Heç küsməyin yeridirmi? - LƏMAN ƏLƏŞRƏFQIZI YAZIR

  • By admin
  • 05 Mart 2018 16:18

Bəstəkar Tahir Əkbərin ən populyar mahnılarındandır bu mahnı. “Heç küsməyin yeridirmi mahnısını deyirəm.

Zamanında ən gözəl ifaçısı Nəzakət Məmmədova olub, sonra Məmmədbağır Bağırzadə, sonra…sonrası nə yadındadır, nə marağımda. Bu iki sənətkarın ifasında bəyənmişəm o mahnını, ikisi də dünyadan köçüb. İndi mahnının bəstəkarı da köçdü. Amma mahnı bizə qaldı, bu millətin musiqi yaddaşına yazıldı. Əminəm ki, hələ uzun illər oxunacaq, sevənləri onu oxuyanlara da, bu mahnını bəstələyənə də Allahdan rəhmət diləyəcək. Əslində insan övladının bu həyatda özünü dağa-daşa, oda-közə vurması da bircə rəhmətə görə deyilmi? Kim dünyanı belinə alıb aparır? Məncə, Tahir Əkbər də rəhmət qazanan kişidir. Üzərinə düşən missiyanı bacardığı qədər yerinə yetirdi. Harama bulaşmadı. Adam öldürmədi. Oğurluq etmədi. Musiqi bəstələmək kimi incə, zövqverici işlə məşğul oldu, mahnılarını bizə, ömrünü balalarına bağışlayıb getdi.

Şəxsən məndən soruşsalar ki, Tahir Əkbər harda dəfn olunub? Və yaxud Nəzakət Məmmədovanın qəbri hardadır? Deyərəm ki, ürəklərdə. O ürəklərdə ki, həmişə bu kəlmələri zümzümə edir.

Heç küsməyin yeridirmi?


**
Əziz oxucu.

Məsələnin mahiyyətindən xəbərdarsan. Yenə də nəsə qaranlıq qalıbsa başdan ərz edə bilərəm. Deməli, üç gün qabaq bəstəkar Tahir Əkbər uzun sürən xəstəlikdən sonra vəfat elədi. O gündə vəfat elədi ki, Bakıda Narkoloji Mərkəzdə yanğın baş vermiş, 25-dən çox adam diri-diri yanıb kül olmuşdu. Tahir Əkbər bu yanğının tüstüsündə demək olar ki, görünməz oldu. Bütün nəzər-diqqətlər hadisə rayonuna –Xətaiyə, Zığa dikildi. Mədəniyyət və Turizm Nazirliyi də bu qarmaqarışıqlıqda bəstəkarı aparıb tələm-tələsik zığda basdırdı. Qəsəbə Zığda yox , Sədərəkdəki palçıq –zığda, qohumlarının təbirincə desək, zibillikdə, qamışlıqda. Bəstəkarın həyat yoldaşı da ertəsi gün gedib ərini gordan çıxardı. Yəqin ki, onu burda basdıranların dədə-babasını da. Gətirib kişini Yasamal qəbristanlığında atasının qəbrində dəfn elədilər. Bəlkə də qadın haqlıdır. O Tahir Əkbərə daha yüksək səviyyədə diqqət gözləyirdi. Onun aləmində Tahir Əkbər şəhərin ən yaxşı qəbristanlığında dəfn olunmalıydı. Bəlkə də elə ikinci Fəxri Xiyabanda. Ona görə də etirazını bu şəkildə bildirdi. Eləsin, hər kəsin etiraz etmək kimi hüququ var. Amma məncə haqsız etirazdır. Öləndən sonra kimin harda dəfn olunmağının nə mənası? Torpaq hər yerdə torpaqdı və buna görə

Heç küsməyin yeridirmi?
**
Küskünlük Tahir Əkbərin öz xarakterində də vardı. 2017-ci ilin aprelin 20-də “ Salam, mən Tahir Əkbərəm” deyə mənə bir mesaj yazıb. Mesajı hələ də Messenjerimdə qalır. O vaxt mən bir yazı yazmışdım. Bakı Lift İdarəsinin direktoru Qüdrət Şükürovun qıznın toyuna 400 min dollar xərcləməsindən bəhs edən bir yazıydı. Bəstəkarın dərdi açılmışdı. Yazırdı ki, onun kimi adlı-sanlı adam Dillər Universitetində oxuyan qızının təhsil haqqını verə bilmir. Sonra da müxtəlif imkanlı adamlara-hansılara ki, sifarişlə mahnı bəstələmişdi- o adamların onun haqqına girdiyini, pulunu vermədiklərini, onu aldatdıqlarını yazmışdı mənə. Və əlbəttə ki, “ qızımsan, oxuyan kimi sil” xəbərdarlığını da.

Deyirdi ki, qoy qızım təhsilini başa vursun, çıxıb gedəcəm Türkiyəyə. Onu dinləmiş, ürək-dirək vermiş, yaradıcılığında uğurlar arzulamışdım. Amma dilim gəlməmişdi deyim ki, Tahir müəllim, Azərbaycanın sənət adamları nə vaxtdan belə ələbaxım oldular? Niyə ürəyinin sifarişi ilə yox, varlı, imkanlı birinin sifarişi ilə mahnı bəstələməyi seçdilər? Onlar niyə həqiqəti söyləməkdən qorxur, haqlarını tələb etməkdən çəkinirlər? Suallarım çox idi əslində, amma diriykən vermədiyim sualları indi ölüykən ona necə ünvanlıyım və deyim.

Heç küsməyin yeridirmi?

Ləman Ələşrəfqızı

Əməkdar jurnalist

Gununsesi.info