Heç bir ölkə Dağlıq Qarabağdakı de-fakto rejimi tanımır - UORLİK

  • By admin
  • 08 Noyabr 2016 11:53

uorlik

“ABŞ, o cümlədən Ermənistan da daxil olmaqla, dünyada heç bir ölkə Dağlıq Qarabağdakı de-fakto rejimi tanımır”.

Gununsesi.info-nun məlumatına görə, bunu APA-ya ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik Dağlıq Qarabağdakı qondarma rejimin “Konstitusiya”ya dəyişikliklər etməsinə, separatçı rejimin adını “Arsax Respublikası”na dəyişmək niyyətinə münasibət bildirərkən deyib.

“Ərazi bütövlüyü, öz müqəddəratını təyin etmə və güc tətbiq etməməyi özündə əks etdirən Helsinki prinsipləri əsasında bütün tərəflər üçün danışıqlar yolu ilə həllə nail olmaq istiqamətində işləmək çox vacibdir” – deyə, diplomat bildirib.

Qeyd edək ki, Dağlıq Qarabağdakı qondarma rejim “Konstitusiya”larını dəyişmək barədə qərar qəbul edib. Onlar bununla bağlı ictimai müzakirələri noyabrın 20-də bitirmək niyyətindədirlər.

Daha sonra Bako Saakyan yeni “Konstitusiya layihəsini təsdiq edəcək. Yeni layihədə rejimin adının “Arsax Respublikasına” dəyişdirilməsi də nəzərdə tutulur.

Gununsesi.info