Hesab edirəm ki, dövlət, aidiyyəti qurumlar musiqiçilərin adına etdiyi tədbirlərə birmənalı olaraq son verməlidir.
Məsələn, bir qarmon çalan, bir nağaraçı adına niyə yüksək səviyyədə tədbir təşkil olunsun ki?
Ümumiyyətlə, onlarla, yüzlərlə insan niyə bir manısın işığının başına yığışmalıdır?
Doğrudan da qəribədir. Məsələn, bir də görürsən, hansısa zurna çalanın 80 illik yubileyidir. Tez bir dəstə adam da öz zurnasını götürüb gəlir ora, başlayırlar dütdülü ha dütdülü, dütdülü ha dütdülü.
Hə, indi nə olsun? Nə edib ki, zurna ilə? Uzağı qara zurnada ruhani döndərməsi ifa edib də. Buna görə dövlət səviyyəsində tədbir təşkil etmək lazımdır?
Mənzərə, təximən belədir:
Filankəs 60 ildir eyni qavalı işlədib. Təcili konfrans! Arxasınca “Qavalın milli inkişafda rolu” mövzusunda elmi-praktik seminar. Sonra da simfonik orkestr qaval səslərini interpretasiya edir.
Qorxuram, sabah-biri gün “İlk dəfə toyda üç saat fasiləsiz “Vağzalı” çalmış ustadın 50 illik sənət yolu” adlı beynəlxalq forum da görə bilərik.
Panel müzakirələri də belə olacaq:
“Qohumlar oynayanda ritmi necə itirməməli?”, “Mikrofon qəfil tutulanda improvizasiya üsulları”, “Şabaş verilən anda psixoloji dayanıqlıq”.
Sonda hələ yekun bəyanat da qəbul ediləcək: “Dütdülü milli sərvətdir”.
Təsəvvür edin, bir manısın bu cür tədbiridir və aparıcı deyir:
“İndi isə səhnəyə ömrünün 47 ilini eyni havanı müxtəlif tonallıqlarda ifa etməyə həsr etmiş sənətkar dəvət olunur!”
Zal ayaq üstə alqışlayacaq. Elə alqışlayacaq ki, elə bil Nobel mükafatını qarmonun içindən çıxarıblar.
Ardınca professor çıxış edəcək:
“Əgər filankəs olmasaydı, Azərbaycan musiqisi tamam başqa istiqamətə gedərd”.
Heç kim də soruşmayacaq ki, ay qardaş, məsələn, hara gedərdi?
Sonra hamı eyni fikri müxtəlif cümlələrlə təkrar edəcək.
“Çox böyük sənətkardır”, “Əvəzsiz insandır”, “Məktəbdir”, “Akademiyadır”, “Kainatdır.”
Bir az da uzansa, kimsə deyəcək:
“Qalaktik miqyaslı zurna hadisəsidir”
Arada bir nəfər mikrofonu götürüb kövrələcək:
“Mən onu ilk dəfə 1989-cu ildə bir sünnət toyunda dinləmişəm…”
Zal ağlayacaq.
Arxa fonda isə projektorda eyni şəkil 147 dəfə dəyişəcək. Birində zurna əlindədir. O birində də zurna əlindədir. Üçüncüdə də. Dördüncüdə. Sadəcə zurnanı bir əlindən o biri əlinə keçirib. Beləcə, ömür bir zurna səsinin sədaları altında bitəcək.
Orxan Saffari












