununsesi.info